Modern.az

Bir neçə il sonra kişilər 63, qadınlar 60 yaşda əmək pensiyasına çıxacaqlar

Bir neçə il sonra kişilər 63, qadınlar 60 yaşda əmək pensiyasına çıxacaqlar

16 Oktyabr 2009, 16:30

Azərbaycanda yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri dəyişdiriləcək. Bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcək. Milli Məclisin sosial siyasət komitəsinin oktyabrın 16-da keçirilmiş iclasında bu barədə məlumat verilib.
Komitənin sədri Hadi Rəcəbli deyib ki, hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda əmək pensiyalarının verilməsi qaydalarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirir. Həmin islahatların bir hissəsi də sosial qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan əlavələr və dəyişikliklər də bu qəbildəndir.
Sonra Milli Məclis Aparatı sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Seyid Hacı Mirhəşim qanuna təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat verib. O, deyib ki, qanunun 7-ci maddəsində göstərilmiş yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinin dəyişdirilməsi təklif olunur. Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012–ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdiriləcək.
Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin ediləcək.
Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev Qanuna təklif olunan dəyişikliklərə münasibət bildirib, bəzi məqamlara aydınlıq gətirib.
Müzakirələr zamanı deputatlar Qanuna təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar rəy və təkliflərini bildiriblər.
Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi