Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin rəsmisi Zara Amatuni bildirib ki, hazırda təşkilatın Bakıda saxlanılan erməni cinayətkarlarla görüşməsi üçün Azərbaycan tərəfindən razılıq verilməyib. Onun sözlərinə görə, müvafiq icazə alındığı təqdirdə BQXK əməkdaşları sözügedən səfəri qısa zamanda təşkil etməyə hazırdır. Lakin BQXK-nın mandatını və neytrallığını yenidən gündəmə gətirən bu bəyanat fonunda bir aıra məqamlar gündəmə gəlir. Qırmızı Xaç Komitəsi Ermənistandan dəqiq mina xəritələrinin alınması, 3500-dən çox itkin düşmüş azərbaycanlının taleyinə işıq salınması və kütləvi məzarlıqların araşdırılması kimi təxirəsalınmaz problemlərin həllinə fokuslanmır. Digər tərəfdən, BQXK regionda fəaliyyətə başladığı 1990-cı illərdən bu yana öz məsuliyyət dairəsində baş verən qanunsuzluqlara görə də cavab verməlidir. Komitə rəhbərliyi Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanlı hərbi əsir və girovlara verilən dəhşətli işgəncələri, o cümlədən təşkilat əməkdaşlarının bu insani faciələrə niyə göz yumduğunu öz daxilində ciddi istintaq mövzusuna çevirməli və buna aydınlıq gətirməlidir.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) fəaliyyətini siyasiləşdirib və neytrallıq mandatından uzaqlaşıb:
“Qızıl Xaç Komitəsi xüsusilə Vətən müharibəsindən sonra humanitar və beynəlxalq məkanda uzun onilliklər — hətta 100 ildən artıq bir dövr ərzində — bəlli bir beynəlxalq mandat və ölkələrin milli qanunvericilik müstəvisini aşan hüquqlarla hərəkət edərək regionda müəyyən humanitar missiyaları gerçəkləşdirməyə çalışırdı. Lakin təəssüflər olsun ki, biz komitənin nəqliyyat vasitələri ilə bir sıra hallarda hərbi məqsədli fəaliyyətlərin həyata keçirilməsinə, orada müxtəlif siyasi xarakterli planların gerçəkləşdirilməsinə şahidlik etdik.
Digər tərəfdən, bilavasitə hərbi əməliyyatları və regionu təhlükədə saxlayan qüvvələr qeyd olunan statusdan, addan və müvafiq qoruyucu zirehdən faydalandılar. İllər ərzində gerçəkləşdirilən fəaliyyət daha artıq dərəcədə ermənilərin guya orada yaşamasının həm sosial, həm iqtisadi, həm də insan acıları mənzərəsini yaratmağa xidmət edən addımlar oldu. Yəni humanitar məsələlərin siyasiləşməsi fakt kimi ortada idi. Biz şahidlik etdik ki, separatçı qüvvələrin, o cümlədən Ermənistandakı faşist təmayüllü, revanşist və bir vaxtlar səhra komandiri kimi təcavüzdə, işğalda rol oynayan dairələrin təhriki ilə insanları Azərbaycanla əlaqələrdən çəkindirmək, reinteqrasiya perspektivlərinə zərbə vurmaq üçün addımlar atıldı.
Bilirsiniz ki, Ermənistan hakimiyyəti ilə həmin o müxalif cəbhə arasındakı qarşıdurmalarda həqiqət tam üzə çıxdı. Dəfələrlə Paşinyan və onun çevrəsi bəyan edirdilər ki, siz separatçılara imkan vermədiniz ki, onlar görüşlərə daha tez getsinlər. Yevlaqda, konstitusiya və beynəlxalq hüquq prinsiplərinə uyğun razılaşmalara getmək əvəzinə, fərqli müstəvidə zaman itirdilər. Xankəndidən könüllü qaydada çıxan ermənilər də məhz İrəvanda hakimiyyət uğrunda aparılan mübarizənin ssenarisinə qurban gitdilər. Bu, həqiqətən belədir”.
Komitə sədri Azərbaycanın müharibəni ən humanist prinsiplərlə apardığını xatırladıb:
“Ermənistan hakimiyyəti Azərbaycanı etnik təmizləmədə ittiham edə bilmədi. Çünki nə birgünlük antiterror əməliyyatlarında, nə də ondan əvvəl mülki insanlara qarşı qəddar və bəşəri cinayət xarakterli heç bir addım atılmayıb.
Bu yaxınlarda Ermənistan prezidenti Vahaqn Xaçaturyan xarici tədbirdə müharibə itkilərinin sayını 5 minə yaxın göstərdi və bu göstərici daxildə böyük diskussiyalar doğurdu. Məcbur qalıb mülki insanların sayı ilə bağlı statistikanı açıqlayarkən bəlli oldu ki, Azərbaycan müharibəni maksimum dərəcədə ən humanist və beynəlxalq prinsiplərlə aparıb. Belə olan şəraitdə, BQXK-nın ağır cinayətlərdə ittiham olunan və uzun onilliklər işğalın qorunub saxlanmasında rol oynayan qüvvələrə humanitar açıdan yanaşması və çağırışlar etməsi heç bir qanuna sığmır. Azərbaycan BQXK-nın fəaliyyətindən narazı qaldıqdan sonra onların missiyası başa çatdı. Ölkəmiz bu sahədə tanınan digər legitimləşdirilmiş beynəlxalq təsisatlarla əməkdaşlıq edir. Dövlət Təhlükəsizliyi Xidməti itkin düşmüş insanlarla bağlı illik beynəlxalq konfranslar keçirir, yüksək səviyyəli müzakirələr təşkil olunur. Azərbaycan bu prosesdə beynəlxalq öhdəliklərindən kənarda durmur.
Lakin indiki halda, 100 minlərlə azərbaycanlı məcburi köçkünün vəziyyətinə xitab etməkdən, BQXK-nın ana ideologiyasını və təməl prinsiplərini həyata keçirməkdən ötrü çalışmaq əvəzinə, Arayik Arutyunyanı, Bako Saakyanı beynəlxalq məkanda ‘azadlıq mübarizi’ kimi təqdim etməyə cəhdlər var. Biz bu mövqeyi və çağırışları qətiyyən qəbul edə bilmərik.
İndi tapılan kütləvi məzarlıqlar fonunda 3500-dən çox itkin düşmüş insanımızın taleyi ilə bağlı axtarışlar aparmaq, Ermənistanla birgə çalışmaq, işgəncələrin işıqlandırılması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi üçün addımlar atmaq əvəzinə, Azərbaycanı yenidən hədəfə gətirmək məxfi planlardan xəbər verir. Təəssüflər olsun ki, baş ofisi İsveçrədə yerləşən bu təşkilat mühüm beynəlxalq gizli planların bir tərkib hissəsinə çevrilib”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva isə bildirib ki, 2025-ci ilin dekabrında BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərlə fərdi görüşlər keçiriblər:
“Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, hazırda Azərbaycanda saxlanılan erməni vətəndaşlarına BQXK nümayəndələrinin yenidən baş çəkməsi ilə bağlı razılıq əldə olunmayıb. Onun sözlərinə görə, müvafiq razılıq veriləcəyi təqdirdə səfər qısa müddətdə təşkil edilə bilər. Məlumata əsasən, BQXK bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə dialoqu təşkilatın Cenevrədəki baş qərargahı səviyyəsində davam etdirir. Heç şübhəsiz, saxlanılan şəxslərin vəziyyətinə humanitar diqqət beynəlxalq humanitar hüququn mühüm elementidir. BQXK-nın mandatına da məhz saxlanma şəraitini və şəxslərlə rəftarı qiymətləndirmək, onların ailələri ilə əlaqələrinin qorunmasına yardım göstərmək daxildir. Azərbaycan özü də uzun illər ərzində bu mandat çərçivəsində BQXK nümayəndələrinin saxlanılan erməni şəxslərə baş çəkməsinə imkan yaradıb. Məsələn, 2025-ci ilin dekabrında BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərlə fərdi görüşlər keçiriblər. Daha əvvəl də oxşar səfərlər mütəmadi şəkildə baş tutub”.
Deputat söyləyib ki, məhz buna görə məsələni daha geniş humanitar kontekstdən ayırmaq düzgün olmazdı:
“Əgər BQXK regionda humanitar mandatın universallığına və tərəfsizliyinə söykənirsə, onda yalnız bu gün Azərbaycanda saxlanılan ermənilərin vəziyyətini deyil, onilliklərdir cavabsız qalan azərbaycanlı itkinlərin taleyini, kütləvi məzarlıqların yerlərinin müəyyənləşdirilməsini və keçmişdə əsirlikdə olmuş azərbaycanlılarla bağlı ortaya çıxan faktları da eyni prinsipiallıqla gündəmdə saxlamalıdır.
Onun sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran ən ağır humanitar məsələlərdən biri Birinci Qarabağ müharibəsindən itkin düşmüş minlərlə insanın taleyidir. 2026-cı ilin iyununda İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger Azərbaycanda hələ də aşkarlanmalı və tədqiq edilməli əlavə kütləvi və gizli məzarlıqların mövcud olduğunu bildirib. Həmin dövrdə yayılan məlumatda Birinci Qarabağ müharibəsi nəticəsində 4010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığı göstərilirdi. 2026-cı il avqustun 30-na olan məlumata görə isə işğaldan azad edilmiş ərazilərdə artıq 32 kütləvi məzarlıq aşkarlanıb, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn edildiyi yerlər barədə dəqiq məlumat təqdim etməsinin ilk növbədə humanitar öhdəlik olduğunu vurğulayıb. Bu faktlar fonunda məntiqli sual meydana çıxır: BQXK saxlanılan ermənilərə səfər məsələsini beynəlxalq gündəmdə fəal saxladığı kimi, itkin azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistanla dialoqda hansı konkret nəticələrə nail olub? Bu sualın qoyuluşu heç bir halda saxlanılan şəxslərin hüquqlarını ikinci plana keçirmək demək deyil. Əksinə, söhbət eyni humanitar standartın münaqişənin bütün qurbanlarına tətbiqindən gedir.
BQXK-nın özü də uzun illər itkin şəxslərlə bağlı fəaliyyət göstərdiyini bildirir. Hələ əvvəlki illərdə təşkilat Azərbaycan Dövlət Komissiyası ilə birlikdə itkinlərin ailə üzvlərindən minlərlə bioloji nümunə toplamış, gələcək identifikasiya prosesinə hazırlıq aparmışdı. Bu fəaliyyət mühüm humanitar işdir və qiymətləndirilməlidir. Lakin problem ondadır ki, DNT bazasının yaradılması məsələnin yalnız bir hissəsidir. İnsan qalıqlarının harada basdırıldığı barədə ilkin məlumat olmadan identifikasiya prosesi həddindən artıq çətin və uzunmüddətli olur. Ona görə də beynəlxalq humanitar təşkilatların missiyası təkcə texniki yardım göstərməklə yekunlaşmamalıdır. Kütləvi məzarlıqların ehtimal olunan yerləri, əsir və girovların sonrakı taleyi, saxlanma məntəqələri və dəfn yerləri barədə Ermənistanın əlində ola biləcək məlumatların təqdim edilməsinə nail olmaq üçün davamlı humanitar dialoq aparılması zəruridir”.
Sevinc Fətəliyeva qeyd edib ki, mina problemi də həmin mənzərənin ayrılmaz hissəsidir:
“Ermənistanın dəqiq və tam mina xəritələrini təqdim etməməsi Azərbaycanın azad edilmiş ərazilərində insan həyatı üçün real təhlükə olaraq qalır, eyni zamanda Böyük Qayıdış və axtarış-ekshumasiya işlərini çətinləşdirir. 2026-cı ildə dərc olunan materiallarda 2020-ci ildən sonra mina partlayışları nəticəsində 400-dən çox insanın öldüyü və ya yaralandığı bildirilirdi. Minalanmış ərazilər yalnız təhlükəsizlik və bərpa problemi deyil. Bu, birbaşa itkin şəxslərin axtarışına da təsir edir. Kütləvi məzarlıqların ola biləcəyi ərazilərin minalarla çirkləndirilməsi həmin yerlərin araşdırılmasını gecikdirir. Beləliklə, mina xəritələrinin təqdim edilməsi həm insanların həyatının qorunması, həm də minlərlə ailənin həqiqəti bilmək hüququnun təmin olunması baxımından humanitar məsələdir. Digər vacib və daha həssas məqam isə Birinci Qarabağ müharibəsi və sonrakı illərdə erməni tərəfinin nəzarətində olmuş azərbaycanlı əsir və girovlarla rəftar məsələsidir. Azərbaycanlı keçmiş əsirlərin ifadələrində işgəncə, döyülmə və qeyri-insani rəftar barədə çoxsaylı iddialar yer alıb. Məsələn, Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edildikdən sonra əsirlikdə zorakılığa məruz qaldıqlarını bildiriblər. Şahbaz Quliyev BQXK əməkdaşlarının onların sağlamlıq vəziyyətini gördüyünü, lakin bir sıra problemlərin davam etdiyini söyləyib. Dilqəm Əsgərov da saxlanıldığı dövrdə pis rəftar barədə BQXK nümayəndələrinə məlumat verdiyini qeyd edib. Bunlar keçmiş əsirlərin öz ifadələridir və məhz bu səbəbdən ayrıca institusional qiymətləndirməyə ehtiyac yaradır. Daha geniş miqyasda isə son illərdə mediada keçmiş azərbaycanlı əsirlərin və onların ailə üzvlərinin ifadələrinə əsaslanan araşdırmalar yayımlanıb. Həmin araşdırmalarda BQXK-nın Ermənistan və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərində saxlanılan 54 Azərbaycan vətəndaşını rəsmi qeydiyyata alaraq ziyarət etdiyi, onların bir qisminin sonradan əsirlikdə öldüyünün bildirildiyi qeyd olunur. Bütün bunlar BQXK üçün prinsipial bir suala çevrilir: təşkilatın əməkdaşları həmin dövrdə azərbaycanlı əsirlərin fiziki vəziyyəti, mümkün işgəncə əlamətləri və saxlanma şəraiti barədə hansı məlumatlara malik olublar və bu məlumatlara hansı formada reaksiya verilib?".
Millət vəkilinin fikrincə, burada BQXK-nın ənənəvi fəaliyyət prinsipini də nəzərə almaq lazımdır:
“Təşkilat saxlanma yerlərində apardığı monitorinqin nəticələrini, bir qayda olaraq, ictimailəşdirmir və iradlarını konfidensial şəkildə yalnız saxlayan tərəflə bölüşür. BQXK özü də bunu dəfələrlə açıqlayıb. Lakin konfidensiallıq institusional məsuliyyətin olmaması demək deyil. Əksinə, onilliklər sonra ortaya çıxan şahid ifadələri və kütləvi məzarlıqlarda aşkarlanan insan qalıqları fonunda təşkilatın öz arxivlərini və həmin dövrdəki fəaliyyətini daxili şəkildə qiymətləndirməsi etimada xidmət edə bilər. Belə bir araşdırmanın məqsədi BQXK-nı siyasi prosesin tərəfinə çevirmək olmamalıdır. Sual daha sadədir: 1990-cı illərdə azərbaycanlı əsirlərlə bağlı daxil olmuş məlumatlar kifayət qədər ciddi qiymətləndirilibmi, aşkar olunan pozuntularla bağlı bütün mümkün humanitar mexanizmlərdən istifadə olunubmu və həmin dövrün təcrübəsindən hansı nəticələr çıxarılıb? Bu sualların cavablandırılması ilk növbədə BQXK-nın öz tərəfsizliyinə olan etimadı gücləndirərdi.
"Humanitar təşkilatın nüfuzu yalnız bu gün hansı məsələni qaldırması ilə deyil, eyni zamanda keçmişdə bütün qurbanlara münasibətdə eyni həssaslığı göstərə bilməsi ilə ölçülür. Azərbaycan cəmiyyətində də məhz bu baxımdan haqlı suallar yaranır. Niyə Azərbaycanda saxlanılan ermənilərin hüquqları ilə bağlı müraciətlər operativ şəkildə beynəlxalq gündəmə çıxarıldığı halda, onilliklərdir yaxınlarının taleyindən xəbər gözləyən minlərlə azərbaycanlı ailənin həqiqəti bilmək hüququ eyni intensivliklə tələb edilmir? Niyə kütləvi məzarlıqların koordinatlarının açıqlanması və mina xəritələrinin təqdim edilməsi məsələsi beynəlxalq humanitar gündəmdə eyni səviyyədə görünmür? Burada söhbət humanitar məsələlərin qarşı-qarşıya qoyulmasından getmir. Bir məhbusun hüququ digər itkin şəxsin hüququnu ləğv etmir. Əksinə, beynəlxalq humanitar hüququn mahiyyəti ondadır ki, siyasi və milli mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərə münasibətdə eyni meyar tətbiq edilsin" - deyən deputat əlavə edib ki, əgər saxlanılan ermənilərin ailələrinin öz yaxınları haqqında məlumat almaq hüququ varsa – şübhəsiz ki, var – onda minlərlə azərbaycanlı ailənin də 30 ildən artıqdır itkin düşmüş övladının, atasının, qardaşının və ya anasının taleyini öyrənmək hüququ eyni dərəcədə fundamental humanitar hüquqdur. Məhz buna görə BQXK-nın qarşısında bu gün daha geniş bir imkan dayanır. Təşkilat Azərbaycanla saxlanılan şəxslərə başçəkmələr məsələsində dialoqu davam etdirməklə yanaşı, Ermənistan qarşısında itkin düşmüş azərbaycanlıların taleyi, ehtimal olunan kütləvi məzarlıqların koordinatları və mövcud məlumatların təqdim edilməsi məsələlərini daha prinsipial şəkildə qaldıra bilər. Eyni zamanda, BQXK-nın 1990-cı illərdə regiondakı fəaliyyətinə dair daxili retrospektiv qiymətləndirmə aparması, azərbaycanlı əsirlərin işgəncə və qeyri-insani rəftar barədə sonradan səsləndirdiyi iddiaların təşkilatın o dövrdəki məlumatları ilə müqayisə edilməsi də məqsədəuyğun olardı. Bu, revanşizm deyil, humanitar hesabatlılıq məsələsidir.
Cənubi Qafqaz yeni mərhələyə daxil olduğu bir zamanda davamlı sülh yalnız siyasi sənədlərlə deyil, keçmişin humanitar nəticələrinin aradan qaldırılması ilə də möhkəmlənə bilər. Minadan təmizlənmiş torpaqlar, müəyyən edilmiş kütləvi məzarlıqlar, ailələrinə qaytarılmış insan qalıqları və onilliklərdən sonra cavabını tapan itkin taleləri etimadın ən real göstəricilərindən ola bilər. Humanitar yanaşma isə yalnız bu halda inandırıcı görünəcək: o, seçici olmadıqda və bütün qurbanların ağrısına eyni prinsipiallıqla yanaşdıqda".