Azərbaycan siyasətində elə şəxslər olub ki, müəyyən dövrdə siyasi proseslərin mərkəzində dayansalar da, zaman keçdikcə ictimai-siyasi gündəmdən uzaqlaşıblar. Onların bir qismi vəzifələrdən çəkilib, bir qismi partiya daxilində əvvəlki mövqeyini itirib, digərləri isə siyasi fəaliyyətini tədricən arxa plana keçirib.
Modern.az saytı “Siyasətdən gedənlər” rubrikasında bir vaxtlar Milli Məclisdə təmsil olunan, eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından sayılan professor Əli Əlirzayevdən bəhs edir.
İqtisadçı alim kimi tanınan Əli Əlirzayev vaxtilə parlamentin ən fəal deputatlarından biri olub. O, mətbuatda iqtisadi məsələlərlə bağlı ekspert kimi çıxış edir, jurnalistlərin tez-tez müraciət etdiyi şəxs kimi onların dadına çatırdı. Əli Əlirzayev iki çağırış Milli Məclisin deputatı olmaqla yanaşı, uzun illər YAP-ın rəhbər strukturlarında da təmsil olunub.
Amma sonradan siyasi karyerasında vəziyyət dəyişib. YAP-ın Siyasi Şurasından çıxarılıb, ardınca deputatlığa namizədliyi ilə bağlı yaşananlar onun partiya daxilində əvvəlki mövqeyini itirdiyini göstərib.
Nehrəmdən parlamentə

Əli Qəmbərəli oğlu Əlirzayev 1945-ci il martın 31-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Ailədə doqquz bacı-qardaş olublar.
1963-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsinə daxil olub. Tələbəlik illərində Bünyad Sərdarov adına zavodda işləyib və 1968-ci ildə ali təhsilini başa vurub.
Əlirzayev sonrakı illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
1985-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor vəzifəsində işləyib. Daha sonra Naxçıvan Dövlət Universitetində kafedra müdiri olub.
İqtisad elmləri doktoru, professor Əli Əlirzayev uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
İlk dəfə 1997-ci ildə deputat seçilib.
Əməkdar elm xadimidir. 2000-ci ildə “Uğur” mükafatına layiq göprülüb, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
YAP-ın qurucularından biri

Əli Əlirzayevin siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının yaranması ilə sıx bağlıdır.
O, YAP-ın qurucularından biri olub və uzun müddət partiyanın rəhbər strukturlarında yer alıb. Heydər Əliyevin prezidentliyi dövründə YAP Siyasi Şurasının üzvü olub.
Əlirzayev sonralar verdiyi müsahibələrdə partiyanın yaradılmasında iştirakını xüsusi vurğulayırdı.
“Mən ayaqyalın, başıaçıq Şahbuzun, Babəkin, Naxçıvanın çöllərində YAP-ı yaradırdım, kənd-kənd gedib YAP-ın kim olduğunu izah edirdim”, – deyə o, həmin illəri xatırlayırdı.
Onun sözlərinə görə, YAP-ın yaradılmasından etibarən 20 il Siyasi Şuranın üzvü olub.
Lakin sonrakı illərdə partiya daxilində vəziyyət dəyişdi.
Ziya Bünyadovun yerinə parlamentə göndərildi

Əli Əlirzayev ilk dəfə 1997-ci il mayın 27-də YAP-ın siyahısı üzrə proporsional qaydada Milli Məclisə deputat seçilib.
Həmin dövrdə parlamentin Büdcə məsələləri komissiyasının üzvü olub.
Onun parlamentə gəlişi akademik Ziya Bünyadovun qətlindən sonra baş verib. Ziya Bünyadov öldürülməsindən sonra YAP Əli Əlirzayevi parlamentə göndərib.
2000-ci il noyabrın 5-də isə Əlirzayev Naxçıvandakı 4 saylı Babək-Şahbuz seçki dairəsindən ikinci çağırış Milli Məclisə deputat seçilib.
Bu dəfə parlamentdə İqtisadi siyasət daimi komissiyası sədrinin müavini vəzifəsini tutub.
Beləliklə, iqtisadçı alim parlamentdə də əsasən iqtisadi məsələlərlə bağlı çıxışları ilə tanınıb.
Siyasi Şuradan kənarda qaldı

Əli Əlirzayevin siyasi karyerasında dönüş nöqtələrindən biri 2013-cü ildə baş verdi.
Həmin il iyunun 7-də YAP-ın V qurultayı keçirildi. Qurultayda partiyanın 90 nəfərdən ibarət yeni Siyasi Şurası formalaşdırıldı.
Uzun illər YAP-ın rəhbər strukturlarında təmsil olunan bir sıra klassik partiya üzvləri kimi Əli Əlirzayev də yeni Siyasi Şuraya daxil edilmədi.
Bu qərar onun narazılığına səbəb oldu.
Əlirzayev sonrakı müsahibələrində bunu açıq şəkildə dilə gətirirdi. Bununla belə, o, YAP-dan ayrılmaq niyyətində olmadığını bildirirdi:
“Mən ömrümün axırına qədər YAP-da qalacağam”.
Deputatlığa qayıtmaq istədi, amma...

Əlirzayevin parlamentə qayıtmaq cəhdləri də nəticəsiz qaldı.
2005-ci il parlament seçkilərində onun namizədliyi YAP tərəfindən Xətai rayonundakı 34 saylı seçki dairəsindən irəli sürülsə də, seçkinin nəticəsində Müsavat Partiyasının namizədi Nəsib Nəsibli qalib elan edildi.
2010-cu ildə Əli Əlirzayev yenidən həmin dairədən namizəd oldu. Lakin bu dəfə də YAP həmin dairədə Gülər Əhmədovanın namizədliyini dəstəklədi və nəticədə Ə.Əlirzayev parlamentə keçə bilmədi.
2015-ci ildə isə yenidən deputatlığa namizəd olmaq istəsə də, sonda bu niyyətindən vaz keçdi.
Həmin dövrdə verdiyi müsahibələrdən birində o, seçkilərlə bağlı açıq narazılığını ifadə etmişdi:
“Axırıncı dəfə artıq mənə pis təsir elədi. Ən az səs mənə verdilər. Təsəvvür edin ki, bir bina tikən “prorab”a məndən çox səs verdilər...”
Əlirzayev hesab edirdi ki, xalqın dəstəyi olacağı halda yenidən deputat seçilə bilər.
Lakin onun siyasi karyerası artıq əvvəlki mərhələsinə qayıtmadı.
YAP-ı tənqid edən YAP-çı
Maraqlıdır ki, partiya daxilində əvvəlki mövqeyini itirməsinə baxmayaraq, Əli Əlirzayev YAP-dan ayrılmadı.
Əksinə, sonrakı illərdə də partiya haqqında danışır, onun fəaliyyətinə münasibət bildirirdi.
Ə.Əlirzayevin fikrincə, ayrı-ayrı məmurların fəaliyyətinə görə partiyanın özünü günahlandırmaq düzgün deyil, problem partiyadan şəxsi məqsədləri üçün istifadə edən kadrlardadır.
Eyni zamanda, o, YAP-ın sonrakı illərdə formalaşan kadr siyasətindən narazılığını da gizlətmirdi. Onun əsas narazılıq etdiyi şəxslərdən biri hazırda YAP-da sədr müavini olan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov idi.
Siyasətdən elmə

Əli Əlirzayevin siyasi səhnədən uzaqlaşandan sonra əsas fəaliyyət istiqaməti olan elm və təhsilə qayıtdı.
Uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə çalışan professor hazırda Odlar Yurdu Universitetində Elmi Şuranın üzvü, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı kimi fəaliyyət göstərir.
Bir vaxtlar parlamentdə iqtisadi məsələlərlə bağlı çıxışları, mətbuatda ekspert kimi görünməsi ilə tanınan Əli Əlirzayev artıq gündəmdə deyil.
Onun siyasi fəaliyyətinin ən aktiv dövrü artıq geridə qalıb.
YAP-ın yaradılmasında iştirak edən, 20 il partiyanın Siyasi Şurasında təmsil olunan, iki çağırış Milli Məclisin deputatı seçilən və iqtisadi siyasət məsələlərində söz sahibi olan Əli Əlirzayev bu gün yalnız alim və pedaqoq kimi fəaliyyət göstərir.
Vaxtilə siyasi proseslərin ön sıralarında dayanan Əli Əlirzayev çoxdan siyasətdən gedənlər sırasındadır.
A.Qorxmaz