ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampı İranla müharibəni dayandırmaq üçün Tehranla danışıqlara başlamağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens münaqişənin ABŞ cəmiyyətində son dərəcə qeyri-populyar olduğunu düşünür. O, şəxsi söhbətlərində İsrailin Baş naziri Benyamin Netanyahunun İran məsələsində “hər şeydə səhv etdiyini” bildirib.
Trampın müşavirlərinin əksəriyyəti Vensin mövqeyini dəstəkləsə də, ABŞ Prezidenti hərbi əməliyyatların yenidən başlanması ehtimalını hələ də nəzərdən keçirir.
Vens son Konqres seçkilərində Respublikaçılar Partiyasının uğursuzluğunun səbəbləri barədə “X” sosial şəbəkəsindəki səhifəsində fikirlərini bölüşüb. O bildirib ki, Konqres seçkilərində Demokratlar Partiyasının Vaşinqtonda qazandığı böyük qələbə, başqa sözlə, “mavi sunami” İranla müharibənin nəticəsidir.
“Əgər bunun bütün bunlara dəyər olduğunu iddia etmək istəyirsinizsə, onda bunun nə üçün əsaslandırılmış bir bədəl olduğunu sübut edin”, – deyə vitse-prezident yazıb.
Vens həmçinin bildirib ki, Tramp administrasiyası bundan sonra İranla müharibənin başa çatdırılmasına diqqət yetirməli və amerikalıların dəstəyini geri qaytarmaq üçün İsraillə münasibətlərinə yenidən baxmalıdır.
Trampın ətrafında Tehranla razılaşma müzakirə olunur
Bu arada Trampın ətrafında Tehranla razılaşmanın əldə olunması ilə bağlı müzakirələr davam edir.
“Axios”un məlumatına görə, buna baxmayaraq, ABŞ Prezidenti İranın enerji obyektlərinə zərbələrin yenidən endirilməsi variantına daha çox meyil göstərir.
Eyni zamanda, ABŞ hərbçiləri mümkün hərbi əməliyyatların bərpasına, o cümlədən regiona əlavə qüvvələrin göndərilməsinə hazırlığı başa çatdırırlar.
Qətərli vasitəçilər isə eskalasiyanın qarşısını ala və danışıqları bərpa edə biləcək razılaşmanın əldə olunması üçün ABŞ və İranın dəstəyini təmin etməyə çalışırlar.
“Axios” ABŞ-ın hərbi dairələrindəki mənbələrə istinadən yazır ki, Pentaqon oktyabrın əvvəlində Mərkəzi Komandanlığa genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmaq tapşırığı verib. Bununla belə, münaqişənin diplomatik yolla həll olunacağına dair ümidlər hələ də qalır.
Tramp İrana qarşı yeni əməliyyat ehtimalını istisna etmir
Oktyabrın sonunda ABŞ Prezidenti İrana qarşı yeni əməliyyat keçirilməsinin mümkünlüyünü istisna etməyib.
Bundan əvvəl o, ABŞ-ın İranın hərbi qüvvələrinin böyük hissəsini məhv etdiyini, lakin hələ də “bir və ya iki” obyektlə bağlı məsələnin həll edilməli olduğunu bildirmişdi.
Trampın sözlərinə görə, ABŞ “Pikaks dağı” ilə bağlı məsələyə də diqqət yetirməlidir. KİV-in məlumatına əsasən, həmin ərazidə məxfi hərbi nüvə obyektinin tikintisi aparılır. Tehran isə bu iddiaları təkzib edir.