Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın xarici siyasət fəlsəfəsinin sistemli xülasəsi kimi qiymətləndirilə bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Kərimli bildirib.
Deputatın sözlərinə görə, Prezidentin cavabları nəqliyyat əlaqələri və enerji diplomatiyasından ABŞ və Avropa ilə münasibətlərə, regional təhlükəsizlik arxitekturasından dekolonizasiya məsələlərinə qədər geniş spektri əhatə edir və Azərbaycanın artıq passiv regional aktor deyil, çoxşaxəli manevr imkanlarına malik siyasi subyekt olduğunu göstərir.
Azər Kərimli qeyd edib ki, son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşada keçirilən Qlobal Media Forumunda iştirak etməsi bərpa olunmuş ərazilərin informasiya diplomatiyasının mühüm alətinə çevrildiyini nümayiş etdirir:
"Qonaqlar işğaldan azad edilmiş ərazilərdə dağıntılar deyil, genişmiqyaslı bərpa və quruculuq prosesini müşahidə edirlər. Bu isə Azərbaycanın yaratdığı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır."
Deputat vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılması və Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın geostrateji mövqeyini iqtisadi və siyasi üstünlüyə çevirdiyini təsdiqləyir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlıqdan strateji müttəfiqliyə yüksəlməsi xüsusi vurğulanıb. Eyni zamanda, Avropa ilə münasibətlərdə praqmatik əməkdaşlıq modelinin davam etdirildiyi, enerji sahəsində tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb.

Azər Kərimli bildirib ki, ABŞ-la münasibətlərə dair səsləndirilən fikirlər də Azərbaycanın regional sülh prosesində etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir:
"907-ci düzəlişin köhnəlmiş yanaşma olduğu qeyd edilir, Strateji Tərəfdaşlıq Bəyannaməsi, Vaşinqtonda keçirilən görüşlər və digər addımlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıran amillər kimi dəyərləndirilir."
Deputat əlavə edib ki, Azərbaycanın enerji strategiyası da uzunmüddətli hədəflərə hesablanıb. Onun sözlərinə görə, ölkə həm ənənəvi enerji ixracını genişləndirir, həm də 2032-ci ilədək 8 QVt bərpaolunan enerji gücü yaratmaqla daxili istehlakda təmiz enerji mənbələrinin payını artırmağı qarşıya məqsəd qoyub.
A.Kərimli hesab edir ki, Prezident İlham Əliyevin forumda səsləndirdiyi mesajlar Azərbaycanın xarici siyasətinin çoxvektorlu əməkdaşlıq, infrastruktur diplomatiyası və milli maraqların ardıcıl müdafiəsi prinsipləri üzərində qurulduğunu bir daha nümayiş etdirir.
"Bu yanaşma Azərbaycana həm Qərb, həm Şərq, həm də Şimal istiqamətində paralel və balanslı siyasət yürütmək imkanı yaradır. Məhz bu amil ölkəmizin beynəlxalq münasibətlər sistemində manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir", – deputat vurğulayıb.