1958-ci ildə SSRİ-də növbəti antialkoqol kampaniyası başlananda 53 min nəfər bu tədbirin güdazına gedərək, 6 aydan 2 ilədək azadlıqdan məhrum olub. Bir neçə ildən sonra isə cəza tədbirləri daha da sərtləşdirilərək, üç ilə qədər azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Modern.az saytının bu yazısında o dövrdəki sözügedən qadağadan bəhs edilir.
Sov.İKP MK-nın birinci katibi Nikita Xruşov bu kampaniyada təkcə alkoqoldan istifadə edənlərə qarşı deyil, həm də fərdi şəkildə spirtli işkilər (samaqon) hazırlayanlara qarşı da ciddi tədbirlərin həyata keçirilməsi ilə bağlı rəsmi göstərişlər verib. Ancaq bütün bunlar, sərt cəzalar, ittifaq miqyaslı tədbirlər əhalinin spirtli içkiyə olan meylinin qarşısını ala bilməyib.
Həmin dövrdə maraqlı məqam o idi ki, bu kampaniyanın təşəbbüskarı olan Nikita Xruşov özü də Kreml divarları arasında müxtəlif çeşidli spirtli içkilərlə bəzədilmiş süfrələrdə saatlarla vaxt keçirməkdən imtina etməyib. Nikita Xruşov təkcə Kremldə deyil, istənilən məkanda, istənilən adamla, hətta SSRİ-yə təşrif buyurmuş xarici ölkələrin siyasi liderləri ilə qədəh toqquşdurmaqdan çəkinməyib.
Xruşovun içkiyə meylli olması ilə bağlı lətifələrdən tutmuş həqiqətlərə qədər bir çox versiyalar mövcuddur. SSRİ Nazirlər Sovetinin keşmiş işlər idarəsinin müdiri öz xatirələrində bu haqda maraqlı məqamlara toxunub:
“Mən 1930-cu ildən Kremldə işə başlamışam. Bir çox hadisələrin canlı şahidiyəm. Xruşovun SSRİ-yə rəhbərliyi dövründə içki içmək ən adi hala çevrilmişdi. Özü də möhkəm içirdi. Ancaq çalışırdı ki, sərxoş olduğunu hiss etməsinlər. Hətta bir dəfə Bulqaninlə adama bir şüşə konyak içdikdən sonra üstündən bir-iki qədəh də araq vurub hər ikisi iclasda rəyasət heyətində əyləşmişdilər”.
Xruşovun şəxsi fotoqrafı, həm də dostu Pyotr Krimerman da SSRİ rəhbərinin içkidən heç vaxt imtina etməməyindən, əksinə həmişə təşəbbüs göstərməyindən danışıb:
“Nikita Sergeyeviç içki məclislərini sevirdi və belə məclislərin qurulmasının tez-tez təşəbbüskarı olurdu. Mən çox-çox sonralar bu məclislərdə bir məsələnin şahidi oldum. Süfrə arxasına yığışanda Xruşova ayrıca qədəh gətirirdilər. O həmişə bu qədəhdən içirdi. Onu Xruşova almanlar hədiyyə etmişdilər. Bu qədəhin sirri onda idi ki, onun dibi təxminən qədəhin ortasına çatırdı. Yəni kənardan 100 qram tutumu ilə görünən qədəh əslində 50 qram tuturdu. Xruşov qədəhləri ağzına kimi süzməyi xoşlayırdı və hamıya axıra kimi içməyi məsləhət görürdü. Beləliklə hər növbəti tostdan sonra Xruşov 50 qram, qarşısındakı isə 100 qram içirdi”.
Nikita Xruşovun hansı şəraitdə, kiminlə və necə içməyi tarixin yaddaşına düşərək bu gün də maraqla qarşılanır.

Kuba lideri Fidel Kastro, Nikita Xruşov və SSRİ müdafiə naziri marşal Rodion Malinovski 1963-cü ildə Gürcüstanda olarkən buynuzlardan şərabı sona qədər içməklə məharətlərini nümayiş etdiriblər.

Cakartada SSRİ səfirliyində Nikita Xruşovla İndoneziya prezidenti Əhməd Sukarnonun bu “yeyib-içmək” məclisindən sonra sovetlər birliyi İndoneziyay ümumilikdə bir milyard dollar həcmində hərbi yardım göstərməyə başlayıb.

1959-cu ildə Moskvada “Sokolniki” parkında Amerika Milli sərgisində iştirak edən Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Niksonla Nikita Xruşovun kapitalizmin və kommunizmin iqtisadi nailiyyətləri haqqında kəskin mübahisələrinə qədəhlərin çingiltiləri ilə son qoyulub.

Nikita Xruşov düyü arağının həvəskarı olan Cin Xalq Respublikasının ilk lideri Mao Tseduna rus arağının “möcüzəsi”ni sübut etmək istəyir.

Latın Amerikasının əfsanəvi inqlabçısı Ernesto Çe Hevara 1961-ci ildə ilk dəfə SSRİ-yə səfər edərkən Nikita Xruşov ona ara şüşəsinin timsalında yerli istehsalın keyfiyyətini nümayiş etdirib.
İlham Cəmiloğlu