Modern.az

Deputat iki naziri tənqid etdi: Əsl şikayəti olan nazirə yaxınlaşa bilmir

Deputat iki naziri tənqid etdi: Əsl şikayəti olan nazirə yaxınlaşa bilmir

Parlament

Bu gün, 11:52

Deputat Səyyad Aran elm və təhsil naziri Emin Əmrullayevin telefon zənglərinə cavab verməməsindən və səhiyyə nazirinin bölgələrdə keçirdiyi vətəndaş qəbullarının təşkilindən narazılığını bildirib.

Modern.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında danışıb.

Səyyad Aran bildirib ki, iki aydır elm və təhsil naziri Emin Əmrullayevlə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilmir.

“İmişli rayonunun Qaradonlu kənd məktəbinin 120 illiyi olacaq. Eşitmişəm ki, oktyabrın 10-da nazir gələcək, yubileyi qeyd edəcəklər. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Yaxşı, vacib işlərin var, bəs sonra monitorda görmürsən ki, sənə zəng gəlib? Deputat zəng edibsə, bax, gör məsələ nədir”, – o deyib.

Deputat səhiyyə nazirinin rayonlarda keçirdiyi vətəndaş qəbullarının təşkilini də tənqid edib. Onun sözlərinə görə, qəbul zamanı təhlükəsizlik və təşkilati məhdudiyyətlər səbəbindən real şikayəti olan vətəndaşlar nazirə yaxınlaşa bilmirlər.

“Səhiyyə naziri rayona vətəndaş qəbuluna gedir. Bəndi-bərəni elə kəsirlər ki, ona yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, neytral çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir. Çıxanda da naziri elə aparırlar ki, insanların həqiqi şikayətləri diqqətdən kənarda qalır”, – Səyyad Aran əlavə edib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı