Modern.az

“Neftin indiki qiyməti OPEK ölkələrini qane edir”

“Neftin indiki qiyməti OPEK ölkələrini qane edir”

14 Sentyabr 2009, 13:03

Dünya bazarında neftin qiymətində dəyişlik ara vermir. Qeyd edək ki, OPEK ölkələrinin Vyanada keçirilmiş 154-cü iclasında neft hasilatında dəyişiklik edilməyəcəyi ilə bağlı qərar qəbul edilib. Bununla da OPEK ölkələrində gündəlik neft hasilatı iyulda qəbul edilmiş miqdarda (gündəlik 26,29 milyon barrel) saxlanılıb. Azərbaycan neft ölkəsi olduğu üçün dünyada baş verən proseslər də ölkə ictimaiyyəti üçün maraqlıdır.

Iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, bu qərarı qəbul edilməsinin əsas səbəbi bugünkü qiymətlərin OPEK-i qane etməsidir: “Neft hasilatı ilə məşğul olan ölkələrin neftin qiymətində dəyişikliklərin olacağı ilə bağlı narahatlıqları var. Rusiya Maliyyə Nazirliyinin mütəxəssisləri qarşıdan gələn 3 il üzrə hazırladıqları büdcə proqnozlarında neftin qiymətini 54-57 dollar arasında göstəriblər. Beynəlxalq Energetika Agentliyinin hesablamalarına əsasən, qarşıdakı 3-4 il ərzində neftin qiymətində kəskin artım olmaya bilər. Agentlik bunu onunla əsaslandırır ki, bu gün neftin bareli 70 dollar civarında olsa da, bunlar real qiymətlər deyil. Rusiyalı iqtisadçılar da gələcək büdcə proqnozlarında bu agentliyin məlumatlarını əsas götürüblər. Onların fikrinə görə, bu rəqəm  indiki iqtisadi situasiya üçün adekvat deyil və dünya iqtisadi böhranı ilə bağlı artıq müəyyən ümidverici göstəricilər olsa da, böhrandan çıxma dövrünün özü də bir durğunluq mərhələsidir. Ona görə də bu müddətdə neftin qiyməti artmaya bilər. Bütün bunları nəzərə alsaq, OPEK-in qərarı gözlənilən idi”.

R.Ağayevin sözlərinə görə, neftin qiymətinin aşağı düşdüyü gündən indiyə qədər OPEK gündəlik hasilatı 3 milyon barrel azaldıb: “Gündəlik hasilat böhrana qədərki dövrdə 87 milyon barrel idisə, indi 84 milyon barreldir. Beynəlxalq Energetika Agentliyinin mütəxəssisləri bildirir ki, gündəlik hasilatın azalmasına baxmayaraq, təklif yenə tələbi üstələyir, neft hasilatı yenə də çoxdur”.

 

Kəmalə TOFİQQIZI  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi