Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla sentyabrın 9-na planlaşdırılan telefon danışığını ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Merz bu qərarı Trampın Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdəki qələbəsini açıq şəkildə alqışlamasından sonra qəbul edib.
Almaniya hökumətinin nümayəndəsi telefon danışığının ləğvi ilə Trampın paylaşımı arasında əlaqənin olub-olmadığı barədə suala cavab verməyib. Bununla belə, o, kanslerin dəfələrlə “xaricdən müdaxiləyə və daxili siyasi proseslərə, o cümlədən seçkilərə dair şərhlərə” qarşı çıxış etdiyini bildirib.
Bundan əvvəl Tramp Almaniyada populist qüvvələrin hazırkı hakimiyyət tərəfindən qəbul edilən “dəhşətli miqrasiya qanunları” səbəbindən gücləndiyini deyib. O, almanların mövcud vəziyyətlə “daha barışmaq niyyətində olmadığını” bildirib.
Sentyabrın 6-da AfD Saksoniya-Anhalt parlamentinə keçirilən seçkilərdə qalib gəlib. “Reuters”in məlumatına görə, partiya mütləq çoxluq əldə etməsə də, səslərin 44 faizini toplayıb. Bu nəticə kansler Fridrix Merzin rəhbərlik etdiyi mühafizəkarlar üçün ciddi məğlubiyyət kimi qiymətləndirilib.