Əvvəlcə onu diqqətə çatdıraq ki, bu mövzuda edilən söhbət, aparılan diskussiya konkret bir sahəyə yox, sosial həyatın hər bir sahəsinə aiddir. Çünki insanın şüurlu varlıq kimi hər saniyə dəyişə, inkişaf edə bilən, yaxud korşalan psixologiyası həyatın hər anında və hər məkanda onunla yanaşı addımlayır. Bu gün hər bir cəmiyyətin gələcək inkişaf göstəricisi olan gənclik necə inkişaf edirsə, həmin cəmiyyətin gələcək perespektivi və problemləri də o inkişafa paralel hesablanır. Amma hər şeydən əvvəl gənclik qrupuna daxil olan ayrı-ayrı fərdlərin intellektual baxımdan necə formalaşması və şəxsiyyət kimi hansı bitkin xarakterə malik olmasıdır. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə gənclərin bəzilərində mənəvi aşınma ilə yanaşı, dəyişkən xarakter də müşahidə olunur. Öz şəxsi ambissiyası naminə yaşı 20-ni yenicə haqlayan bir gənc hansısa yaşlı məddahı ustalıqla yamsılayır. Yaşndan böyük görünüb, səviyyəsindən irəli getmək istəyən bir qrup gənc əslində öz gənclik çağında yaşaya biləcək real duyğulardan məhrum olur.
Modern.az saytının bir sosial problem kimi qabartdığı bu məsələyə ekspertlər müxtəlif cür cavablar verib. Psixoloq Dəyanət Rzayevin firkincə, bir gənc, həm iş yerində, həm də təhsil aldığı müəssisədə, yaxud ayrı bir məkanda idealı saydığı, yüksək dəyər verdiyi bir insanı tərif edə bilər: “Bunda qüsurlu heç nə yoxdur. Amma həmin tərif müəyyən məqsədlə və ifrat şəklində olunursa, bu artıq həmin şəxs üçün mənfi hal hesab olunur”.
Onun fikrincə, bu cür adamlarda çox güclü daxili kompleks formalaşır və onlar müəyyən mənada qorxaq olurlar:
“Dindar deyiləm, amma “Quran”ı oxuyanda orada yaxşı bir məqama rast gəldim. Deyir ki, “kimsəni tərifləməyin, Allahdan başqa kimsə tərifə layiq deyil”. İnsan zəif məxluq kimi yaradılıb. Odur ki, onu çox tərifləmək olmaz. Heç kimin ağlına gəlmədiyi bir anda onun pislikləri üzə çıxa bilər. Mən gənclərin tərifə, məddahlığa meylliliyini hələ ki kənara qoyuram. Yəqin ki, toylarda görürsünüz, nə bəyi, nə də gəlini tanıyan tamada onları elə tərifləyir ki, şəxsən mən onun yerinə utanıram. Gənclərin isə ifrat tərifə olan meylliliyini anlamaq da olar. Ola bilsin ki, bu tərif ürəkdən gəlib. Yəni o özü üçün təriflədiyi adamı ideal seçib. Ola da bilsin ki, bu tam əksinədir. Tərif öz həddini aşıb yaltaqlıq səviyyəsinə keçməməlidir. Onu da deyim ki, bu cür adamların daxili kompleksləri böyük olur. Onlar yaltaqlandıqları adamlara da yalnız müvəqqəti lazımdırlar. Mən o adamlara yaşından asılı olmayaraq birdəfəlik stəkanlar deyirəm. Necə ki, onları bir dəfə istifadə edəndən sonra tullayırlar, bunları da eləcə. Bu cür insanlar heç vaxt qəhrəman olmurlar, olsalar belə, ciddi qəhrəmana çevrilə bilmirlər. Onların daxilində çox böyük komplekslər var.
Həmin gənclər çox yazıq insanlardır, amma özlərini nədənsə xoşbəxt hiss edirlər. Bu cür gənclər əslində çox qorxaq olurlar. Onlar nə isə əldə edə bilməməkdən çox qorxurlar. Daxili kompleksləri çox güclüdür. Bu cəmiyyət üçün böyük problemdir. Bu gəncə evin daxilindən, yəni, valideyinlərindən, eləcə də ətraf mühitdən sirayət edir”.
Kulturoloq Aydın Xan Əbilovun məsələyə öz yanaşması var. Amma o da bunun əsas səbəbi, qaynaq nöqtəsi kimi ilk növbədə evin içini görür:
“Bizim məddahlıq, yaxud ifrat yaltaqlıq dediyimiz cəhət dünyada peşə, sahə, yaxud işgüzar etika norması sayıla bilər. Əslində Şərq - ərəb-fars, sonralar isə türk-Azərbaycan ədəbi-poetik estetikasında mədhiyyə deyilən bir şeir növü də var. Aşıqlar və meyxanaçıların kimi, yaxud şahları-xanları, tanınmışları mədh edən poetik nümunələri də yada salmaq olar. Ümumiyyətlə, qədim ana dilli ədəbiyyatımızda, deməli, həm də ictimai-mədəni davranış normalarımızda, əxlaq qaydalarımızda tərifbazlıq, ifrat məddahlığa az təsadüf edirik. Bu sonralar, bizim imperiyalar daxilinə qatıldığımız vaxtlardan başlanan milli qüsurlarımızdandır. İslamın gəlişi ilə insanlarımızda əvvəlcə peyğəmbərə, sonra xilafətin başçılarına, ən sonda da imamlara və özünü onlara calayan siyasət-dövlət adamlarına, məmurlara, varlılara məddahlıq, yaltaqlıq formalaşdı və ictimai düşüncəmizdə daşlaşdı. Genimizdəki bu xüsusiyyət qapalı sistemdə daha da çiçəklənməyə başladı. Məhz buna görə də indi gənclərimiz də baxır görür ki, kimisə tərifləməyəndə, mədh etməyəndə sənə vəzifə, cəmiyyətdə özünə yer tapa bilmirsən, karyera imkanların sıfıra yaxınlaşır. Məncə, gənclərdənsə, bu əxlaq sistemini formalaşdıran böyükləri qınamaq lazımdır. Uzağa getməyim, elə mənə günü-gündən təzyiqlər olur ki, ictimai problemləri az qabart, məmurları təriflə, nə bilim tənqiddən nə çıxar! Düzü, əvvəllər buna elə də fikir vermirdim, amma sonralar görəndə ki, yaltaqlar, məddahbazlar gəlib başımın üstündən vəzifəyə yüksəlir, varlanır, indi artıq buna inanmağa başlamışam...”
Elmin NURİ