Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) mümkün iştirakı ilə bağlı müzakirələr yeni geosiyasi və iqtisadi perspektivləri gündəmə gətirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın TDT ilə əməkdaşlığına dair təşəbbüsü diqqət çəkir. Müzakirə olunan əsas məsələlərdən biri Rusiyanın təşkilata hansı formatda qoşula biləcəyi və bunun Türk dünyasındakı siyasi-iqtisadi münasibətlərə necə təsir göstərəcəyidir. Vladimir Putinin sözçüsü Dmitri Peskovun da Rusiyanın məsələyə müsbət yanaşa biləcəyini deməsi diqqət çəkir.
Modern.az-a açıqlama verən rusiyalı politoloq Darya Qrevtsova bildirib ki, Rusiyanın TDT-də iştirakı təşkilatın fəaliyyətinə yeni imkanlar qazandıra və onun əməkdaşlıq coğrafiyasını genişləndirə bilər:
"Rusiyada 25-ə yaxın türk xalqı yaşayır və müxtəlif hesablamalara görə, onların ümumi sayı təxminən 10–12 milyon nəfər təşkil edir. Bu, kifayət qədər böyük rəqəmdir. Hətta həmin xalqların sayı TDT-yə üzv olan bəzi ölkələrin əhalisinin sayından da çoxdur. Nəzərə almaq lazımdır ki, türklər Rusiyada ruslardan sonra ikinci ən böyük etnodil qrupunu təşkil edirlər. Bu qrupun ən böyük xalqları tatarlar, başqırdlar və çuvaşlarla yanaşı, qaraçaylar, balkarlar və digər türk xalqlarıdır. Bu amilləri nəzərə alsaq, Rusiyanın TDT-də müəyyən yer tutması mümkündür. Lakin Moskva təşkilatda əsas oyunçu olmayacaq və aparıcı rol oynamağa çalışmayacaq. Bunun bir neçə səbəbi var. İlk növbədə, türk xalqları Rusiyanın dövlət və millət qurucu əsas etnosunu təşkil etmir. İkincisi, Rusiya artıq təşkilatda lider mövqelərini fəal şəkildə möhkəmləndirən Türkiyə ilə rəqabət aparmayacaq. Çox güman ki, Rusiyanın iştirakı TDT+ formatında və ya müşahidəçi statusunda mümkün ola bilər. Təşkilatda Macarıstan kimi bəzi ölkələr də məhz müşahidəçi statusunda təmsil olunur".

Politoloq hesab edir ki, Rusiyanın müşahidəçi statusu əldə etməsi təşkilatın mövcud üzvlük strukturunu dəyişmədən əməkdaşlıq imkanlarını genişləndirə bilər:
"Rusiya müşahidəçi statusu əldə edərsə, üzv dövlətlərin tərkibində hər hansı dəyişiklik edilmədən təşkilatın fəaliyyətində iştirak edə bilər. Bu, ən real və siyasi baxımdan ən az xərc tələb edən variantdır. Belə olan halda Rusiya təşkilata üzv ölkələrin həyata keçirdiyi layihələrə də qoşula bilər. Fikrimcə, bu, bütün tərəflər üçün ən əlverişli əməkdaşlıq formatıdır. Hazırda Rusiya Qərb ölkələri ilə əlaqələrdən kənarda, digər dövlətlərlə əməkdaşlığın müxtəlif formatlarını axtarır. Yəqin ki, Rusiyanın Afrika ölkələri ilə münasibətlərində uğurlu platformaya çevrilən Rusiya-Afrika Forumundan xəbəriniz var. Eyni qaydada Moskva Türk Dövlətləri Təşkilatı ilə də əməkdaşlıq edə bilər. Bu, həm təşkilata üzvlük, həm də müşahidəçi statusu vasitəsilə mümkün ola bilər. Rusiyanın TDT-də iştirakı ilə bağlı təklif, ilk növbədə, Qazaxıstanın maraqlarına xidmət edir. Çünki Astana bu təşəbbüslə Rusiya ilə Türk dünyası arasında körpü rolunu nümayiş etdirir. Təbii ki, Rusiya da Qazaxıstanın bu təklifinə müsbət yanaşır. Çünki Rusiyanın Türk dünyası və türk xalqları ilə tarixi və təbii əlaqələri mövcuddur".
D.Qrevtsova qeyd edib ki, Rusiyanın təşkilatla əməkdaşlığı istiqamətində real irəliləyiş Qazaxıstanın təşəbbüsü konkret gündəliyə çevirə bilməsindən, eləcə də Türkiyənin və digər üzv dövlətlərin mövqeyindən asılı olacaq:
"Bu istiqamətdə real irəliləyişin əldə olunması bir neçə amildən asılıdır. İlk növbədə, Qazaxıstanın növbəti ikitərəfli təmaslar zamanı bu təklifi konkret əməkdaşlıq gündəliyinə çevirə bilməsi vacibdir. Digər tərəfdən, Türkiyənin və təşkilatın digər üzvlərinin Rusiyanın iştirakına nə dərəcədə hazır olması da əhəmiyyət daşıyır. Bütün bu məsələlər müzakirə olunacaq. Həmin müzakirələrin nəticəsində Rusiyanın TDT ilə hansı formatda əməkdaşlıq edə biləcəyi və təşkilat çərçivəsində hansı layihələri həyata keçirə biləcəyi müəyyənləşəcək".
Politoloqun sözlərinə görə, Rusiyanın TDT-də iştirakı geosiyasi gərginliyin azalmasına və təşkilatın iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə də təsir göstərə bilər:
"Rusiyanın TDT-yə bu və ya digər formatda qoşulması, ilk növbədə, geosiyasi gərginliyin azalmasına səbəb ola bilər. Çünki TDT indiyədək bəzi dairələr tərəfindən Rusiyadan uzaqlaşan Türk dünyasının platforması kimi qəbul edilib. Rusiyanın təşkilatın fəaliyyətində iştirakı bu təsəvvürü zəiflədə və Moskvanın təşkilatın Türkiyənin və ya Qərbin təsir alətinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarını azalda bilər. Bundan başqa, Tokayevin təşəbbüsü aydın iqtisadi məqsədlər daşıyır. Qazaxıstanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi bu il təxminən 10 milyard dollara yaxınlaşıb. Rusiyanın prosesə qoşulması enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsinə imkan yarada bilər. Bu da təşkilatın iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi baxımından müsbət nəticə olardı".