Modern.az

Alimlərdən qaraciyər yağlanmasına qarşı SADƏ ÜSUL

Alimlərdən qaraciyər yağlanmasına qarşı SADƏ ÜSUL

Aktual

Bu gün, 17:17

Hər gün pomidor istehlakının qaraciyərdə yağlanmanın azalması ilə əlaqəli ola biləcəyi müəyyən edilib.

Modern.az xəbər verir ki, bu qənaətə İtaliya Milli Qastroenterologiya İnstitutunun alimləri gəliblər. Tədqiqat “Nutrients” elmi jurnalında dərc olunub və İtaliya Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilib.

Tədqiqatda qaraciyər piylənməsindən əziyyət çəkən və bədən kütlə indeksi 30-dan aşağı olan 79 yetkin şəxs iştirak edib. İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüb. Birinci qrup altı həftə ərzində hər gün 200 qram çiy pomidor – təxminən bir iri pomidor və 50 qram pomidor sousu qəbul edib. İkinci qrup isə pomidorsuz qidalanıb.

Tədqiqatdan əvvəl və sonra xüsusi müayinə vasitəsilə iştirakçıların qaraciyərindəki yağ miqdarı ölçülüb. Nəticələr göstərib ki, hər iki qrupda qaraciyərdə yağlanma azalıb. Lakin hər gün pomidor yeyənlərdə azalma daha çox olub. Bu qrupda göstərici orta hesabla ilkin səviyyədən 11%, nəzarət qrupunda isə təxminən 6% azalıb.

 

Bununla belə, pomidor istehlakı qaraciyərin sərtliyində, fibrozun dərəcəsində, qaraciyər fermentlərində, xolesterin və qan şəkərinin səviyyəsində, eləcə də bədən quruluşunda nəzərəçarpacaq dəyişiklik yaratmayıb.

Alimlər pomidorun bu təsir mexanizmini hələ dəqiq müəyyən edə bilməyiblər. Ehtimallardan birinə görə, pomidorun tərkibindəki iltihabəleyhinə xüsusiyyətlərə malik birləşmələr qaraciyərdə yağ toplanmasına təsir göstərə bilər.

Qeyd olunur ki, alkoqol istifadəsi ilə əlaqəli olmayan qaraciyər piylənməsi geniş yayılmış xəstəlikdir və çox vaxt piylənmə, yüksək xolesterin və 2-ci tip diabetlə əlaqələndirilir. Bəzi hallarda xəstəlik iltihaba, çapıq toxumasının yaranmasına və ağır vəziyyətlərdə qaraciyər çatışmazlığına səbəb ola bilər.

Lakin tədqiqat pomidorun qaraciyər piylənməsinin qarşısını təkbaşına ala və ya onu müalicə edə bildiyini sübut etmir. Araşdırmada iştirakçıların sayı nisbətən az olub və müşahidə cəmi altı həftə davam edib. Odur ki, alimlərin fikrincə, nəticələrin təsdiqlənməsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var.

Sizə yeni x var
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama