Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetitis yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırdığını bildirib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə nazir Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının əvvəlində bildirib.
“Bu gün biz Xarici Əlaqələr Şurasına böyük və vacib bir gündəmlə gəlmişik. Başlayaq Ermənistanla Avropa İttifaqının münasibətləri məsələsindən. Yunanıstan Cənubi Qafqazda davam edən sülh prosesini alqışlayır. Yunanıstan dövlətinin səyləri sayəsində Ermənistan bu gün daha geniş regionda davamlı sülhə yönəlmiş mövqeyini təqdim etmək üçün Xarici Əlaqələr Şurasına dəvət olunub. Mən şəxsən Ermənistanın xarici işlər naziri ilə uzun müddət söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm və bu gün mənim hər iki ölkənin, həm Ermənistanın, həm də Azərbaycanın xarici işlər nazirləri ilə görüşmək imkanım olacaq", - o qeyd edib.