“Riyaziyyat 7” və “Fizika 9” dərslik layihələrinin ictimai müzakirəsi zamanı ictimaiyyətdən heç bir rəy və təklif daxil olmayıb.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib.
Nazirliyin məlumatına görə, “Riyaziyyat 7” dərslik layihəsinə fənn mütəxəssisləri tərəfindən 300-dən çox, “Fizika 9” layihəsinə isə 480-dən çox rəy və təklif verilib. Lakin hər iki layihə üzrə ictimaiyyətin rəyi olmayıb.
Digər dərslik layihələrində də ictimai iştirakçılıq aşağı olub. Belə ki, “Azərbaycan tarixi 7” layihəsinə mütəxəssislər 1000-dən çox, ictimaiyyət isə cəmi 21 rəy və təklif təqdim edib. “Biologiya 9” layihəsi üzrə mütəxəssislərdən 530-dan çox, ictimaiyyətdən isə yalnız 3 rəy daxil olub.
Nazirlikdən qeyd edilib ki, ictimai müzakirələrdə iştirakın azlığı dərsliklərin geniş ictimai rəy əsasında təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.
Bildirilib ki, dərslik layihələri nəşrdən əvvəl Dövlət İmtahan Mərkəzinə və digər aidiyyəti qurumlara təqdim olunur, həmçinin trims.edu.az saytında ictimai müzakirəyə çıxarılır. Daxil olan rəylər nəşriyyat və müəllif heyəti tərəfindən təhlil edilərək layihələr üzərində düzəlişlər aparılır.