Təhsil sahəsində ekspert rəyləri jurnalistlərin hazırladığı materialların keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Mürəkkəb və çoxşaxəli mövzuların işıqlandırılmasında ekspertlərin bilik səviyyəsi, mövzuya yanaşması və suallara verdiyi cavabların dolğunluğu xüsusi əhəmiyyət daşıyır.
Bəs təhsildən yazan jurnalistlər ən çox müraciət etdikləri ekspertlərin hazırlığını necə qiymətləndirirlər? Onlar ekspertlərin peşəkarlığından, mövzuya hakimliyindən və mediaya münasibətindən nə dərəcədə razıdırlar?
Modern.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün AzEdu.az təhsildən yazan jurnalistlər arasında sorğu keçirib.
Onlar əməkdaşlıq etdikləri ekspertlər barədə fikirlərini bölüşərək həm müsbət məqamları, həm də mövcud çatışmazlıqları diqqətə çatdırıblar.
Modern.az-ın əməkdaşı Aytac Şirinzadə qeyd edib ki, təhsil ekspertlərinin əksəriyyətinin mediaya və jurnalistlərin suallarına adekvat şəkildə cavab verirlər:

"Hesab edirəm ki, onlar öz sahələrini yaxından izləyir və kifayət qədər təhsil gündəmindəki mövzulardan məlumatlı olurlar. Operativ geridönüşü, lakonik və əsaslı fikirləri ilə seçilən ekspertlər heç də az deyil.
Təcrübəmə əsasən deyə bilərəm ki, istər müzakirə olunan, istərsə də media nümayəndələri tərəfindən gündəmə gətirilən məsələlərlə bağlı ekspertlərin səsləndirdiyi fikirlər sonradan müəyyən mənada öz təsdiqini tapır. Bu baxımdan onların təqdim etdiyi məlumatlara etibar etmək olar.
Bundan əlavə, təhsil ekspertləri aktual problemlərlə bağlı kifayət qədər məlumatlıdırlar. Onlar, bəlkə də, öz sahələrinə ən yaxşı bələd olan ictimai şəxslər sırasındadırlar. Üstəlik, müxtəlif istiqamətlər üzrə ümumi məlumatlı olsalar da, konkret sahələr üzrə ixtisaslaşmaları onların mövzulara daha peşəkar yanaşmasına imkan yaradır.
Bu sahədən olan ekspertlərlə kommunikasiya baxımından ciddi problem yaşamamışam. Sadəcə, bəzi hallarda zənglərə, mesajlara gec geridönüş edilməsi və ya mövzunun müəyyən səbəblərdən bir qədər yubadılması kimi çətinliklərlə rastlaşmışam. Hazırda təhsil sahəsində ən aktiv dövrlərdən biri yaxınlaşdığı üçün gələcəkdə MİQ, sertifikasiya prosesi, qəbul imtahanları, ixtisas seçimi və qəbul proqnozları ilə bağlı daha çox ekspert rəyi görmək istərdim.
Ümumilikdə, jurnalistlərlə təhsil ekspertləri arasında əməkdaşlığın qənaətbəxş səviyyədə olduğunu düşünürəm. Müşahidələrim və həmkarlarımla ünsiyyət əsasında deyə bilərəm ki, bu sahədə ciddi kommunikasiya və ya əməkdaşlıq problemi müşahidə olunmur”.
Sfera.az-ın əməkdaşı Firuzə Əliyevanın sözlərinə görə, ümumilikdə, təhsil ekspertlərinin hazırlıq səviyyəsi qənaətbəxşdir:

“Son dövrlərdə mediada daha aktiv görünən ekspertlər gündəmdə olan məsələləri yaxından izləyir, operativ şəkildə münasibət bildirirlər. Xüsusilə təhsil sahəsində baş verən yeniliklər, qəbul prosesləri, məktəblərdəki problemlər və islahatlarla bağlı müzakirələrdə onların iştirakı hiss olunur. Bir çox ekspertlər yalnız media sorğularını cavablandırmaqla kifayətlənmir, eyni zamanda sosial şəbəkələrdə də mövqelərini paylaşaraq ictimai müzakirələrə töhfə verirlər.
Əksər hallarda təqdim olunan məlumatlar etibarlı və əsaslandırılmış olur. Bununla belə, jurnalist olaraq məlumatların rəsmi mənbələr və sənədlərlə dəqiqləşdirilməsi vacibdir. Bəli, əksər ekspertlər aktual məsələləri izləyir və onlarla bağlı fikir bildirmək imkanına malikdirlər. Lakin bəzi ixtisaslaşmış sahələr üzrə daha çox ekspertə ehtiyac duyulur”.
Bəzən operativlik baxımından çətinliklər yaşanır:
“Xəbər gündəmi sürətli olduğu üçün ekspertlərin vaxtında cavab verməsi jurnalistlər üçün mühüm əhəmiyyət daşıyır. Təhsil texnologiyaları, süni intellektin təhsildə tətbiqi, inklüziv təhsil, peşə təhsili və təhsil iqtisadiyyatı kimi istiqamətlərdə ekspert çatışmazlığı hiss olunur.
Ümumilikdə təhsillə bağlı rəy verən ekspertlərin səviyyəsini müsbət qiymətləndirirəm. Lakin bəzi hallarda fikirlərin daha dolğun və oxucu üçün anlaşıqlı formada təqdim olunmasına ehtiyac yaranır. Təhsilin gələcəyi, rəqəmsallaşma, süni intellekt, müəllim hazırlığı, peşə təhsilinin inkişafı və beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı daha çox ekspert rəyi maraqlı olardı.
Hesab edirəm ki, bu istiqamətdə institusional yanaşma daha da gücləndirilə bilər. Məsələn, təhsil sahəsi üzrə ekspertlərin bir araya toplandığı xüsusi platforma və ya ekspert mərkəzi yaradılsa, həm jurnalistlərin etibarlı mənbələrə çıxışı asanlaşar, həm də ekspertlərin fəaliyyətinin daha sistemli şəkildə təşkilinə şərait yaranar. Belə təşəbbüslərin dəstəklənməsi ekspertlərin media ilə əməkdaşlığa marağını və motivasiyasını daha da artıra bilər”.
Bakıvaxtı.az-ın əməkdaşı Zeynəb Rzayeva söyləyib ki, rəsmi statistika, qanunvericilik və qaydalar (məsələn, imtahan formatları, sertifikasiya prinsipləri) məsələsində ekspertlərin verdiyi məlumatlar əksər hallarda etibarlı olur:
“Lakin bəzən subyektiv yanaşmalar, şəxsi rəylər mövcud vəziyyətlə ziddiyyət təşkil edə bilir. Jurnalist olaraq biz mütləq ekspert rəyini rəsmi qurumların mövqeyi ilə çarpaz yoxlamalı oluruq.
Fikrimcə, bəli, xüsusən dərsliklərin keyfiyyəti, müəllimlərin hazırlıq səviyyəsi, məktəblərdəki neqativ hallar və repetitorluq kimi hər zaman gündəmdə olan mövzularda ekspertlər kifayət qədər məlumatlı olub nəbzi tuta bilirlər.
Əsas çətinlik zaman və operativlik amili ilə bağlıdır. İnternet mediası sürət tələb edir, xəbər isti-isti işlənməlidir. Bəzi ekspertlər zənglərə və ya yazılı sorğulara çox gec cavab verirlər. Digər bir çətinlik isə şifahi nitqin dağınıqlığıdır. Bəzən ekspertlərdən gələn səsyazmalarını yazıya köçürərkən ciddi ədəbi redaktə etmək, fikri toparlamaq məcburiyyətində qalırıq.
Bizdə ümumi təhsil üzrə danışan ekspert çoxdur, lakin ali təhsil, beynəlxalq reytinqlər, peşə təhsili, inklüziv təhsil və s. istiqamətlərində müəyyən qədər ekspert qıtlığı olduğunu düşünürəm. Bu mövzularda dərin analitik rəy verə biləcək mütəxəssis tapmaqda çətinlik çəkirik.
Müəyyən bir qrup var ki, onlar jurnalistin nə istədiyini - operativliyin vacibliyini, xəbərin başlıq və vurucu sitat məntiqi ilə qurulmalı olduğunu çox yaxşı bilirlər. Onlarla işləmək çeviklik baxımından rahatdır”.
Ümumilikdə təhsil sahəsi üzrə mediaya açıq olan ekspertlərin hazırlıq səviyyəsini yüksək və qənaətbəxş qiymətləndirirəm:
“Sevindirici haldır ki, bu gün müraciət etdiyimiz mütəxəssislər ümumi və şablon cümlələrlə kifayətlənmirlər.
Onların abituriyent hazırlığından tutmuş ali təhsil islahatlarına, dərsliklərin metodologiyasından beynəlxalq reytinqlərə qədər ən aktual mövzularda verdiyi rəylər sırf praktiki təcrübəyə və real rəqəmlərə əsaslanır. Bu cür peşəkar və çoxşaxəli yanaşma materiallarımızın analitik çəkisini artırır, həm valideynlər, həm də təhsil ictimaiyyəti üçün konkret və etibarlı bələdçi rolunu oynayır.
Bəli, ümumilikdə əməkdaşlığı müsbət qiymətləndirirəm. Təhsil ekspertləri mediaya ən açıq olan və cəmiyyəti maraqlandıran suallardan qaçmayan qruplardan biridir. Onlar medianın ictimai nəzarət funksiyasını yerinə yetirməsinə böyük dəstək verirlər. Bu əməkdaşlığın gələcəkdə daha operativ və ixtisaslaşmış kadrlar hesabına daha da inkişaf edəcəyinə inanıram.
Düşünürəm ki, bizə sadəcə "nəyin səhv olduğunu" deyən yox, konkret həll yolları və yol xəritəsi təklif edən ekspert rəyləri lazımdır”.
Globalinfo.az-ın müxbiri Safura Bənnayeva bildirib ki, təhsil sahəsində əməkdaşlıq etdiyi bir neçə ekspertin ümumi hazırlıq səviyyəsini yüksək qiymətləndirir:

“Verdiyimiz sualları maksimum səviyyədə həm əhatəli, həm də anlaşılan formada cavablandırırlar. Düşünürəm ki, ölkədə təhsil sistemində baş verən yenilikləri yaxından izlədikləri üçün analiz qabiliyyətləri yüksəkdir və irəli sürdükləri arqumentlər, müqayisələr dəqiq və etibarlı fikirlər səsləndirdiklərindən xəbər verir.
Çətinlik yaşadığımız olmur. Bəzən müəyyən ixtisaslaşmış eskpertlər var ki, açıqlama verməkdən imtina etsələr də, kimlərlə əlaqə saxlamalı olduğumuz barədə istiqamətləndirirlər”.
"Ali məktəblər üzrə mütəxəssislərə daha çox ehtiyac olduğunu düşünürəm"
“Bir çox hallarda orta məktəblərlə bağlı daha dolğun açıqlamalar aldığımız halda ali məktəblərdə səthi yanaşmanın şahidi oluruq. Ekspertlərin müəyyən qismi mediaya açıqdır, sualları mümkün səviyyədə tez bir zamanda cavablandırmağa çalışırlar. O baxımdan yüksək qiymətləndirirəm.
Ali məktəblərdə mövcud problemlər və onların həlli istiqamətində, eləcə də xarici ölkələrdə uğurla tətbiq olunan müsbət təcrübələrin ölkə universitetlərində tətbiqi ilə bağlı fikir və təkliflər irəli sürülə, müxtəlif layihələr hazırlanaraq həyata keçirilə bilər. Lakin belə təşəbbüslər universitetlər arasında fərq qoyulmadan, hamısına bərabər şəkildə tətbiq edilməlidir.
Mən əməkdaşlıq etdiyim ekspertlərdən çox razıyam".
Trend İnformasiya Agentliyinin müxbiri Fəridə Məmmədova qeyd edib ki, müraciət etdiyi təhsil ekspertlərinin sahə ilə bağlı ümumi hazırlıq səviyyəsi qaneedicidir:

“Təbii ki, bu sahəyə yeni başlayanda mən də axtarış aparmalı olmuşam. “Təhsil mövzusunda kimi danışdırım?” sualını mən də vermişəm. Düzünü desəm, ətrafdan tövsiyə olunan şəxslər arasında elələri olub ki, konkret mövzu və ya sual barədə kifayət qədər məlumatlı olmadıqlarını görmüşəm. Buna görə də uzun axtarışlardan sonra artıq özüm üçün müəyyən bir ekspert siyahısı formalaşdırdım. Artıq hansı mövzuda, hansı ekspertə müraciət etməli olduğumu bilirəm.
Ümumiyyətlə, ölkədə ən operativ və əlçatan mütəxəssislərdən biri məhz təhsil ekspertləridir. Hansı mövzuda müraciət etsək, həvəslə məlumat verir, izah edirlər.
Təhsil eksperti olmasalar da, iki nəfərin adını xüsusi qeyd etmək istərdim: DİM-in Mətbuat Xidmətindən Xanlar bəy və MÜTDA-nın Mətbuat Xidmətindən Azər bəy. Bəzən onlara təhsil ekspertlərindən daha çox müraciət edirəm. Mənə qaranlıq qalan və ya tam aydın olmayan məsələlərlə bağlı rahatlıqla əlaqə saxlayıb ətraflı məlumat ala bilirəm. Çünki əminəm ki, onlar öz sahələrinin peşəkarlarıdır və mənə sadəcə formal cavab vermirlər. Əksinə, hər bir məsələni səbrlə, diqqətlə və ətraflı şəkildə izah edirlər. Bu da onların peşəkarlığının və işlərinə məsuliyyətlə yanaşmalarının göstəricisidir.
Ekspertlərin verdiyi məlumatları, düzünü desəm, bəzən xəbər axınının və redaksiya işinin gərginliyi səbəbindən ayrıca dəqiqləşdirmək imkanım olmur. Əgər mövzu mənə tanış deyilsə, yenidən müraciət edib əlavə izah ala bilirəm. Lakin ümumilikdə məsuliyyət ekspertin üzərində olur, çünki materialda istinad mənbəyi odur. Buna görə də xüsusi narahatlıq keçirmirəm. İndiyədək də elə bir halla qarşılaşmamışam ki, ekspertin dediyi məlumat sonradan yanlış çıxsın.
Təbii ki, işlədiyin mövzunu, verdiyin sualları və qaldırdığın məsələləri bildiyin üçün aldığın cavabları da müəyyən qədər qiymətləndirə bilirsən. Bununla belə, dəfələrlə olub ki, verilən cavab məni qane etməyib. Ad çəkmək istəmirəm, amma həmin materialları yayımlamamışam və sonradan həmin şəxslərə bir daha müraciət etməmişəm. Məncə, peşəkar ekspertlər media üçün vacib və etibarlı mənbələrdir. Burada söhbət özünü hər mövzuda ekspert kimi təqdim edən, diqqət çəkmək və ya "müştəri yığmaq" naminə hər sahədə danışan, şouya meyilli şəxslərdən getmir.
Kommunikasiya baxımından heç vaxt ciddi çətinlik yaşamamışam. İnternet dövründə istənilən şəxsi tapmaq mümkündür".
Təhsil sahəsində xüsusilə inklüziv təhsil, peşə təhsili və təhsilin rəqəmsallaşdırılması istiqamətlərində dünya təcrübəsini yaxşı bilən ekspertlərə ehtiyac var:
"Eyni zamanda, həmin təcrübəni Azərbaycan cəmiyyətinin reallıqlarına uyğun şəkildə təhlil edib praktik həllər təklif edə bilən mütəxəssislərin sayı artmalıdır. Bundan başqa, xaricdə təhsil sahəsində peşəkar və etibarlı ekspertlərə böyük ehtiyac olduğunu düşünürəm. Çünki bu gün də “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi şirkətlərin vədlərinə inanaraq müxtəlif problemlərlə üzləşən insanlar var. Bu hallar hər zaman ictimailəşdirilməsə də, kifayət qədər geniş yayılıb. Xaricdə təhsil, əmək bazarı, diplomların tanınması və Azərbaycan reallıqları kimi mövzuları vətəndaşlara sadə və anlaşıqlı dildə izah edə bilən mütəxəssislərin fəaliyyəti çox vacibdir.
Qeyd etdiyim kimi, hazırda işlədiyim ekspertlər artıq müəyyən mənada “süzgəcdən keçmiş” şəxslərdir. Ona görə də onlar haqqında ancaq müsbət fikirlərim var. Media ilə operativ işləyirlər, dəstək göstərirlər, hətta bəzən jurnalisti yeni istiqamətlərə yönləndirlər. Mövzuya fərqli prizmadan yanaşaraq daha aktual və maraqlı məqamların ortaya çıxmasına kömək edirlər.
Ekspertlərin media ilə işləmə bacarıqlarını ümumilikdə yüksək qiymətləndirirəm. Gələcəkdə isə xüsusilə inklüziv təhsil, dünya təcrübəsinin Azərbaycana adaptasiyası və xaricdə təhsil mövzularında daha çox ekspert rəyləri və peşəkar təhlillər görmək istərdim”.
Bizim.media.az-ın müxbiri Günay Şahmarın sözlərinə görə, istər təhsil, istərsə də digər sahələr üzrə jurnalist araşdırmasında davamlı olaraq o sahəni araşdıran, problemlərini bilən şəxslərin fikirlərinə ehtiyac yaranır:

“Yəni ekspert rəyinə ehtiyac bu zərurətdən doğub. Jurnalistikanın bütün janrları ekspert fikri üçün açıq deyil. Araşdırma zamanı da ekspert mövzuya bələd olmayanda fayda vermir, bələd olduqda isə araşdırma daha zəngin olur və daha çox detal ortaya çıxır.
Təhsil ekspertlərinin də jurnalistlərə bu cür köməyi az olmur. Ad çəkməyəcəm, ümumilikdə bu sahənin ekspertləri əlçatandrılar.
Bilmirəm, mənə elə gəlir, yoxsa başqa jurnalistlər də bu fikirdədirlər. Son ildə sanki təhsil ekspertlərinin sayı azalıb. Amma düşünürəm ki, sadəcə danışmaq və görünmək, media vasitəsilə məşhurlaşmaq xətrinə yox, həqiqətən də bir sahəni araşdırıb, o sahəyə bələd olan insanların, ekspertlərin doğru, düzgün, obyektiv fikirlərinə ehtiyac var”.
Redaktor.az-ın müxbiri Aytəkin Əliyeva qeyd edib ki, media ilə ən yaxşı kommunikasiyaya sahib olanlar içərisində təhsil ekspertləri ilk sıralarda gəlir:

"Qarşılaşdığımız aktual təhsil məsələləri ilə bağlı, demək olar ki, ekspertlərin bir çoxu məlumatlı olur. Bir çox hallarda ekspertlər məsələyə öz təhlillərinə əsasən yanaşırlar. Bu zaman isə, təbii ki, fikir ayrılıqları da olur. Ancaq hər ekspert məsələ ilə bağlı səsləndirdiyi fikri və ya təklifi əsaslandırır.
Fikrimcə, hazırda təhsil sahəsində süni intellekt məsələsi aktualdır və hələ ki, bu sahədə hər kəs yetərincə dərin təhlillər edə bilmir. Zaman keçdikcə bu təhlillər daha da dərin, başadüşülən və düzgün olacaq. Ekspertlərin media ilə işləmə bacarığını yüksək qiymətləndirirəm. Eyni zamanda jurnalistlərlə ekspertlərin əməkdaşlığı gözə çarpacaq qədər yaxşıdır. Ümid edirəm ki, bu hər zaman belə olar".