Modern.az

Əsgər anaları İrəvanda etiraza başladılar

Əsgər anaları İrəvanda etiraza başladılar

Aktual

Bu gün, 13:22

Ermənistanda hərbi qulluqçuların valideynləri övladlarının xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsi tələbi ilə növbəti dəfə etiraz aksiyası keçiriblər.

Modern.az xəbər verir ki, aksiya iştirakçıları hazırda eyni çağırışda xidmət edən əsgərlərin bir hissəsinin 2 il, digər hissəsinin isə 1 il 6 ay xidmət etməsinin ədalətsizlik yaratdığını bildiriblər.

Valideynlərdən biri övladının artıq iki ildir hərbi xidmətdə olduğunu deyərək, onların yeganə tələbinin xidmət müddətinin hamı üçün eyni olması olduğunu vurğulayıb.

"Biz başqa heç nədən narazı deyilik. Nə qida, nə geyimlə bağlı şikayətimiz var. Sadəcə istəyirik ki, ədalət təmin olunsun. Sinif yoldaşlarının bir hissəsi iki il, digər hissəsi isə ilyarım xidmət edir. Hamısı bizim övladlarımızdır və hamısı eyni hüquqa malik olmalıdır", – deyə o bildirib.

Etirazçılar qeyd ediblər ki, hökumət indiyədək yalnız bəzi hərbçilərə 5 günlük həvəsləndirici məzuniyyət verib, lakin bu imkandan bütün əsgərlər yararlana bilməyib.

Onların sözlərinə görə, bu da hərbi qulluqçular arasında narazılıq yaradır.

"Biz məzuniyyət istəmirik. Əsas tələbimiz xidmət müddətinin bizim övladlarımıza da şamil edilməsidir. Altı aydır bizə məsələni yenidən nəzərdən keçirəcəklərini deyirlər, amma indiyədək heç bir qərar qəbul olunmayıb", – deyə valideynlər bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü