Modern.az

"Azəri-Çıraq-Günəşli" neft yatağı barədə mühüm faktlar...

"Azəri-Çıraq-Günəşli" neft yatağı barədə mühüm faktlar...

17 Sentyabr 2009, 10:30

Azərbaycan Respublikasının zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin ‎müqaviləsi»nin 15-cü ildönümü tamam olur. Müqavilənin imzalanmasından ötən dövrdə siyasi və iqtisadi vəziyyət ‎nəinki Azərbaycanda, həm də Qafqaz regionunda böyük dəyişikliklərə səbəb olub. Bu irimiqyaslı beynəlxalq saziş 15 il öncə neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünyanın 8 ölkəsini təmsil edən 12 iri şirkət arasında Bakıda Xəzər ‎dənizinin Azərbaycana aid sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə istifadə edilməsini nəzərdə tutur.

Müqavilə imzalanan zaman adı çəkilən yataqlarda 340 milyon ton neft ehtiyatının və 200 milyard kubmetrə yaxın təbii qazın mövcudluğu bildirilsə də, sonrakı geoloji tədqiqatlar nəticəsində bu göstəricinin ‎təqribən 1 milyard ton neftdən çox olduğunu təsdiq etdi. Hazırda «Əsrin müqaviləsi» üzrə hasil edilən Azərbaycan neftinin dünya ‎bazarlarına ixracı  buraxma qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-‎Novorossiysk, ‎Bakı-Supsa və illik ötürmə qabiliyyəti 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan  boru kəmərləri vasitəsilə həyata keçirilir.

“Əsrin müqaviləsi” layihəsi üzrə ‎ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başlanıb.

Modern.az bp şirkətinin məlumatlarına əsasən xəbər verir ki, 1997-ci ildə hasilatın başlandığı vaxtdan 2009-cu il avqustun sonunadək "Azəri-Çıraq-Günəşli" yatağından 166,3 milyon ton (1 milyard 230 milyon barrel) neft çıxarılıb.

Bu il sentyabrın 15-dək Ceyhan terminalından Azəri-Çıraq-Günəşli nefti ilə yüklənmiş 884 tanker yanacaq dünya bazarına yola salınıb.

1997-ci ildə hasilatın başlandığı vaxtdan 2009-cu ilin avqustun sonunadək "Azəri-Çıraq-Günəşli" yatağından 17 milyard kub metrdən çox (təxminən 604 milyard kub fut) səmt qazı çıxarılaraq Azərbaycana təhvil verilib.

2008-ci ilin sonunadək "Azəri-Çıraq-Günəşli" layihəsinə ümumilikdə 20 milyard dollardan artıq sərmayə qoyulub.

Təkcə 2008-ci ildə Azərbaycan bu layihədən təqribən 14,4 milyard dollar gəlir əldə edib. Bütövlükdə isə indiyədək "Azəri-Çıraq-Günəşli" yatağından Azərbaycan Dövlət Neft Fonduna 23 milyard dollar gəlir daxil olub.

1994-cü ildə «Əsrin neft müqaviləsi»nin bağlandığı vaxtdan 2009-cu ilin birinci yarısının sonunadək "Azəri-Çıraq-Günəşli" layihəsi yalnız Azərbaycandakı davamlı inkişaf proqramlarına 12 milyon dollardan artıq vəsait xərcləyib.

2007-ci ildə bp şirkətinin dünyadakı ən böyük 10 hasilat quyusundan 4-ü, 2008-ci ildə isə bp-nin  dünyadakı ən böyük 15 hasilat quyusundan 3-ü Azəri-Çıraq-Günəşli yatağında olub.

Sözügedən layihə çərçivəsində 1 platforma (Çıraq-1) modernləşdirilib və 6 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa olunub, Xəzərin dibində çox mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi yaradılıb.

Ümumiyyətlə indiyədək "Azəri-Çıraq-Günəşli" neft yatağında 80-dən çox quyu qazılıb.

Layihə çərçivəsində ətraf mühitin qiymətləndirilməsi ilə bağlı 38, dənizdə 41, quruda 27, sahilyang ərazidə 20 tədqiqat və monotorinq  həyata keçirilib.

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...