Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin sayı 749-a çatıb. Onlardan 575-də inventarlaşdırma işləri aparılıb, 130 abidənin inventarlaşdırılması isə hələ başa çatdırılmayıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb.
2020-ci il noyabrın 3-dən başlanan inventarlaşdırma işləri çərçivəsində 196-sı Şuşa şəhərində olmaqla, ümumilikdə 575 abidə araşdırılıb.
İnventarlaşdırma zamanı abidələrdə sahə tədqiqatları aparılıb, elektron xəritələr hazırlanıb, fotofiksasiya və dron çəkilişləri həyata keçirilib, arxiv sənədləri və digər mənbələr araşdırılıb.
Dövlət Xidmətindən qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan daha 130 abidənin inventarlaşdırılmasının başa çatdırılmamasının əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsidir.
Aparılan tədqiqatlar zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni abidə də aşkarlanaraq sənədləşdirilib. Onlardan 44-ü Nazirlər Kabinetinin 2025-ci ildə qəbul etdiyi qərarla daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan abidələrin sayı 705-dən 749-a yüksəlib.
Qalan 212 yeni aşkarlanmış abidənin də dövlət qeydiyyatına alınması istiqamətində tədbirlər görülür. Bu abidələrin dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasında mərhələli şəkildə baxılır.
İşğaldan azad edilmiş ərazilərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi də davam etdirilir. İndiyədək 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi başa çatdırılıb.
“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına uyğun olaraq, azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması üzrə fəaliyyətin təkmilləşdirilməsi və arxeoloji tədqiqatların daha geniş aparılması nəzərdə tutulur.
Modern.az-ın abidələrdən neçəsində bərpa işlərinə başlanması və 2026–2027-ci illərdə konkret hansı abidələrin bərpasının planlaşdırılması barədə sualına cavabda dəqiq say və siyahı təqdim edilməyib.
Dövlət Xidməti yalnız Xankəndi Dövlət Dram Teatrının binasında təmir-bərpa və yenidənqurma işlərinin davam etdirildiyini bildirib.