Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı və onun üç azyaşlı qızının Dubay polisi tərəfindən qaçırıldığı iddia edilir.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Vəkilin iddiasına görə, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə qəfil basqın edərək onu və qızlarını aparıblar. Zeynəbə dəstək üçün Dubaya gedən anası isə evin qapısının qıfıllandığını görüb. Həmçinin yaşlı qadının özünün də ölkədən çıxışına qadağa qoyulduğu deyilir. Hadisə ilə bağlı artıq Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət olunub və hüquqi prosedurlar başladılıb.
Bu hadisədən təxminən iki ay əvvəl Dubay məhkəməsi uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxarıb və sənəddə zərurət yaranarsa, hökmün "məcburi qaydada/zor tətbiq edilməklə" icra oluna biləcəyi vurğulanıb. Zeynəb Cavadlı isə aprel ayında sosial şəbəkədə gözyaşları içində videomüraciət yayaraq uşaqlarının zorla əlindən alınacağından ehtiyat etdiyini bildirmiş və beynəlxalq ictimaiyyətdən kömək istəmişdi. Hazırda Dubay rəsmi qurumları və şeyxin vəkilləri sükutu qoruyurlar.
Qeyd edək ki, bu, Zeynəb Cavadlının evində yaşanan ilk gərginlik deyil. Ötən il də bənzər şəkildə onun evinə basqın edilmiş, idmançı sosial şəbəkələr vasitəsilə canlı yayım açaraq uşaqları ilə birlikdə mühasirəyə alındığını, təqib və təzyiqlərə məruz qaldığını bütün dünyaya nümayiş etdirmişdi. O, uzun müddətdir ki, Dubayda faktiki olaraq ev dustağı şəraitində saxlanıldığını bəyan edirdi.
Qeyd edək ki, Zeynəb Cavadlının başına gələnlər Dubay kral ailəsindəki ilk belə hadisə. Bundan əvvəl Dubay Əmirinin keçmiş həyat yoldaşı Şahzadə Haya da bənzər təzyiqlərdən sonra uşaqlarını götürərək Böyük Britaniyaya qaçmış və sığınacaq almışdı. Əmirin qızı Şahzadə Lətifə isə ölkədən qaçmağa cəhd edərkən dənizdə yaxalanaraq zorla geri gətirilmişdi.
Töhfə Səməd