Sentyabrın 28-də Hindistanın Uttar-Pradeş ştatının bəzi hissələrində, o cümlədən paytaxt Laxnauda güclü daşqın və torpaq sürüşməsi nəticəsində məktəblər bağlanıb. Xilasetmə qrupları insanları daşqın zonalarından daha təhlükəsiz yerlərə köçürüb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, rəsmilərin bazar ertəsi verdiyi məlumata görə, Hindistanın şimalındakı Uttar-Pradeş ştatında günlərlə davam edən güclü yağışlar və daşqınlar nəticəsində azı 81 nəfər həlak olub.
Ştat hökuməti bildirib ki, üç gün davam edən güclü yağışların bir neçə rayonda daşqınlara səbəb olması nəticəsində 46 nəfər xəsarət alıb, 1000-dən çox evə isə ziyan dəyib. Sakinlərə su altında qalmış ərazilərdə lazımsız hərəkətdən çəkinmək, həmçinin sürətli axını olan çaylardan, arxlardan və su kanallarından uzaq durmaq tövsiyə olunub.
Rəsmilərin məlumatına görə, daşqınlar şərqdəki Odişa ştatına da təsir edib və burada 75 mindən çox insan daha təhlükəsiz ərazilərə təxliyə olunub.
Qonşu Nepalda isə ölkənin təbii fəlakətlərin idarə olunması agentliyinin məlumatına əsasən, cümə axşamı ilə bazar günləri arasında hava şəraiti ilə bağlı hadisələr nəticəsində 21 nəfər həlak olub, 5 sakin itkin düşüb. Daşqınlar və torpaq sürüşmələri nəticəsində isə 194 evə ziyan dəyib.
Nepal 1400-dən çox insanın ölümünə və təxminən 6000 nəfərin itkin düşməsinə səbəb olan avqust ayındakı dağıdıcı daşqınların fəsadlarını aradan qaldırmağa çalışır.