Modern.az

“Deputat qızı olmaq bəzi vaxtlarda mənə mane olur”

“Deputat qızı olmaq bəzi vaxtlarda mənə mane olur”

Müsahibə

30 Sentyabr 2009, 10:44

MODERN.AZ-IN SUALLARINI MİLLƏT VƏKİLİ LALƏ ABBASOVANIN QIZI NURANƏ TAHİROVA CAVABLANDIRIR

- Sizi necə tanıyaq?
- Mən Nuranə Tahirova 1990-cı il martın 1-də Bakıda anadan olmuşam. Balıqlar bürcündən, at ilindənəm. 1996-cı ildə 20 nömrəli məktəbdə 1-ci sinifə getmişəm. 2007-ci ildə həmin məktəbi bitirmişəm və Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinə daxil olmuşam. Hazırda 3-cü kursda oxuyuram. Gələcəkdə ixtisasım üzrə işləmək fikrim var.
- Ailənizin neçənci övladınısız?
- Üçüncü. Əvvəl qardaşım Ziya anadan olub, sonra bacım Səma, sonbeşik də mənəm. Onların hər ikisi Qərb Universitetini bitirib. Mən isə hələ tələbəyəm.
- İndi hansısa peşə ilə məşğul olursuz?
- İşləmirəm. Amma hərdən anamın nəşr etdirdiyi “Mir jenşina” jurnalının redaksiyasında ona bəzi işlərdə kömək edirəm.
- Orda jurnalist kimi çalışırsız?
- Yox. Operatorluq edirəm. Bir sözlə, yazıları kompüterdə yığmaq işi mənə baxır.
- Jurnalist olmaq fikriniz varmı?
- Heç vaxt. Mən müasir Azərbaycan jurnalistikasını bəyənmirəm. Sovet jurnalistikası olsaydı, bəlkə məndə də yazmağa həvəs olardı...
- Uşaqlıqda böyüyəndə kim olmağı arzulayırdınız?
- Həmişə hüquqşünas olmaq istəmişəm. Amma sonralar fikrimi dəyişdim.
- Niyə, nə üçün indi oxuduğunuz ixtisası seçdiniz?
- Belə istədim. İqtisadiyyat sahəsi mənim üçün daha çox maraq kəsb edir. Bu sahə çox inkişaf edib. Məncə ən yaxşı ixtisas iqtisadçıdır.
- Bu ixtisası seçməyinizdə ananızın rolu olub?
- Xeyr, öz istəyimlə seçmişəm.
- Ailənin sonbeşiyisiniz, sizi ərköyün böyütməyiblərki?
- Uşaqlıqda ərköyün deyildim. Ancaq indi hiss edirəm ki, ərköyünləşmişəm.
- Bu nə ilə əlaqədardı?
- Bilmirəm...
- Deputat qızı olmaq nə deməkdir?
- Mən heç fikirləşmirəm ki, anam deputatdı. O, millət vəkili olandan sonra mənim nə xasiyyətimdə, nə də fikirlərimdə dəyişlik olub. Ətrafımda olan insanlar da mənə belə deyirlər.
- Deputat qızı olmağın sizə nə kimi xeyri və zərəri dəyib?
- Bəzi vaxtlarda mane olur. Çünki insanların səmimiliyinə inanmıram. Hiss edirəm ki, bəziləri anama görə mənimlə dostluğa can atır. Bu da mənim heç xoşuma gəlmir. Ona görə də belə insanlarla rastlaşanda açıq şəkildə deyirəm ki, mənimlə “dostluğa” can atmasınlar. Deputat qızı olmağın hərdən mənə xeyri də dəyir.
-Xeyri nədir?  
- Dəyir də bəzi hallarda...
- Universitetdə sizi deputat qızı kimi tanıyırlar?
- Bəli. Müəllimlərimin bəzisi deputat qızı olduğumu bilir.
- Onlar buna görə güzəştə gedirlər?
- Bizim universitetdə hamıya güzəştə gedirlər.
- Sirrinizi deyə biləcəyiniz dostunuz varmı?
- Əslində tanışlarım çoxdur. Ancaq uşaqlıq dostum bircə nəfərdi. O, 8 ildir dostluq etdiyim Kübra adlı qızdır.
-Deputat uşaqlarından kimlərləsə əlaqəniz var?
- Jalə Əliyevanın qızı Ahu Müjganla və Elmira Axundovanın gəlini ilə tanışlıq əlaqəm var.
- Ananıza məsləhət verirsiz?
- Bəzi vaxtlar fikirlərimi bildirirəm. Anam da analiz etdikdən sonra firiklərimi qəbul edib-etmədiyini söyləyir.
- Evdəkilər üçün fərqlisiz?
- Mən düşünürəm ki, fərqliyəm.
- Hansı xüsusiyyətə görə? - Mən güzəştə gedənəm. Yəni konflikti xoşlamıram.
- Həmyaşıdlarınızdan nə ilə fərqlənirsiz?
- Məncə mən daha səmimiyəm. İndiki gənclər çox xarab olub. Yaxşılığa deyil, pisliyə doğru addımlayırlar. Amma bununla yanaşı, fəal gənclərimiz də çoxdur.
- İnsanda hansı keyfiyyətlərə üstünlük verirsiniz?
- Yalan danışmasın. Mən düzgünlüyü çox xoşlayıram.
- Deyilənə görə, bəzi deputat övladlarının cangüdəni var...
- Mən elə şeyə pis baxıram. Deputat qızı olanda nə olar?! Həm də məni elə çox tanımırlar axı...
- Saatdan tez-tez istifadə edirsiz?
- Hə lap çox. Çünki dəqiq insanam. Həm də saatı çox sevirəm.
- Mütaliə edirsiz?
- Əlbəttə. Yatmazdan əvvəl həmişə kitab oxuyuram.
- Hansı musiqi alətlərini xoşlayırsız?
- Pianinonu.
- Azərbaycan telekanallarından hansılara baxırsız?
- Daha çox “Xəzər”in axşam xəbərlərinə baxıram. Həmin proqramın aparıcısı Anar Nəcəflinin təqdimat üslubu, jestləri xoşuma gəlir.
- Yerli və xarici müğənnilərdən kimləri dinləyirsiz?
- Bizim gənc müğənnilərdən Ayaz, Nurlan Növrəsli xoşuma gəlir. Xarici müğənnilərdən isə dinlədiklərim çoxdu.
- Ananıza siyasi məsələləri analiz etməkdə köməklik göstərirsinizmi?
- Hə. Demək olar ki, xaricdə baş verən prosesləri izləyib, mütəmadi olaraq anama çatdırıram.
- Xarici ölkədə olmusuz?
- Bəli. İngiltərənin paytaxtında, Türkiyənin isə Antalya şəhərində olmuşam.
- Xarici dil bilirsiz?
- Rus və türk dillərini bilirəm.
- Əlinizdən hansı ev işləri gəlir?
- Yemək bişirməyi yaxşı bacarıram. Ən yaxşı bişirdiyim xörək supdur. Özümün də badımcan dolmasından və aşdan çox xoşum gəlir. Ancaq ev işi görməkdən heç xoşum gəlmir.
- Asudə vaxtınızda nə ilə məşğul olursuz?
- Bəzən anamın işlədiyi redaksiyada oluram, bəzən də rəfiqəmlə gəzməyə çıxıram.
- Son zamanlar gənclərimiz qərb mühitinə uyğunlaşmağa can atırlar. Buna münasibətiniz necədir?
- Təhsil tərəfdən götürəndə yaxşıdır, çünki onlar bizdən daha çox oxuyurlar. Amma əyləncə tərəfindən yanaşanda, bizim gənclər qərbdəkiləri də keçiblər.
- Milli-adət ənənələrimizə necə baxırsız?
- Yaxşı baxıram. Ancaq bəzi adətləri çıxmaq şərtilə. Misalçün, valideynin qızını zorla istəmədiyi oğlana ərə verməsi düzgün deyil.
- Siz sevib ailə həyatı  quracaqsız?
-Düzünü desəm mənim fikrimcə sevgi yoxdur. Bu, insanların bir-birinə sadəcə bağlılığıdır. Ancaq mən öz istəyimlə ailə həyatı quracam.
- Belə bir şəxs var?
- Xeyr, hələ yoxdu.
- Ananızın sizinlə bağlı ən böyük arzusu?
- Məni xoşbəxt görmək.
- Məşhur olmaq istərdiz?
- Yox, istəmirəm məşhur olum.
- Məşhurluğun nəyi pisdi ki?
- Məncə insan məşhur olanda problemi də çox olur. Elə biri mənim anam. Belə mənimçün daha rahatdır.
- Ailədə ananızın davamçısı olmaq istəyən var?
- Bacımla qardaşımı deyə bilmərəm. Ancaq mən deputat olmaq istəmirəm.
- Niyə?
- Millət vəkili olmaq çox çətin işdi. Heç vaxt istəmərəm deputat olum.
- Özünüzü 10 il sonra harda görürsünüz?
- İşgüzar-evdar xanım kimi. İstəyirəm ərə gedim, ailəm və uşaqlarım olsun.
- İnşallah.
- Çox sag olun.  


 

 


Söhbətləşdi: Günay MUSAYEVA



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...