
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyevin Modern.az-da “Siyasətçi və din” rubrikasına verdiyi müsahibə birmənalı qarşılanmadı.
Qeyd edək ki, Ə.Nağıyev müsahibəsində imam Hüseynin çoxlu səhvlərinin olduğunu vurğulayıb və şiəliyin İslam dinini parçaladığını deyib.
İlahiyyatçılar isə Ə.Nağıyevin fikirlərinə kəskin etiraz ediblər.
Professor Ə.Nağıyev Modern.az saytı ilə əlaqə saxlayaraq, ona qarşı səslənən müxalif fikirlərə cavab verib. Keçmiş nazir bildirib ki, o, müsahibəni qalmaqal yaratmaq üçün verməyib.
“Mən müsahibənin içərisində də bu fikri səsləndirmişəm. Mən qaranlıq məqamlara işıq salmaq istəmişəm. O ki qaldı müxalif fikirlərə, mənim müsahibəmin içərisində bütün sualların cavabı var. Təkcə qalır ki, mənim jurnalist dostlarım bu müsahibədəki tezislərlə müxalif müəlliflərin fikirlərini yan-yana qoyub oxuculara təqdim etsinlər. Onda hər kəs görər ki, düz haradadır, əyri harada”.
Ə. Nağıyev onu təhqir edənlərə isə belə reaksiya verib: “Bir də qaldı, o söyüş söyənlərə, onların ən yaxşı cavabı onlar səviyyəsinə enməməkdir. Hərə öz səviyyəsində danışa bilər. Bir daha təsdiq edirəm ki, müsahibəmdəki bütün fikirlərimə məsuliyyət daşıyıram. Və bildirərəm ki, orada bir kəlmə də təhqirə yol verməmişəm. Tolerantlıq müxalif fikrə dözümlə yanaşmağı bacarmaqdır”.
Aqşin KƏRİMOV