ABŞ-nin Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, həyat yoldaşı və iki azyaşlı övladı həlak olub.
Modern.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə noyabrın 1-də Palm-Biç dairəsində baş verib.
“Learjet 60” tipli təyyarədə Adam Robinson, həyat yoldaşı Helen Şarp, 4 yaşlı qızı Emma və 2 yaşlı oğlu Çarli, həmçinin uşaqların dayəsi, ailənin iki dostu və iki pilot olub. Onların hamısı həyatını itirib.
Təyyarə Texas ştatının Ostin şəhərindən Baham adalarına uçarkən Qrinakres şəhərinin yaşayış massivində qəzaya uğrayıb.
İlkin məlumata görə, hava gəmisi yerə çırpılmadan əvvəl parçalanmağa başlayıb. Ekipaj qəza öncəsi dispetçerlərə təyyarənin buz bağlaması və güclü turbulentlik barədə məlumat verib.
Hadisənin səbəbləri ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.
