COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində dayanıqlı turizmin inkişafı, mədəni irsin qorunması, turizm sektorunda ekoloji həllərin tətbiqi və yaşıl investisiyaların təşviqi ilə bağlı tədbirlər keçirilib. Müzakirələrdə Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin turizm sektoru nümayəndələri iştirak ediblər.
Modern.az xəbər verir ki, Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyi (TGA) tərəfindən konfransın Yaşıl Zonasında təşkil olunan “Turizm və Mədəni İrs Günü” dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri, iş adamlarını və turizm sənayesinin təmsilçilərini bir araya gətirib. Beş sessiyadan ibarət proqramda 20 panelist, dörd moderator və üç əsas məruzəçi iştirak edib.
Sessiyalarda dayanıqlı turizm modelinin formalaşdırılması, turizm infrastrukturuna investisiyalar, innovativ və ekoloji həllər, mədəni irsin qorunması, qastronomiyanın turizmə töhfəsi, eləcə də beynəlxalq şirkətlərin dayanıqlılıq strategiyaları müzakirə olunub. Açılışda TGA-nın İdarə Heyətinin üzvü Ece Tonbul, BMT-nin Turizm Təşkilatının icraçı direktoru Shijun Liu və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Departamentinin rəhbəri Gözde Şahin çıxış ediblər.
Expedia, Booking.com, DERTOUR Group, Intrepid Travel və easyJet kimi beynəlxalq şirkətlərin nümayəndələri də turizm sektorunda ekoloji təcrübələrin genişləndirilməsi, dayanıqlı fəaliyyət prinsipləri və bu istiqamətdə yeni imkanlar barədə fikir mübadiləsi aparıblar.
COP31-in Mavi Zonasında, Türkiyə pavilyonunda keçirilən Turizm Tematik Günü çərçivəsində isə “Turizmdə iqlim həlləri: sıfır tullantı, elektrikləşmə, dayanıqlılıq və investisiyalar” mövzusunda panel təşkil olunub. Paneldə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, BMT-nin Turizm Təşkilatının icraçı direktoru Shijun Liu, Braziliya Turizm Nazirliyinin nümayəndəsi Augusto Lira da Rocha və Azərbaycanın Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev çıxış ediblər.
Müzakirələrdə turizm sektorunun iqlim dəyişikliyi ilə mübarizədə rolu, dövlət-özəl sektor əməkdaşlığı, sıfır tullantı siyasəti və dayanıqlı investisiyaların təşviqi məsələlərinə diqqət yetirilib.
Konfrans çərçivəsində Antalyanın mədəni irsinin beynəlxalq nümayəndə heyətlərinə tanıdılması istiqamətində də tədbirlər həyata keçirilib. Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy yenidən qurulan Antalya Arxeologiya Muzeyinin 2027-ci ildə ziyarətçilərin istifadəsinə veriləcəyini bildirib. Həmçinin nümayəndə heyətləri üçün Side şəhərində gecə muzey ziyarətləri təşkil olunub, nazirliyin tabeliyindəki muzey və arxeoloji ərazilərə ödənişsiz giriş imkanı yaradılıb.
Antalyanın beynəlxalq turizm potensialının tanıdılması məqsədilə 40-dan çox xarici turizm nümayəndəsi də şəhərə dəvət olunub. Körfəz ölkələri, Yaxın Şərq, Hindistan, Avropa və Böyük Britaniyadan gələn tur operatorları, onlayn səyahət agentlikləri, tədbir təşkilatçıları və media nümayəndələri Antalya EXPO kompleksini ziyarət edərək şəhərin beynəlxalq konqres, sərgi və irimiqyaslı tədbirlərin təşkili imkanları ilə tanış olublar.
COP31 çərçivəsində keçirilən tədbirlər dayanıqlı turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ekoloji yanaşmaların təşviqi, təcrübə mübadiləsi və Antalyanın qlobal turizm və işgüzar tədbirlər mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.