Sentyabrın 30-da Rusiya Kosmik Qüvvələrinin Suriyada hava əməliyyatına başlaması ilə Vladimir Putin prezidentlik müddətinin ən riskli addımlarından birini atdı.
“İslam dövləti” ilə (İŞİD) mübarizə adı altında rus aviasiyasının Suriyanı bombalaması Yaxın Şərqin stabillik tanımayan bu torpağında yeni gərginliyə yol açdı.
Çünki bir tərəfdən ABŞ-ın başçılıq etdiyi və 70-dən artıq ölkənin qatıldığı beynəlxalq koalisiya, bir tərəfdən İŞİD və “Ən Nüsrə Cəbhəsi” kimi radikal dini qruplaşmalar, digər bir tərəfdə isə Bəşər Əsəd rejimi, “Hizbullah” qruplaşması və İrandan ibarət koalisiya bir-biri ilə mübarizə aparırdılar.
Bu qarışıq hərbi-siyasi situasiyada Rusiyanın da sonuncu koalisiyaya qoşulması konflikti ABŞ-Rusiya qarşıdurmasına çevirə bilərdi.
Rusiyanın, ilk növbədə isə Putinin sanksiyalar şəraitində əlavə xərc və reputasiya itkisi tələb edən əməliyyata icazə verməsi və Suriyanın hava məkanında ABŞ-la üz-üzə gəlmə riskini nəzərə alması bir çox suallar doğurur. Bəli, Rusiya regionda əsas müttəfii olan Əsədi müdafiə edəcəyini, ona silah satacağını heç vaxt gizlətməsə də, bunun sona qədər belə olacağını gözləmək olmazdı.
Çünki istər-istəməz, Əsəd 250 min insanın həlak olduğu müharibənin sonunda legitim prezident kimi qala bilməyəcək.
Qərb və region dövlətlərinin Rusiya ilə razılaşdırmaq istədiyi məsələ də məhz Əsdin nə vaxt və hansı şərtlərlə hakimiyyətdən gedəcəyi ilə bağlıdır.
Ona görə Rusiyanın Suriyada başlatdığı hava əməliyyatlarının pərdəarxası səbəbi ortaya çıxır. Moskva ABŞ-dan ona göstərdiyi təzyiqlərə görə revanş almaq istəyir və sabitliyi pozmaqla dünya bazarlarında neftin qiymətinin qalxmasına çalışır.
Gələn il dövlət büdcəsini 35 milyard dollar defisitlə bağlayacaq rəsmi Moskva üçün neftin qiyməti çox önəmlidir və bu qiymətləri yüksək saxlamaq üçün Suriya hadisələrindən manipulasiya kimi istifadə etmək olar.
Putin anlayır ki. İŞİD ilə mübarizə adı altında neftlə zəngin bölgədə keçirəcəyi əməliyyat bir barel neftin heç olmasa 1 dollar bahalaşmasına xidmət edəcək.
Digər tərəfdən, Ukraynada dondurulmuş vəziyyətə salınan münaqişə, Sakit okeanda ABŞ gəmiləri ilə təhlükəli məsafəyə qədər yaxınlaşmalar, Pribaltikada NATO ilə hava sərhədlərinin uçuş təyyarələri tərəfindən tez-tez pozulması və s. Kremlin neft bazarında panika atmosferi yaratmaq niyyətinin bir hissəsidir.
Bu əsnada Putinin tez-tez ölkəsinin nüvə potensialından danışması da əlavə qorxu arqumentidir.
2000-ci ildə qəbul edilən nüvə doktrinası Rusiyanın ABŞ qarşısında adi silahlarla qarşıdurma zamanı məğlub olarsa, öz nüvə potensialından istifadə edə biləcəyini göstərir.
Moskvanın 1974-cü ildə ABŞ və SSRİ aarsında uzaq və orta mənzilli ballistik raketlərlə bağlı imzaladığı müqavilədən çıxması da, rus komandanlığının əsas ağırlığı nüvə potensialının genişləndirilməsinə sərf etdiyini göstərir.
Beləliklə, ətraf dövlətlərdə, regionda qeyri-sabit şərait, daim 3-cü dünya müharibəsi ehtimalı yaratmaq istəyi Putin Rusiyasının əsas siyasi barometrinə çevrilib.
Putin 2014-cü ilin yayında 150 dollar olan neft qiymətlərinin 50 dollardan aşağı düşməməsi üçün yeni gərginlik ocaqları da yarada bilər. Azərbaycan üçün təhlükəli ssenarilərdən biri isə Dağlıq Qarabağla bağlıdır.
Çünki Rusiyanın de-fakto əyalətinə çevrilmiş Ermənistan onun müəyyən manipulativ siyasətində, regional sabitliyi pozma proqramlarında ehtiyat variant kimi tez-tez isitfadə olunur. Buna görə cəbhə xətttində sentybar ayında olduğu kimi yeni süni gərginlik şəraitinin yaradılması istisna deyil.
Paralel olaraq, Ukraynada dondurulmuş münaqişə də Putinin bircə göstərişi ilə yenidən “isti” münaqişəyə çevrilə bilər. Vladimir Putin Avropada və dünyada sabitliyi pozmaq üçün müəyyən rıçaqlara sahib olduğu üçün onun qarşısıın güc yolu ilə almaq böyük səhv olardı.
Bəlkə də Putinin nail olmaq istədiyi də məhz budur – Rusiyaya qarşı hərbi müdaxilənin baş verməsi və Üçüncü Dünya Müharibəsinin başlanması.
Hələ 2014-cü ilin iyulunda Ukrayna baş naziri Arseni Yatsenyuk bu barədə həyəcanla danışırdı.
“Putin Üçüncü Dünya Müharibəsini istəyir. Onun son addımları bunu sübut edir. Dünya İkinci Dünya Müharibəsini unutmayıb, o isə Üçüncüsünü istəyir”.
Vüqar İsmayılov