BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlər arasında Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Grynspan önə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının 15 üzvü arasında keçirilən üçüncü qapalı qeyri-rəsmi səsvermənin nəticələrinə görə, Grynspan 9 “dəstəkləyirəm”, 5 “dəstəkləmirəm” səsi alıb, bir üzv isə mövqe bildirməyib.
Qayananın BMT-dəki səfiri Karolayn Rodriqes-Birkett isə 8 dəstək, 6 əleyhinə səs alıb, bir üzv bitərəf qalıb. Beləliklə, Grynspan cüzi fərqlə irəlidədir.
İyulda keçirilmiş ilk qeyri-rəsmi səsvermədə də Grynspan lider olmuşdu. Avqustda baş tutan ikinci turda isə Rodriqes-Birkett onu qabaqlamışdı.
Hazırda BMT baş katibi postu uğrunda səkkiz namizəd mübarizə aparır.
Qeyd edək ki, hazırkı baş katib Antonio Quterreşin ikinci beşillik səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatacaq. Yeni baş katibin müəyyənləşməsi üçün Təhlükəsizlik Şurasının beş daimi üzvünün — ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyanın razılığı mühüm rol oynayır. Daha sonra Təhlükəsizlik Şurası namizədi BMT Baş Assambleyasına təqdim edir.