Modern.az

“Dünya birliyi susduqca, ermənilər növbəti soyqırımları törədirlər” - MÜSAHİBƏ

“Dünya birliyi susduqca, ermənilər növbəti soyqırımları törədirlər” - MÜSAHİBƏ

Aktual

7 Mart 2016, 13:38

Rövşən Rzayev: “Artıq ikili standartlar siyasətinə son qoymağın və hər kəsə öz əməlinə görə qiymət verməyin vaxtıdır”

Xəbər verildiyi kimi, erməni tərəfi işğal altındakı Sərsəng su anbarından Tərtər çayına yenidən böyük həcmdə su buraxıb. Nəticədə Bərdə rayonunun Əyricə kəndində körpü uçub, kənd təsərrüfatı bitkiləri əkilmiş böyük sahələr su altında qalıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağın və ətrafdakı yeddi rayonun ərazisində suvarma qurğuları, sututarlar da qalıb ki, onlardan da ən irisi Sərsəng su anbarıdır. Artıq neçə illərdir ki, erməni tərəfi bu su anbarından Azərbaycana qarşı şantaj aləti kimi istifadə edirlər. Qışda və yazqabağı dövrdə su anbarından buraxılan su Azərbaycanın aran rayonlarında sel və daşqınlara səbəb olur, suya tələbatın xüsusilə artdığı yay aylarında isə suyun qabağı kəsilir.

Azərbaycan tərəfi bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda qaldırıb. Bu yaxınlarda AŞPA qətnamə qəbul edərək, erməni tərəfini su resurslarından təzyiq vasitəsi kimi istifadə olunmasını dayandırmağa çağırıb. Ancaq nə fayda... Ermənilər beynəlxalq qurumların məcburi xarakter daşımalı olan qərarlarına hələ də məhəl qoymurlar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev bizimlə söhbətində yaranmış vəziyyəti şərh edib.

- Uzun illər ərzində beynəlxalq təşkilatlar Ermənistanı Azərbaycana qarşı işğala son qoymağa çağıran sənədlər qəbul ediblər. AŞPA-nın Sərsəng su anbarı ilə bağlı son qətnaməsi də bunun təsdiqidir. Amma heç nə dəyişmir...

- Siz düz vurğulayırsınız ki, beynəlxalq təşkilatlar tərəfindən təcavüzkara çağırışlar edildiyi, onun hərəkətlərinin pislənildiyi çoxsaylı sənədlər qəbul olunub, lakin təəssüf ki, erməni tərəfini həmin sənədlərdəki maddələrin yerinə yetirilməsinə məcbur edən yoxdur. Başlıca məsələ təcavüzkarı işğal siyasətindən əl çəkməyə məcbur etməkdir. Təəssüf ki, beynəlxalq təşkilatlar özlərinin qəbul etdikləri sənədlərə əməl olunması məsələsinə lazımi diqqət yetirmirlər və bu, təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid deyildir.

Ermənistan Azərbaycan ərazilərinin 20 faizini: Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal edib, bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoyub, özünü təcavüzkar kimi aparır. Beynəlxalq birliyin fəaliyyəti bu təcavüzə adekvat olmalıdır. 20 ildən artıqdır ki, işğal olunmuş ərazilərdə aparıla biləcək hər şey daşınıb aparılıb, dağıdıla bilcək hər şey məhv edilib. Üstəgəl, bu ölkə neçə illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirir.

Ekoloji təcavüz Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir və Sərsəng su anbarı problemi texnogen xarakterli ən qorxulu təhlükələrdən biridir. O, 1976-cı ildə keçmiş Ağdərə rayonunun ərazisində tikilib və tutumuna görə (560 mln kubmetr) respublikada dördüncü, Dağlıq Qarabağ regionunda isə ən iri  su anbarıdır.  Vaxtilə bu su anbarından ətraf rayonların yüz min hektarlarla kənd təsərrüfatı əkinləri suvarılardı. Azərbaycanlı mütəxəssislər tərəfindən burada müntəzəm olaraq profilaktiki təmir işləri və ətraf mühitin monitorinqi aparılardı.

Erməni silahlıları 1993-cü ildə o yerləri işğal etdikdən sonra həmin iri irriqasiya qurğusu faktiki olaraq baxımsız qalıb. Bu azmış kimi, erməni tərəfi su anbarından ekoloji terror aləti kimi istifadə edir, köhnəlmiş bəndin möhkəmləndirilməsi üçün heç bir tədbir görmür. 23 ildir vəziyyət belədir və nəzərə alsaq ki, su anbarı 40 il əvvəl tikilib, onda texnogen təhlükənin nə qədər gerçək olduğunu təsəvvür emək çətin deyildir.

- Bütün bu məqamlar AŞPA-nın qətnaməsinə öz əksini tapıbmı?

- Əlbəttə. 26 yanvar 2016-cı ildə qəbul edilmiş  “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamədə bu barədə dəqiq yazılıb. Sənəddə deyilir:  “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər”.

Sənəddə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün humanitar və ekoloji problemlər yaradır. Humanitar problemlə əlaqədar olaraq, AŞPA  müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılmasını tələb edir.

Qətnamənin qəbul edilməsi  - Qarabağ problemləri  və Ermənistanın Azərbaycana təcavüzü barədə həqiqətlərin dünya birliyinə çatdırılması sahəsində çox mühüm addımdır. Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyəti  bunun üçün iki ilə yaxın müddətdə xeyli iş görüb. 2014-cü ildə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf Komitəsində, erməni tərəfinin etirazlarına baxmayaraq,  “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi”  qətnaməsinin layihəsi üzrə məruzəçi təyin olunub.

Məruzənin hazırlanması  Bosniya və Herseqovinadan olan deputat xanım Militsa Markoviçə həvalə olunub və qeyd etməliyəm ki, erməni tərəfinin maneələr yaratmasına, Yerevana  getməyə  və hətta su anbarının olduğu əraziyə baş çəkməyə imkan verilməməsinə baxmayaraq, o öz missiyasını vicdanla və dürüstlüklə yerinə yetirib.

Bu qətnamənin qəbul edilməsinin başlıca yekunu odur ki, AŞPA  Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu, bu regionu və ətraf rayonları Ermənistanın işğal etdiyini  və öz qoşunlarını oradan çıxarmalı olduğunu bir daha təsdiq edib. Aydındır ki, Sərsəng su anbarı problemi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranıb və Azərbaycanın düzən Qarabağ  bölgəsində yaşayan əhalisi üçün humanitar və ekoloji fəlakətə səbəb ola bilər.

- Qətnamənin maddələrini, heç olmasa, hidroloqlara yerində monitorinq aparmaq imkanının yaradılması barədə tələbi yerinə yetirmək üçün nə etmək lazımdır?

- AŞPA-nın qərarı var və o məcburi xarakter daşımalıdır. Qətnamənin bütün maddələri yerinə yetirilməlidir. Bəli, biz şikayətlənə bilərik ki, AŞPA-nın məcburetmə aləti, qətnamələrinin yerinə yetirilməsinin təsirli bir mexanizmi yoxdur, ancaq bu təşkilat onun qərarlarına məhəl qoymayan dövlətə qarşı sanksiyalar tətbiq edə bilər. Beynəlxalq təşkilatlar, nəhayət, təcavüzkarın hərəkətlərinə göz yummaqdan əl çəkməli, hər şeyi öz adı ilə çağırmalıdır.

Ermənistanın Azərbaycana qarşı işğalçılığını və təcavüzün digər nəticələrini kənara qoysaq, BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında 1992-ci il Konvensiyasını erməni tərəfinin kobud şəkildə pozması göz qabağındadır. Konvensiyada deyilir ki, su insanların həyatı üçün mühüm və zəruridir, həyat mənbəyi  və hər bir dövlət üçün mühüm strateji resursdur, maneəsiz su əldə edilməsi məhdudlaşdırıla bilməz, qəsdən süni ekoloji böhran yaradılmasına ekoloji fəlakət zonası yaratmaq məqsədi güdən düşmənçilik hərəkəti kimi baxılmalıdır.

Bölgədə hər hansı texnogen fəlakət su bəndinin zədələnməsinə gətirib çıxara bilər ki, bu da su anbarından aşağıda 400 min nəfərə yaxın əhalinin yaşadığı geniş ərazidə ekoloji və humanitar fəlakət deməkdir.

Bu, təkcə Azərbaycana qarşı hidroloji təhlükə deyil, həm də təbiətə, regiondakı bioloji müxtəlifliyə qarşı faktiki ekoloji soyqırımıdır. Sərsəng su anbarında hər hansı fəlakətin baş verməsi minlərlə insanın tələf olmasına, aşağıda yerləşən rayonların ərazisinin bütün tarixi və mədəni abidələri ilə birgə məhvinə gətirib çıxaracaqdır.

AŞPA-nın qətnaməsinə bu fəlakətin qarşısının alınması üçün konkret tədbirlər daxil edilib. Söhbət beynəlxalq müşahidənin həyata keçirilməsindən,  Sərsəng bəndinin vəziyyətinə nəzarətdən, payızda və qışda su verilməsi cədvəlindən gedir.  Azərbaycan tərəfi su anbarında müstəqil  beynəlxalq texniki ekspertizanın aparılması məsələsini dəfələrlə qaldırıb. İşğal altındakı  Sərsəng və digər su anbarlarının texniki təchizatının və istismarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı ilə beynəlxalq nəzarətə  verilməsi təxirəsalınmaz tədbirlərdən biri  olardı.

Bütövlükdə bu, yetərincə geniş problemdir, söhbət bütün regionun ekoloji sisteminə təhlükədən gedir. Tərtər, Xaçınçay, Qarqar, Həkəri, Köndələnçay və digər çayların mənbələri Ermənistanın işğal etdiyi ərazilərdə yerləşir və Azərbaycan bu su resurslarına lazımınca nəzarət edə, bu və ya digər təhlükəsizlik tədbirləri həyata keçirə bilmir. Su resursları ilə bağlı erməni tərəfinin bütün destruktiv addımları, ilk növbədə, cəbhəyanı zonadan kənarda yaşayan mülki əhalinin əleyhinə yönəlib.

Bütün bu məsələlər üzrə artıq hər cür beynəlxalq-hüquqi normalar qəbul edilib, qətnamə var və yalnız o qalıb ki, beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə adekvat qiymət versinlər.  Artıq ikili standartlar siyasətinə son qoymağın və hər kəsə öz əməlinə görə qiymət verməyin vaxtıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı