İran Prezidenti Məsud Pezeşkianın Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olarkən bir neçə dəfə Azərbaycan türkcəsində danışması ölkəsindəki fars millətçi dairələrinin sərt reaksiyasına səbəb olub.
Modern.az xəbər verir ki, Pezeşkianın qızına Azərbaycan türkcəsində “Zəhra, keç gəl bura” deməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
İran sosial mediasında prezidentə qarşı təhqiramiz ifadələrin yer aldığı çoxsaylı paylaşımlar yayılıb. Bəzi fars millətçi istifadəçilər Pezeşkianı Azərbaycan türkcəsində danışdığına görə tənqid edib və onun istefasını tələb ediblər.
Sosial şəbəkələrdə prezidentin istefası ilə bağlı çağırışların yer aldığı yüzlərlələ paylaşımın edildiyi bildirilir.
Xatırladaq ki, sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak edən İran Prezidenti Məsud Pezeşkianı Bişkekdə qızı Zəhra Pezeşkian müşayiət edib.
Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib. “Zəhra, bura gəl! Keç gəl bura!” - deyib.
İran Prezidentinin qızına Azərbaycan dilində müraciət etdiyi anın videogörüntüsü sosial mediada tirajlanıb.
Qeyd edək ki, Məsud Pezeşkian bəzi vacib xarici səfərlərə adətən qızı Zəhra Pezeşkianla gedir. Doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişdiyindən birinci xanımların da iştirak etdiyi mərasimlərdə İranı Prezidentin qızı Zəhra Pezeşkian təmsil edir.
Milliyətcə Azərbaycan türkü olan Prezident Məsud Pezeşkian seçki kampaniyası və prezidentliyi dövründə Azərbaycan türkcəsindən istifadə etməsi ilə də diqqət çəkib. O, bir neçə dəfə açıqlamasında evdə ailə üzvlərilə Azərbaycan dilində danışdıqlarını qeyd edib.
A.Qorxmaz