19 May 2020, 17:55 | Ana Səhifə - Yazılar - Milli minotavr labirinti
Milli minotavr labirinti

Fazil Mustafa

Yunan düşüncə sistemində “Minotavr labirinti” deyilən bir anlayış var. Bu anlayışın digərlərindən fərqi ondadır ki, onun tətbiqi üçün real məkan da müasir Krit adasında hələ də qorunub saxlanır. Siyasət də buna bənzər bir labirint üzərindən yola çıxışdır. Bu labirintdə dalalana dirənmişlər və illərdir inadına orada gəzişməyi sürdürənlərin əslində “yola çıxmaq” deyə bir hədəfləri olmadığından özlərini bu labirintin döngələrində “yola verməklə”məşğuldurlar. Aralarından xilas yolunu tapacaq Tesey kimi qəhrəmanın çıxmasına ümid azdır, hər gün insan bədənli, öküz başlı Minotavrın qurbanına çevrilməyə bir addım daha da yaxınlaşırlar.

Mənim Milli Şuraya, AXCP-yə, “Müsavat”a və başqa digər partiyalara qarşı bir partiya rəhbəri olaraq hansısa önyarğılı düşüncəm yoxdur. Hər birinə cəmiyyətimizin çoxrəngliliyinin təzahürləri kimi baxıram. Biz işıqlı və parlaq adamlar bolluğunda yaşamayan bir millətik, ona görə də onun iqtidarında da, müxalifətində də, neytral zonasında da olan bu cür insanları qənimət olaraq görürsən və dəyərləndirirsən. Könül istərdi ki, bu neytral zonaya basdırılmış iqtidarın və müxalifətin minaları təmizlənsin və buradan boy göstərən insanların bəlli bir ideologiyadan uzaq soyuqqanlı mühakimələri ilə cəmiyyətimizin indisi və gələcəyi ilə bağlı sağlam və elmi yükü ağır olan tezislər əldə edilsin. Artıq bu neytral zonada yetişənlər nə iqtidara, nə də müxalifətə yaltaqlanmayacaqlar, hətta üstəlik xalqa da yaltaqlanmayacaqlar, düşündüklərini qərəzsiz, tərəfsiz, qorxusuz deyəcəklər və biz doğru mühakimənin yayğınlaşdığı bir mühit əldə edəcəyik. Onların da içində sağlam, realist, işıqlı ideyaların səslənişini görərsəm, heç şübhəsiz təqdirimi dərhal bildirərəm. Bütün hallarda bu barışmaz olduğu söylənən müxalifət cinahının qədim sakinlərindən biri kimi, mətbəxində hansı azuqələrin olduğunu və hansı aşbazların nə bişirməyə qadir olduğunu bildiyim halda belə, yenə də ümid edirəm ki, bu mühitdən də faydalı insanlar çıxa biləcəkdir.

Həmin cinahdakı hər hansı bir neqativ testin səbəbinin fəlsəfi izahını birbaşa Maks Vebrin mükəmməl tərifini verdiyi inanc əxlaqı ilə bağlı təzahürdə axtarmaq lazımdır. Dini cameədə də eyni durum hökm sürür. Bu inanc əxlaqı ilk baxışda əqidə və prinsip örtütyü ilə malalansa da, insan düşüncəsinin ideoloji buxovunun sökülməsinə imkan tanımır və bütün fəaliyyət prossesi hər zaman başqa bir inancda olan kimisə ifşa etmək üzərində qurulur. Hakimiyyəti ifşa etmək, onun məmurlarını ifşa etmək, ardınca öz sıralarındakı “satqınları” ifşa etmək və nəhayət tükənərək özlərini “açıb tökmək”. Milli Şura adlanan müxalifət qurumunun ictimai baxışa təqdim olunan son müzakirələri əslində özlərini “açıb tökmək” mərhələsi idi. Halbuki bununla daha doğru olanını yenə də tapa bilmədikləri üzə çıxdı. Doğru olan məhz özünü təftiş etmə yolu idi. Ənənəvi Çinli düşüncəsi çevrənin və ya başqalarının təftişindən çox, öz-özünü təftiş məsələləri ilə maraqlanır. Onlar ““Əşkiya”ya baxan xalq nədən arxamızca getsin” şikayətini etmirlər, “Biz nəyi yanlış edirik ki, xalq bizim arxamızca getmir” ifadəsi üzərində baş sındırırlar.
İnanc əxlaqının alternativi isə daha çətin tələblər qarşıya qoyur. Buna politoloji ədəbiyyatda “məsuliyyət əxlaqı” deyilir. İnanc inadı yerinə məsuliyyət ağlı önə çıxmağa başlayır. Dövlətin məsuliyyəti, millətin məsuliyyəti, şəhərin, rayonun, kəndin məsuliyyəti, ailənin məsuliyyəti və insanın məsuliyyəti bir-birini təqib edir və alınan qərarların motivasiyası sənin daşıdığın doğuracağı nəticəni öncədən görə bilmədiyin inanc deyil, məhz nəticəyə yönəlik məsuliyyət olur. İnancı sümükləşmiş bir dinçiyə yüz dəfə Qurandan ayə gətir, öz eşitdiyini əqidə olaraq gördüyündən, dəyişməyəcək. Bu xarakterdə olanlar üçün siyasət də eyni platformadır. Cəbhəçiyəm, müsvatçıyam, yapçıyam, öz yolum, öz əqidəm var, dünyanın çarxında nə dəyişim olarsa məni maraqlandırmaz, hər şey mənim durduğum inanc platformasından dəyərləndirilə bilər deyib kimsə inadına duruşunu davam etdirəcəksə, bu məsuliyytə hissindən mütləq uzaqlaşdıracaqdır. Sevdiyim və tətbiq etdiyim ifadədir bu: “Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə nədən qatılırsan”. Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının postulatları artıq burada işləməz hala gəlir.

Milli Şura deyilən qurumu ritorikasını tarixi təcrübədən anlamaq olar: Böyük Fransız İnqilabı liderlərinin gilyotin barədə çağrışları artıq ritorika çərçivəsindən çıxaraq öz başlarını kəsilməsinə doğru yönəlir. “Bütün xainlər ifşa olunmalıdır”, “bütün satqınlar linç edilməlidir”, “içimizdə elələri var ki, iqtidardakılar ondan yaxşıdır” ədəbiyyatının tanış ifadələri bir yana dursun, adamlar üstəlik eşşəyi də siyasi söhbətlərin içinə qataraq opponentinə “professor eşşək” deyə xitab edir, ardınca da mümkün ssenari gərəyi həmin professor da eşşəkliyə qarşı alergiyasını daha eşşəksəcinə ortaya qoyaraq “eşşək özünüzsünüz” cavabını verir və kənardan cəmiyyət də səssizcə bu eşşəkliyə başını bulayır. Azərbaycanda mollalaşmış müdrik Xoca Nəsrəddin də dostu ilə yoldan keçərkən dalaşan bu iki nəfərdən birindən məhz bu sözü eşidir: “eşşəyin biri!” Humanist atəşkəs ideyasına sadiq Nəsrəddin kişi yaxınlaşıb bu qəzəbli tərəfləri ayırmaq istəyəndə eşşək sözünün tuşlandığı zərərçəkmişin cavabı onu yerində durmağa məcbur edir: “eşşək özünsən!” Bir anlıq donma vəziyyətindən çıxaraq dostunan yanına geri dönən Nəsrəddin, “Onları nədən ayırmadan?” sualını eşitmək istəmədən səbəbi özü açıqlayır: “Onlar qohum çıxdılar”.

Ədəb məsələsində, müzakirə mədəniyyətsizliyi məsələsində, siyası prosesi izah məsələsində tək onlarımı qohum çıxdılar? Xeyir, onlardan da kənarda siyasət və media politoloqları üçün ayrılmış müqəddəs yerləri ziyarət edənlərin də bu qohumluğa bu və ya digər dərəcədə dəxli var. Əməlli-başlı ölkədə politikoz (politicosis; “psixoz”, “toksokoz” və b. tibbi terminlər) xəstəliyi yayılıb və bu siyasi xarakterli xəstəlikdir, özlüyündə siyasətlə birtərəfli məşğuliyyəti, politomaniyanı (politicomania) ehtiva edir. Politikoz- istənilən təzahürü siyasiləşdirməyə (incəsənət, elm, din, etika və s.), siyasətin əhəmiyyətini şişirtməyə, ondan mədəniyyətin bütün məzmununu çıxartmağa və ona insan həyatının bütün mənasını daxil etməyə meyillilikdir. Politikoz siyasətçilərin dünyanı siyasi mübarizə, sui-qəsd, ideologiya və başqa kateqoriyalar üzrə düşünən siyasətçilərin peşə xəstəliyi ola bilər.
İndi bu politikoz xəstəliyinin təzahürünü nədə görə bilərsən?

Diqqət yetirəndə görərsiniz ki, mənfi təzahürləri ilə yanaşı bu pandemiya ilə birlikdə əlverişli bir düşüncə dəyişimi fürsəti ortaya çıxmışdı. Pandemiya həm də qloballaşmadan özünə baxış tələbinə qarşı özünə qayıdışla qlobllaşmaya baxış tələbi qoydu. Özünü möhkəmlədərək qlobal dünyaya nə verəcəyin barədə düşünməyə çağırış etdi. Bizdə də hər yerdə olduğu kimi, ənənəvi ziyalı düşüncəsi, həm də siyasətçi düşüncəsi bütövlükdə daxili siyasət məsələlərinə yönəlmişdi və tamamilə sosial istiqamətdə idi. Dünya müharibəsinin toppsuz-tüfəngsiz variantı olan pandemiya hadisəsi düşüncənin beynəlxalq siyasətə yönəlməsini qaçılmaz edir, düşüncə dairəsi bəşəriyə çevrilir. Əyalət düşüncəsi, əyalət maraqları, yaxud dar partiya və ya qrup maraqları arxada qalır. Bu fürsəti də doğru dəyərləndirə bilməyənlər, əyalət düşüncəsini bəşəri düşüncə ilə əvəz edə bilməyənlər cəmiyyətə yön verməkdə də çətinlik çəkməyə başlayıblar.
Azərbaycan siyasətinin “dərin adamı” kimi tanınan birisi hələ mart ayında deyirdi ki, seçkilərlə formalaşdırılan son parlament keçid dövrü üçün nəzərdə tutulub və bir və ya iki ildən sonra öz missiyasını yerinə yetirərək istefaya gedəcək. Onun əsas missiyası isə Konstitusiyada dəyişikliklər aparmaqdır.

Ardınca isə Azərbaycan mediasının “dərin adamı” kimi tanınan digəri deyir ki, may ayında demiş ki, il yarıma parlament buraxılacaq.

Sosial şəbəkələrdə Azərbaycan hüququnun “dərin adamı” kimi tanıdılan birisi də gözləri qıyılmış vəziyyətdə Günəşə baxaraq qısa müddətdə bu parlamentin özünü buraxacağını söyləyir.
Maraqlıdır ki, adətən dərin politoloji təhlil aparanlar daha çox siyasi proseslərin inkişaf tendensiyasını dəqiq vaxt üzərindən müəyyən etmirlər. Dəqiq vaxt üzərindən təhlil aparanlara siyasi proqnozçular deyil, hava proqnozçuları deyirlər. Yəni sabah yağış yağacaq, üç ay sonra tufan olacaq, yeddi ay yarım sonra göy guruldayacaq, səkiz ay üç gün sonra günəş tutulacaq və s. Ekologiya və təbii sərvətlər nazirliyi siyasətimizin canını xilas etmək naminə bütün bu cür politoloqları nədən daha faydalı işə- proqnozotoloqluğa cəlb etməsin? Yalnız siyasi müxalifətinin özünü barışmaz hissəsi elan edənlər deyil ki politikoz xəstəliyinə tutulanlar. Guya neytral zonada olduğunu addımbaşı ifadə edən fərdlərinin də düşüncəsinin hava proqnozçusu qəlibinə uyğun gəldiyini görəndə bu cəmiyyəti bəşəriliyə necə uyğunlaşdıra biləcəyimizin sıxıntılarını daha çox hiss etmiş olursan.

Həbsxana ilə bağlı maraqlı bir lətifə ilə haşiyə çıxmaq olar. Biri həbsə düşür, yatıb-çıxmış dostlarından biri onu təlimatlandırır ki, hansısa artıq söz söyləməsə, işi yaxşı gedəcək, kimsə ona ilişməyəcək. Adam üç-dörd ay səsi çıxmadan cəzasını çəkir, qanuni oğrudan tutmuş digər nüfuzlu məhkumlara qədər kimsə ona dəyib-dolaşmır. Bir gün dəmir barmaqlıqlarla önü kəsilmiş pəncərə nəfəsliyinin qarşısında duraraq havanın buludlu olduğunu sezir və qəfildən uca səslə öz proqnozunu söyləyir ki, bəs bir azdan yağış yağacaq. Bir də görür ki, dört yerdən böyrünə bıçağı dirədilər. Və bıçağı dirəyənlər də deyirlər ki, əgər bir saata yağış yağmasa içalatını çölə tökəcəyik. Bu da artıq söz danışmanın təhlükəli fəsadı “Bir ilə parlement buraxılacaq, buraxılmayacaq” proqnozunu bir tərəfə buraxıb, bəlkə “bu koronavirusdan nə xəbər?” sualını cavablandırmağa təşviq edək bu “dərin adamlar”ı? Məsələn, Dünya Səhiyyə Təşklatı deyir ki, ilin sonuna qədər peyvənd tapılmayacaq. Bəs siz nə deyirsiniz, ey Azərbaycan müdriki, peyvəndi hansı gün, hansı saatda kəşf edəcəklər?”

Yazıq Bismark ona görə deyirdi ki, siyasətə elm kimi deyil, sənət kimi baxsanız yaxşıdır. Bu səbəbdən də Hemenevtikanın banisi Diltey də deyirdi ki, “bir-birindən daha az və ya çox görən insanlar yoxdur. Problem nəyisə düzgün və ya səhv görməkdədir”. Buna görə də fikir fəlsəfəsindən görmə fəlsəfəsinə qayıtmaq ümumbəşəri varlıq üçün yeganə qurtuluş yoludur. Görmə fəlsəfəsi sənətin də intellektlə deyil, intiusiya ilə anlaşıla biləcəyini ehtiva edir. Beyni rasional siyasət anlayışına taxılıb qalmış, bəsit intuitiv siyasət anlayışı olmayanların bu sənəti Minotavr labirinti içində çürüməyə məhkum etdiklərini gördüyündə sabahın sağlam mühakiməsi olmayan cəmiyyətini bir daha təsəvvürə gətirib vahiməyə düşürsən.

Böyük rus filosofu Berdyayev “Rusiyanın taleyi” əsərində yazırdı ki, “siyasətdə zahiri əxlaqlılıq yersiz və dözülməzdir. Siyasətin arxasında insanın mənəvi enerjisi dayanmalıdır. Məcaraçılıq prinsipi ilə qarışmış siyasətdə əxlaqçılar və radikallarda çox vaxt şəxsiyyətin əxlaqi bütövlüyü çatmır. Bu həm də cəmiyyətin xaos və anarxiya anlarında üzə çıxır. Bizdə qurban getməyə, öz həyatını ideyaya həsr etməyə qadir ayrı-ayrı qəhrəmanlar olur, ancaq inqilabçı kütlədə əxlaqi xarakter olmur”. Bu tezisləri anoloji olaraq “Azərbaycanın taleyi” üzərindən təhlil edərkən Milli Şuranın son üzə çıxan görüntüsündə zahiri əxlaqlılığın fəsadlarını bir daha proqnozlaşdırmaq imkanı əldə etdik, əxlaqi bütövlüyü olmayan şəxslərin milli dava adlanan müqəddəsliyi küçə davası, milli şüar adlanan müqəddəs bir çağırışı küçə söyüşü səviyyəsində görə biləcəklərinin anonsunu verdilər.

Yenə də həmin Berdyayev siyasətin hüdudlarını belə təyin edir: “Siyasətdə mütləqlik mümkün deyil, nə teokratik, nə sosdem, nə də tolstoyçu anarxist mütləqlik mümkün deyil. Ancaq mütləqlik insan ruhunun başlanğıcında, insanın müqəddəs saydığı dəyərə daxili inamında mümkündür. Siyasətin özü isə həmişə konkret və nisbidir, həmişə mürəkkəbdir, həmişə mövcud zamanın və məkanın tarixi məsələləri ilə bağlıdır. Siyasətdə hər şey xüsusilə olur, ümumiyyətlə olmur. Siyasətdə hər şeyi prinsipin gücünə avtomatik təkrarlamaq olmaz. Bir tarixi anda yaxşı olan, digərində pis ola bilər”. İndi düşünün, Ötən əsrin 90-cı illərinin günümüzün başlayan 20-ci illərinin sadəcə bir fərqi var: fərqli tarixi anlardır və hər bir tarixi anın öz tələbi və öz davranış qaydaları var. İndi Milli Şuranın siyasi lunatikliyi bu fərqli tarixi anların yerlərini dəyişik salmağa davam edəcəksə, özlərinin siyasi intiharını bir yana qoyub, ardınca gələnlərin faydalı düşüncə əmsallarını sıfırlamağa və nəticədə İslam dinində olduğu kimi yobazlaşmış din kütləsinə bənzər yobazlaşmış siyasi kütlə yaratmaqla onların dini həyatımızı zəhərlədikləri kimi, bunlar da siyasi həyatımızı zəhərləməyə davam edəcəklər.

Unutmayaq ki, xalq deyilən, mexaniki formasız kütlə deyildir, xalq xarakteri, şüur və iradə intizamı olan və nə istədiyini bilən orqanizmdir. Demokratiya artıq xalq xarakterini təşkil edən, şəxsiyyəti hazırlayan, özünü milli həyatda əks etdirə bilən dəyərdir. Xalqı, onu təşkil edən şəxsiyyətləri illüziyalara bağlı yığın kimi deyil, milli həyatda əks olunan dəyər kimi hazırlamaq missiyasını bu dedi-qodu mühitinin mazoxizmindən zövq alanlar anlaya bilmədiklərini hər addımda ortaya qoyurlar. Nə yazıq ki, mövcud tarixi şərtlərə görə bizdə xalq xarakterini demokratiya dəyəri deyil, təhlükəsizlik dəyəri şəkilləndirir. Bu da müstəqilliyin ilk illərindən miras qalan torpaq itkisindən doğan təhlükəsizlik sindromundan qaynaqlanır. Biz dini ənənəmizə görə kədərin, faciənin altında qalmağı xoşbəxt bir ideologiyaya çevirən bir toplumuq, onu ayaqlarımız üçün plasdarma çevirməyə qadir olan tarixi mirasa malik deyilik. Sadəcə bu təhlükəsizliyin keyfiyyəti haqlı ya da haqsız olaraq mədənin dolu, orta və ya boş olması ilə müəyyənləşir.

Aydındır ki, “milli mənfəəti” gerçəkləşdirmə hər iqtidarın vəzifəsidir. Demokratiya rejimlərində siyasi müxalifət bu gerçəkləşdirməyə nəzarət etmək üçün qurulmuş hüquqi bir müəssisədir. Bəli, bizdə bu müəssisənin “hüquqi”liyində durum arzuolunan səviyyədə deyil, lakin tədricən hakimiyytəin “müxalifətin instutlaşdırlması” problemi üzərində addımlar atmasına mənfi reaksiya ortaya qoymaqla bu “hüquqi”liyi daha çox gecikdirməyə çalışanları anlamaq mümkün deyil.

Bu xalqı demokratiyaya hazılamaq iqtidardan daha çox müxalifətin borcu, vəzifəsi olaraq baxılmalıdır. Çünki bir çox müxalifət təmsilçilərinin xalqa inadına dirəniş xassələrini aşılaması, ona aqresivliyi təlqin etməsi hər gün xalqı daha çox uzlaşma mədəniyyətini mənimsəməkdən uzalaşdırır. Düşüncələrini paylaşmadığınız bir professoru “eşşək” olaraq təsnif etmənin ardınca cümlənin qrammatik quruluşunu anlamayan, demokratiyanın “D” hərfini izah edə bilməyən sıradan bir insan məhz bu cür leksikonda uzaq başı həmin “eşşəyin quyruğu”na qədər xırdalanmış təsnifata uyğun gələcəkdir.

Elə bu kimi səbəblərdən də Sokrat sofistləri dinləyir və onların ritorikasındakı gücü etiraf edirdi, lakin həqiqətdən uzaq şeylər danışdıqlarını görüb onlara gülməyə başlayırdı.

Minotavr labirintini hələlik bir az arxa plan tutmamız mümkündür. Hələ ki, daha yumşaq görünən və daha çox bir qismimiz üçün təhlükəli sayılan Koronavirus labirintindən millət olaraq mümkün qədər az zərərlə çıxmamız lazım. Ancaq ABŞ-ın, Çinin, Rusiyanın Minotavr obrazında bu labirintin növbəti döngəsində kimləri qurban seçəcəklərini bilmirik. Üstəlik də illərdir kiçik böyür-başımızda xırda Minotavr balaları olan ermənilərin və farsların bizim üçün hazırladıqları balaca labirintlərdə ilişib qaldığımızı da unutmadan dalandan YOLa çıxmağı birlikdə öyrənməliyik. Bunun üçün uzlaşma mədəniyyəti, dioloq mədəniyyəti oxuduğumuz və dəyər olaraq mənimsədiyimiz tək mətn olmalıdır.

 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?