Sənət həmişə ülvi, pak və müqəddəs olub. Sənət adamları isə ondan da yuxarı zirvələrdə…
Amma sənəti əsl sənət adamı kimi, sənətkar kimi yaşamaq lazımdır ki, tarix səni ən yüksək zirvələrdə həmişə saxlasın.
İlhamə Quliyeva sənətindən çox qalmaqalları, adam tutdurmağı, adam döydürməyi, hamını məhkəməyə verməyi, baltalamağı ilə gündəmdə qaldı. Ömrünün sonuna qədər təkəbbür, eqoizm, ifrat şöhrətpərəstlik onun simasından və dilindən düşmədi.
Sənətinə, yaşına, görünüşünə yaraşmayan iyrənc ifadələrlə, həqiqi sənətkarlara atdığı çirkin böhtanlarla, dava-dalaşlarla, ucu-bucağı görünməyən yarınmaqlarla bu dövrdə yaşayan hər kəsin yaddaşında bir İlhamə Quliyeva qaldı.
Xalqa şəhadət barmağı silkələməklə sənətkar ucalsaydı, bu gün İlhamə Quliyevanın ölümünə sevinməzdi bu qədər insan!
Yəqin ki, hamı xatırlayır: İlamə Quliyeva günəşli günü təbiətin sevinci adlandırmışdı. Nə təsadüfdür ki, bu gün İlhamə Quliyeva ölüb və göy üzünə günəş doğub. Özü də fevral ayının 25-də. Yəni, təbiət sevinirmi…?

Xanım İlhamə Quliyeva şöhrətin girdabında o qədər özünü itirmişdi ki, həqiqətdə olmayan müxtəlif titullar uydurmuşdu və özünü bu titullara sahib olduğuna inandırmışdı. O, yeddi taca, “primadonna”, “kraliça” və başqa belə rəsmi olmayan titullara sahib olduğunu bəh-bəhlə danışırdı.
Bəs İlhamə Quliyeva getdiyi yerə neçə tac apardı? Neçə titul apardı? Neçə zinət əşyası apara bildi? Əlbəttə, bunların heç birini aparmağı hamı kimi, o da bacarmadı. Barı bir zərrə xalq sevgisi aparaydı özüylə…
Yasda, matəmdə “Zəminxarə” dinləyir bizim məmləkətin adamları. Şadlıqda, büsatda isə “Vağzalı” ilə başlayır, “Vağzalı” ilə bitirir sevincini. Bu gün əksəriyyət özünün ən böyük hüznünə “Zəminxarə” ilə təsəlli verdiyi halda, İlhamə Quliyevanı “Vağzalı” sevinci ilə yola salır..
Bütün mənfi və müsbət keyfiyyətləri ilə İlhamə Quliyevanın şəxsiyyəti zaman-zaman tamam unudulacaq, amma oxuduğu bəzi əsərlər tarixdə əbədiyyən qalacaq! Bağışlayaq sənətkarı!
Nə “Zəminxarə”, nə də “Vağzalı” lazım…! Açın İlhamə Quliyevanın ifasında “Kaman”ı dinləyin:
Bax, yenə hicran,
ayrılıq necə gəldi bizdən xəbərsiz!?
Bax, yandım aman,
deyirdin ki, yaşaya bilməzsən mənsiz?! (“Kaman” mahnısından…)