Modern.az

İlqar Məmmədov xaricdən ona məsləhət verənləri rədd etdi

İlqar Məmmədov xaricdən ona məsləhət verənləri rədd etdi

Aktual

Bu gün, 13:00

ReAl Partiyasının sabiq sədri İlqar Məmmədovun Milli Məclisin ABŞ-də yaşayan keçmiş sədri Rəsul Quliyev barədə sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, İlqar Məmmədov paylaşımında ad çəkmədən Rəsul Quliyevin uzun illərdir xarici ölkəyə sığındığına işarə edərək, onun haqqında tənqidi fikirlər qeyd edib.

O bildirib ki, həbsdə olduğu dövrdə Avropa ölkələrindən birinə getməsi üçün xaricdən ona bir neçə dəfə təklif gəlsə də, bunu qəbul etməyib:

“Qorxusundan ölkədən qaçıb xaricdə müxalifətçilik edənlər durub mənə indiki Azərbaycanda respublikaçı siyasi fəaliyyəti necə qurmaq lazım olduğunu öyrədəcəklərmiş. Özləri də yaxşı bilir: mən həbsdə olanda 3 il dalbadal Avropa ölkəsinin birindən təklif gəldi ki, səni birbaşa həbsdən aparaq xaricə, yaşa orda. Hər dəfə də imtina etdim, dedim ki, gedin borcunuzu yerinə yetirin, Avropa Məhkəməsinin qərarını icra elətdirin. Bu haqda kitabımda da yazmışam. Axırda, qitəmizin hüquq tarixində yer almış qələbə qazandım. Başınızdan yekə məsləhət verməkdənsə, gəlin ölkəyə özünüzü göstərin. Yoxsa haranız qorxudan titrəyir "Vətən" sözünü eşidəndə?”

Xatırladaq ki, bundan əvvəl Rəsul Quliyevin Azərbaycandakı təmsilçisi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sosial şəbəkədə İlqar Məmmədovun quru sərhədlərlə bağlı paylaşımını tənqid etmişdi. O, İlqar Məmmədovun mövqeyini sərt ifadələrlə qiymətləndirərək, şəxsi ünvanına da ittiham və təhqiramiz məzmunlu fikirlər səsləndirmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var