Bu gün Böyük Britaniyada ənənəvi “Vindzor Kral Atçılıq Şousu - 2026” keçirilir. Hər il Vindzor qəsri ətrafında təşkil olunan tədbir dünyanın ən nüfuzlu atçılıq festivallarından hesab edilir. Burada kral ailəsinin üzvləri, peşəkar jokeylər, at yetişdiriciləri və minlərlə tamaşaçı bir araya gəlir.
Modern.az Vindzor sarayına qədər gedən Qarabağ atının kraliçaya hansı səbəblə göndərildiyini araşdırıb.
İndi bu tədbir Britaniya aristokratiyasının simvollarından biri sayılsa da, onun əsası 1943-cü ildə qoyulub. İkinci Dünya müharibəsinin ən ağır dönəmində keçirilən ilk şounun məqsədi ordu üçün vəsait toplamaq idi. Həmin yarışdan əldə edilən gəlirlə Britaniya hərbi aviasiyası üçün döyüş təyyarələri alınmışdı. Sonrakı illərdə isə tədbir Britaniya monarxiyasının ənənəsinə çevrildi.

Bu ənənənin ən böyük simalarından biri də II Elizabet idi.
Kraliça II Elizabet uşaqlıqdan atlarla böyümüşdü. İlk ponisini 4 yaşında almışdı. O ənənəvi olaraq yeni seilən Baş nazirlərlə at fermasını gəzir, onlara atlarını göstərirdi. Kraliça yarış atlarının qan xətti, xarakteri, dözümlülüyü barədə peşəkar yetişdiricilər səviyyəsində məlumatlı idi.
SSRİ Qarabağ atın kraliçaya göndərməklə bu sahədə də onlardan üstün olduqlarını vurğulamağa çalışdı:
1956-cı ildə Böyük Britaniya kraliçası II Elizabetə təqdim edilən “Zaman” adlı Qarabağ atı soyuq müharibənin davam etdiyi müddətdə xüsusi diplomatik hədiyyə idi. Eyni zamanda bu at həm də SSRİ-nin malik olduğu mədəni və tarixi irsin nümayişi kimi qiymətləndirilirdi. Həmin dövrdə beynəlxalq münasibətlərdə simvolik jestlər xüsusi əhəmiyyət daşıyırdı və dövlətlər özlərini təkcə siyasi güclə deyil, mədəni elementlərlə də təqdim etməyə çalışırdılar.
SSRİ-nin kraliçaya məhz Qarabağ atı hədiyyə etməsi siyasi və ideoloji mesaj da daşıyırdı. Həmin dövrdə Qərb dünyasında Britaniya atçılıq ənənələri xüsusi nüfuza malik idi və kral ailəsi bu sahənin əsas simvollarından sayılırdı. Moskva isə Qarabağ atını təqdim etməklə təkcə ekzotik və nadir cinsi nümayiş etdirmir, eyni zamanda SSRİ məkanında yetişdirilən atların keyfiyyət baxımından Qərb atçılıq məktəbindən geri qalmadığını göstərməyə çalışırdı. Bu, müəyyən mənada, Soyuq müharibənin mədəni və simvolik rəqabət elementlərindən biri hesab olunur.

Soyuq müharibə illərində SSRİ ilə Qərb arasında ciddi geosiyasi rəqabət mövcud olsa da, liderlərin qarşılıqlı səfərləri zamanı verilən hədiyyələr siyasi mesaj xarakteri daşıyırdı. SSRİ rəhbəri Nikita Xruşşovun II Elizabetə Qarabağ atı bağışlaması da bu kontekstdə diqqət çəkən hadisələrdən biri hesab olunur.
Xuruşovun bu xüsusi hədiyyəsi üçün Qarabağ atının seçilməsi təsadüfi deyildi. Çünki həmin dövrdə SSRİ məkanında yetişdirilən at cinsləri arasında Qarabağ atı ən qədim və nüfuzlu cinslərdən biri sayılırdı. Tarixən Qarabağ xanlarının ilxılarında yetişdirilən bu atlar sürəti, dözümlülüyü və xarici görnüşü ilə fərqlənirdi. Xüsusilə qızılı çalara malik tükləri Qarabağ atlarını digər cinslərdən ayıran əsas xüsusiyyətlərdən biri idi.
“Zaman” isə bu cinsin seçilən nümayəndələrindən biri olmuşdu.

Ağdamdan Vindzora
“Zaman” Ağdam atçılıq zavodunda yetişdirilmişdi. Sovet dövründə bu müəssisə Qarabağ atçılığının əsas mərkəzlərindən biri hesab olunurdu və burada cinsin qorunması üçün sistemli seleksiya işi aparılırdı. Mütəxəssislər Qarabağ atlarının genetik xüsusiyyətlərini saxlamaq, onların dözümlülüyünü və xarici görnüşünü qorumaq üçün xüsusi proqramlar həyata keçirirdilər.
Qarabağ atlarını digər cinslərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların xarici görünüşü idi. Bu atlar zərif bədən quruluşuna malik olsalar da, yüksək dözümlülük və çeviklik nümayiş etdirirdilər. Ən diqqətçəkən cəhət isə tüklərinin günəş işığında qızılı çalara bürünməsi idi. Xarici atçılıq mütəxəssisləri bu effekti “golden shine” kimi təsvir edirdilər.
“Zaman” da məhz bu keyfiyyətlərinə görə seçilən ayğırlardan biri sayılırdı. Onun Böyük Britaniya kral sarayına təqdim edilməsində əsas məqsədlərdən biri Qarabağ atlarının fərqli xüsusiyyətlərini nümayiş etdirmək idi.
Britaniya atçılıq dairələrində “Zaman”ın görünüşü xüsusi maraq doğurmuşdu. Həmin dövrdə yayılan məlumatlarda qeyd edilirdi ki, Qarabağ ayğırı klassik Avropa yarış atlarından həm bədən quruluşuna, həm də davranış xüsusiyyətlərinə görə fərqlənirdi. Daha yığcam quruluşu, özünəməxsus baş forması və sakit temperamenti onu digər cinslərdən ayıran əsas xüsusiyyətlər kimi göstərilirdi.
II Elizabet xüsusilə nadir və fərqli at cinslərinə xüsusi maraq göstərirdi. Məhz bu səbəbdən Qarabağ atı “Zaman” qısa müddətdə kral ailəsinin diqqətini cəlb etmişdi.

Britaniya mediasında sonradan dərc olunan materiallarda bildirilirdi ki, kraliça Qarabağ atının tarixçəsi və mənşəyi ilə yaxından maraqlanıb. O, atın hansı bölgədən gətirildiyini, bu cinsin nə ilə fərqləndiyini xüsusi soruşub. Həmin atı şəxsi fermasında saxlatdırıb.
Tarixi mənbələrdə Qarabağ atlarının xüsusi status daşıdığı qeyd olunur. Qarabağ xanları dövründə bu atlar həm hərbi məqsədlər üçün istifadə edilir, həm də ən qiymətli hədiyyələrdən biri sayılırdı. Diplomatik münasibətlərdə və mühüm görüşlərdə Qarabağ atının təqdim edilməsi nüfuz göstəricisi hesab olunurdu.
XIX əsrdə regiona səfər etmiş rus hərbçiləri, səyyahlar və Avropa tədqiqatçıları da Qarabağ atları haqqında qeydlər aparıblar. Həmin mənbələrdə bu cinsin sürəti, dözümlülüyü və xarici görnüşü xüsusi vurğulanırdı. Bəzi müəlliflər Qarabağ atlarını Şərqin ən gözəl at cinslərindən biri kimi təsvir edir, onları ərəb atları ilə müqayisə edirdilər.

Lakin XX əsrdə baş verən müharibələr, siyasi dəyişikliklər və Qarabağ bölgəsindəki münaqişələr bu cinsin qorunmasına ciddi təsir göstərdi. Sovet dövründə Qarabağ atlarının əsas mərkəzi sayılan Ağdam atçılıq zavodu dağıdıldı, bir çox nadir nəsil xətti itirilməyə çalışıldı. Məhz bu səbəbdən “Zaman” həm də qorunub saxlanılan mədəni yaddaş elementi kimi qəbul olunur. Çünki həmin at Qarabağ atçılıq ənənəsinin dünya miqyasında tanınan nadir simvollarından birinə çevrilib.
1956-cı ildə II Elizabetə təqdim edilən “Zaman” uzun illər Qarabağ atlarının beynəlxalq səviyyədə tanınan əsas simvollarından biri kimi yadda qaldı. Aradan 66 il keçəndən sonra isə Qarabağ atı yenidən Vindzor sarayına qayıtdı. 2022-ci ildə İlham Əliyev tərəfindən II Elizabetə “Şöhrət” adlı Qarabağ atının hədiyyə olunması Qarabağın işğaldan azad edilməsindən sonra xüsusi simvolik məna daşıyırdı...