Almaniyanın Saksoniya federal əyalətində ifrat ultra-sağçı AfD ("Almaniya üçün Alternativ") partiyası sağçı ekstremist təşkilat kimi tanınıb.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Belə ki, Saksoniyada konstitusiyanın müdafiəsi üzrə dövlət idarəsi "Almaniya üçün Alternativ" partiyasının yerli qolunu sağçı ekstremist təşkilat kimi tanıyıb. İdarə bir neçə il ərzində Saksoniyadakı AfD-nin fəaliyyətini izləyib və belə nəticəyə gəlib ki, partiya şöbəsi antikonstitusion məqsədlər güdür.
"AfD-nin Saksoniya şöbəsi əsasən sağçı ekstremistlər və “Reyxsburqçular” arasında yayılmış konspirasiya nəzəriyyələri ilə bağlı antisemit baxışlardan istifadə edir", - qurum vurğulayıb.
Əvvəllər "Almaniya üçün Alternativ"in Türingiya və Saksoniya-Anhalt federal əyalətlərindəki qolları sağçı ekstremist kimi tanınıb.