Modern.az

Qiyaməti yaxınlaşdıranlar

Qiyaməti yaxınlaşdıranlar

12 Oktyabr 2009, 12:46

Tanrının yaratdığı o gözəllik hər doğduğunda milyonlar ona üz tutub salavat çevirir. Bu günlərdə Amerikanın NASA-sı onu raket atəşinə tutdu. Aya atəş açdılar. Yer üzərində olan bitkilər, heyvanlar və insanlar üzərində ağılagəlməz ekspermentlər aparanlar, bu dəfə Ayı laboratoriyaya çəkdilər. Bu, Qiyamətin əlamətlərindən biri deyil ki?

Qiyamət günü - dünyanın nə vaxtsa dağılacağı haqda tarixdən üzü bəri dini kitablar, məşhur astoroloqlar, falabaxanlar bəşəriyyətə xəbərdarlıq ediblər. Bu dəhşətli sonluqla bağlı verilmiş proqnozlardakı tarixçələrin bir çoxu artıq keçmişdə qalıb. Təbii ki, reallaşmamış şəkildə. Bir çox proqnozlarsa ilini, gününü gözləyir.

Ehtiyatda olan proqnozlardan hansının gerçək olub-olmayacağını zaman göstərəcək. Amma bir həqiqət var ki, dünyada indiyədək olmuşlar, olanlar və olacaqlar, elə dünyanın dağılıb-dağılmayacağı da, onu Yaradanın iradəsi çərçivəsindədir.

Bununla belə dünyada Allahlıq iddiasında olan Fironlardan tutmuş, Onun yaratdıqlarını təkrarlamağa cəhd göstərənlər də olub, var. Dünyanı öz qanunauyğunluqlarından çıxararaq fantastik elmi kəşflərinə tabe etdirmək istəyən alimlər, bununla "insanın hər şeyə qadir olduğunu" sübut etməyə çalışırlar. Və bəşər övladı zaman-zaman belə kəşfləri qılınc-qalxanla qarşılasa da, sonradan içindəki tamah onu həmin kəşfin məhsulunu dadmağa vadar edib. Necə ki, bir zamanlar şeytan hiyləsi kimi qəbul olunan inqubator toyuqları bu gün ən qatı dindarların belə süfrəsini bəzəyir. Bundan sonra süni mayalandırma yolu ilə müxtəlif heyvanların klonları üzə çıxdı. "Görürsünüz insan hər şeyə qadirdir" məntiqi ilə silahlanmış laboratoriya əhli, bir qədər də ürəklənərək süni mayalandırma vasitəsilə uşaq dünyaya gətirilməsinə nail oldular (Bu təcrübə hazırda bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmaqdadır).

Həmçinin valideynlərdən heç birinin iştirakı olmadan insan yaratmaq iddiası da, ciddi cəhdlə reallaşdırılmağa çalışılan məsələdir.

Dünyada qloballaşma əleyhdarlarının etirazlarına baxmayaraq dünyanın harmoniyasını pozmağa yönəlmiş ekspermentlər davam edir. Bütün bunların nə ilə nəticələnəcəyi bəlli deyil. Bəlli olan odur ki, "yerlə-göylə əlləşənlər" Tanrının qəzəbinə tuş gələndə, bundan bütün yaradılış ziyan çəkəcək.

Qurunun oduna yaş yanan kimi...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi