Modern.az

Xankəndidə ilk Qurtuluş Günü konserti - FOTO

Xankəndidə ilk Qurtuluş Günü konserti - FOTO

Aktual

Bu gün, 09:51

Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert proqramı təqdim edilib.

Modern.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılan aparıcı bədii kollektivlərin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub.

Tədbirdə əvvəlcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafı və gələcəyi üçün möhkəm təməllər yaratdığı gün kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sərhədləri bütöv, suverenliyi tam təmin olunmuş Azərbaycan Ulu Öndərin siyasi kursu əsasında uğurla inkişaf edir.

Daha sonra bayram konserti təqdim olunub. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə çıxış edən orkestr Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, eləcə də “Azərbaycan elləri” və “Mən səni araram” mahnıları yer alıb.

Konsertdə həmçinin Niyazinin “Arzu” və “Qaytağı”, Cahangir Cahangirovun “Alagöz”, Arif Məlikovun “Sehrli xalat” filmindən “Qızların rəqsi” və “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Qərənfil”, Süleyman Ələsgərovun “Vətənimdir”, Müslüm Maqomayevin “Azərbaycan”, Fərhad Bədəlbəylinin “Dəniz”, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və xalq mahnıları səsləndirilib.

Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, həmçinin Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgəndərli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə çıxış edərək tamaşaçılara bayram ovqatı yaşadıblar.

Tədbiri doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad edilmiş ərazilərin bərpasında iştirak edən vətəndaşlar izləyiblər. Musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı yenidənqurmadan sonra bu il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Xatırladaq ki, qastrol layihəsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq regionlarda mədəniyyətə əlçatanlığın artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ