Modern.az

Azərbaycan və Ukrayna birgə silah hazırlayır 

Azərbaycan və Ukrayna birgə silah hazırlayır 

Analitika

Bu gün, 15:10

Azərbaycan, Türkiyə və Ukrayna arasında müdafiə sənayesi sahəsində mümkün üçtərəfli əməkdaşlıq son günlər beynəlxalq gündəmdə diqqət çəkən mövzulardan birinə çevrilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin bu istiqamətdə verdiyi mesajlar əməkdaşlığın hansı sahələri əhatə edə biləcəyi, tərəflərin bir-birini tamamlayan imkanları və bunun regional təhlükəsizlik arxitekturasına mümkün təsirləri ilə bağlı müzakirələri intensivləşdirib. Ekspertlərin fikrincə, söhbət təkcə silah istehsalından deyil, müasir müharibələrin diktə etdiyi texnologiyaların, döyüş təcrübəsinin və müdafiə sənayesi potensialının birləşdirilməsindən gedir.

Modern.az-a açıqlamasında ukraynalı politoloq Stanislav Jelixovski bildirib ki, Prezident Volodimir Zelenskinin səsləndirdiyi fikir, böyük ehtimalla, konkret bir iri müdafiə layihəsinə deyil, Ukrayna, Türkiyə və Azərbaycanın üstünlüklərinin bir-birini tamamladığı əməkdaşlıq istiqamətlərinə işarə edir:

“Ukrayna müharibə şəraitində pilotsuz uçuş aparatlarının tətbiqi, elektron müharibə, antidron texnologiyaları və döyüş meydanında sürətli innovasiyalar sahəsində unikal təcrübə qazanıb. Türkiyə isə pilotsuz sistemlərin, yüksək dəqiqlikli silahların və müasir müdafiə texnologiyalarının istehsalında dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan isə həm müasir münaqişələrdən əldə etdiyi zəngin əməliyyat təcrübəsinə malikdir, həm də müdafiə sənayesinin inkişafına ardıcıl şəkildə investisiya yatırır. Bu baxımdan əməkdaşlıq üçün ən perspektivli istiqamətlər pilotsuz uçuş aparatlarının, elektron müharibə sistemlərinin və döyüş sursatlarının birgə istehsalı, zirehli texnikanın modernləşdirilməsi, döyüş meydanının rəqəmsallaşdırılması, eləcə də kritik infrastrukturun mühafizəsi ola bilər. Eyni zamanda, müasir yüksək intensivlikli müharibələrdən əldə olunan təcrübənin və hərbi texnologiyaların qarşılıqlı mübadiləsi də xüsusi əhəmiyyət daşıyır".

Stanislav Jelixovskinin fikrincə, belə əməkdaşlıq strateji baxımdan hər üç ölkənin müdafiə imkanlarını gücləndirməklə yanaşı, onların xarici silah və texnologiya təchizatçılarından asılılığını da azaldacaq:

“Bu proses həm Qara dəniz hövzəsində, həm də Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər. Çünki hazırda bu iki regionun təhlükəsizlik mühiti bir-biri ilə getdikcə daha sıx əlaqələnir. Yaxın gələcəkdə səs-küylü siyasi bəyanatlardan daha çox praktik layihələrin həyata keçirilməsinin şahidi olmaq mümkündür. Birgə istehsal proqramları, texnologiya transferi, sənaye tərəfdaşlıqları, hərbi texnikanın texniki xidməti və modernləşdirilməsi, həmçinin hərbi hazırlıq və müdafiə innovasiyaları sahəsində əməkdaşlıq qısa müddətdə real nəticələr verə biləcək istiqamətlərdir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə qeyd edib ki, Azərbaycan və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın əsası Rusiyanın genişmiqyaslı işğalından əvvəl qoyulub və bu əlaqələr 44 günlük Vətən müharibəsindən sonra daha da intensivləşib:

“Qarabağ müharibəsi başa çatdıqdan sonra Ukrayna Müdafiə Nazirliyinin və müdafiə sənayesi sahəsində çalışan mütəxəssislər Azərbaycana səfər edərək ölkəmizin müasir müharibə təcrübəsini, tətbiq olunan taktika və texnologiyaları yaxından öyrəniblər. Ukraynanın son illərdə pilotsuz uçuş aparatlarından geniş və effektiv istifadə etməsi, eləcə də yeni texnologiyaların sürətlə tətbiqi müəyyən mənada Azərbaycanın 2020-ci il müharibəsində əldə etdiyi təcrübədən faydalanmasının nəticəsidir. Ukrayna hazırda müharibənin beşinci ilində ballistik raketlərin hazırlanması istiqamətində də mühüm irəliləyiş əldə edib və bu barədə məlumatları gizləmirlər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana humanitar dəstəyə görə təşəkkür etməsi iki ölkə arasında əməkdaşlığın yalnız humanitar istiqamətlə məhdudlaşmadığını göstərir. Azərbaycan və Ukrayna mütəxəssisləri müdafiə sənayesi, hərbi texnologiyalar və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadiləsi aparırlar.

Ukraynalı mütəxəssislər mütəmadi olaraq Azərbaycana gələrək Müdafiə Nazirliyi, müdafiə sənayesi müəssisələri və digər aidiyyəti qurumlarla birlikdə çalışırlar. Azərbaycan tərəfi isə malik olduğu bilik və təcrübəni gizlətmədən ukraynalı tərəfdaşları ilə bölüşür. Bu tək Ukrayna üçün deyil, Azərbaycan müdafiə sənayesinə maraq göstərən hər kəs üçün belədir.Söhbət silah və ya hərbi texnika verilməsindən deyil, döyüş təcrübəsinin, taktiki yanaşmaların və texnoloji həllərin paylaşılmasından gedir. İki ölkə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, partlamamış sursatların zərərsizləşdirilməsi, yeni kəşfiyyat və zərbə sistemlərinin hazırlanması, şəxsi heyətin qorunması, eləcə də pilotsuz uçuş aparatlarının hücumlarının vaxtında aşkarlanmasına imkan verən texnologiyalar üzərində də əməkdaşlıq edir".

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi imkan daxilində Ukraynaya bütün zəruri dəstəyi göstərir:

“Ukrayna Azərbaycandakı müdafiə sənayesi potensialına xüsusi maraq göstərir. Təkcə Bakıda deyil, regionlarda yerləşən müdafiə sənayesi müəssisələri də ukraynalı mütəxəssislər tərəfindən öyrənilir və maraq doğuran istiqamətlər üzrə Azərbaycan tərəfi imkan daxilində bütün zəruri dəstəyi göstərir. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu məsələlərlə bağlı müraciət etdikdə, ən yüksək səviyyədə qəbul olunur. Hazırda Azərbaycan və Ukraynanın birgə hazırladığı bəzi silah və sursat nümunələri sınaq mərhələsindədir. Bu səbəbdən onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilmir. Bununla yanaşı, Ukraynanın istehsal etdiyi bir sıra silah sistemlərinin təkmilləşdirilməsi zamanı azərbaycanlı mütəxəssislərin tövsiyələri də nəzərə alınır”.

Ekspert hesab edir ki, Azərbaycanın müasir müharibə təcrübəsi Ukrayna üçün mühüm əhəmiyyət daşıyıb:

“Xüsusilə 2016 və 2020-ci illərdə Azərbaycan Ordusunun tətbiq etdiyi bəzi taktiki və texnoloji yanaşmalar Ukraynanın diqqətini cəlb edib. Rusiyanın dərinliklərinə zərbələr endirən bəzi pilotsuz uçuş aparatlarının tətbiq metodları, hava hücumundan müdafiə sistemlərinin aşılması, radioelektron mübarizə vasitələrinin təsirindən yayınmaq üçün süni intellekt və digər müasir həllərin istifadəsi istiqamətində də Ukrayna Azərbaycan təcrübəsindən faydalanıb.

Ukrayna SSRİ dövründən güclü hərbi-sənaye kompleksinə malik olub və müharibə dövründə bir çox müəssisələrini Avropanın dəstəyi ilə modernləşdirərək tam gücü ilə fəaliyyətə qaytara bilib. Hazırda  həmin müəssisələr üç və dörd növbəli iş rejimi ilə çalışır və geniş həcmdə hərbi məhsul istehsal edir. Ankarada keçirilən NATO Zirvə görüşü çərçivəsində Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan danışıqlarda Ukraynanın istehsal etdiyi pilotsuz uçuş aparatları və digər hərbi avadanlıqların NATO ölkələrinə ixracı məsələsi də müzakirə olunub. Artıq  bəzi ölkələr bu məhsulları almağa başlayıb və Ukrayna istehsaldan əldə etdiyi gəlirləri müdafiə sənayesinin digər istiqamətlərinin inkişafına yönəldir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi