Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanda Rusiya kapitallı şirkətlərin maraqlarının pozulması ilə bağlı xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, Qaluzinin sözlərinə görə, Ermənistan hakimiyyəti daha əvvəl ölkədə Rusiya investisiyalarına heç bir təhlükənin olmadığını bildirsə də, Moskva real vəziyyətin bu bəyanatlarla tam üst-üstə düşmədiyini hesab edir.
Rusiya rəsmisi bildirib ki, getdikcə daha çox ekspert Ermənistanda siyasi motivlərlə “mülkiyyətin yenidən bölüşdürülməsi” əlamətlərinin müşahidə olunduğunu düşünür.
“Ermənistanda Rusiya iqtisadi operatorlarının maraqlarının pozulması Rusiya tərəfinin müvafiq reaksiyası olmadan qalmayacaq”, – Qaluzin bildirib.
Qeyd edək ki, Ermənistan 2026-cı ilin iyununda yeni “İnvestisiyalar haqqında” qanun qəbul edib. Qanunda həm yerli, həm də xarici investorlar üçün bərabər və ayrı-seçkisiz hüquqi mühitin təmin edilməsi, investisiyaların müdafiəsi əsas prinsiplər sırasında göstərilir.
Son dövrdə Ermənistanda keçmiş yüksək vəzifəli şəxslər və onlarla əlaqəli biznes strukturlarının əmlakı ilə bağlı proseslər də siyasi mübahisə mövzusuna çevrilib. Ermənistan hakimiyyəti bunu qanunsuz əldə edilmiş əmlakın dövlətə qaytarılması siyasəti kimi təqdim edir, müxalifət isə siyasi təzyiq və mülkiyyətin yenidən bölüşdürülməsi kimi qiymətləndirir.