Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bölgənin sosial-iqtisadi inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və strateji əhəmiyyətinin artırılması baxımından mühüm mesajlarla yadda qalıb. Səfər çərçivəsində həyata keçirilən layihələrlə yanaşı, Zəngəzur dəhlizinin gələcək perspektivləri və onun regional nəqliyyat əlaqələrində rolu da diqqət çəkib. Prezident xüsusilə də Azərbaycan-Türkiyə-İran sərhədində böyük tranzit potensialından bəhs edib.
Milli Məclisin 2 saylı Şərur-Kəngərli seçki dairəsindən seçilmiş deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezidentin Naxçıvana səfəri çox uğurlu keçib:
"Cənab Prezidentin Naxçıvana çox uğurlu səfəri baş tutdu. Yeni-yeni obyektlər istifadəyə verildi, bəzilərinin isə təməlqoyma mərasimləri həyata keçirildi. Bu proseslərdə birinci xanım da iştirak etdi. Cənab Prezidentin Naxçıvanın inkişafı ilə bağlı işçi proqramı var. Həmin proqram mərhələ-mərhələ həyata keçirilir. O cümlədən də ən vacib məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Cənab Prezident də öz çıxışında bəyan etdi ki, artıq bir çox Avropa ölkələri də bu layihəyə qoşulmaq, investisiyalar qoymaq, orada iştirak etmək istəyirlər. Hesab edirəm ki, artıq Zəngəzur dəhlizi layihəsi beynəlxalq layihəyə çevrilib".

Komitə sədri qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Çindən başlayan və Azərbaycandan keçməklə Türkiyəyə, oradan da Avropaya gedən yol olacaq:
"Zəngəzur dəhlizinin, güman edirəm ki, yaxın vaxtlarda tam təmir olunub istifadəyə verilməsi həyata keçiriləcək. Çünki Prezidentimiz dəfələrlə Zəngəzur dəhlizinin açılmalı olduğunu və Naxçıvana yolun bərpa olunmalı olduğunu vurğulayıb. Buradan da Şərq-Qərb dəhlizi artıq həyata keçiriləcək. Mərkəzi Asiyadan, Çindən başlayıb Azərbaycandan keçməklə Türkiyəyə və Avropaya tranzit baş tutacaq".
Milli Məclisin 6 saylı Ordubad-Culfa seçki dairəsindən seçilmiş deputatı Vüqar Rəhimzadə isə qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçid və bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addımdır:
"Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verdiyi mühüm mesajlar regionun geosiyasi və geoiqtisadi xəritəsində tamamilə yeni mərhələnin başlandığını göstərir. Türkiyə, İran və Ermənistanın kəsişdiyi strateji məkanda yerləşən ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan blokada şəraitindən çıxaraq Avrasiyanın vacib nəqliyyat, logistika və yaşıl enerji mərkəzinə çevrilməkdədir. Dövlət başçısının səfər zamanı verdiyi mesajlar Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında artan rolunu, xüsusilə də nəqliyyat, logistika və enerji baxımından regionun mühüm mərkəzlərindən birinə çevrilməsi perspektivini bir daha ortaya qoyur. Naxçıvanın unikal coğrafi mövqeyi gələcəkdə muxtar respublikanın sadəcə nəqliyyat marşrutunun üzərində yerləşən ərazi deyil, müxtəlif istiqamətlərin birləşdiyi çoxfunksiyalı logistika qovşağına çevrilməsinə imkan yaradır. Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunan bu qovşaq yalnız nəqliyyat yollarını deyil, daha geniş regional kommunikasiyanı əhatə edir. TRIPP-in Orta Dəhlizin mühüm seqmentinə çevrilməsi və Asiya ilə Avropanı birləşdirən tranzit imkanlarını genişləndirməsi gözlənilir. Layihənin gələcəkdə enerji, elektrik enerjisi və fiber-optik kommunikasiya xətlərinin inkişafına da imkan yaratması nəzərdə tutulur. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasına, daha sonra isə bu marşrutun Türkiyə və Avropa istiqamətində daha geniş nəqliyyat şəbəkəsinə inteqrasiyasına imkan verəcək. Naxçıvan üzərindən həm İrana, həm Qars üzərindən Türkiyə və Avropaya, həm də Mərkəzi Asiyaya yönələn yük axınları üçün səmərəli logistik zəncir yaradılır. Bu da region ölkələrinə alternativ tranzit imkanları təqdim edir.
Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdi ki, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt, İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası, bildiyimə görə, ya başlayıb, ya da başlayacaq. Hər halda, Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır".

V.Rəhimzadə vurğulayıb ki, burada Türkiyə-İran sərhədinin potensialı xüsusi əhəmiyyət daşıyır:
"Türkiyə Avropa bazarlarına, İran isə Fars körfəzi və Cənubi Asiya istiqamətinə çıxış imkanları yaradır. Naxçıvanın bu iki ölkə ilə birbaşa sərhədə malik olması isə Azərbaycanın həmin marşrutların yaratdığı iqtisadi imkanlardan istifadə etməsi üçün əlavə üstünlük formalaşdırır. Bu baxımdan, Naxçıvanın gələcəkdə mühüm logistika mərkəzinə çevrilməsi muxtar respublikanın iqtisadi inkişafı üçün də ciddi imkanlar yaradacaq. Azərbaycan-Türkiyə-İran sərhədində formalaşan nəqliyyat və enerji qovşağı təkcə regional layihə deyil, qlobal ticarət yollarının yenidən formalaşdırılmasıdır. Naxçıvanın bu prosesdə aparıcı mərkəzə çevrilməsi Azərbaycanın qlobal liderliyini daha da möhkəmləndirəcək".