Ermənistanda "Güclü Ermənistan" blokundan deputatlığa namizəd Aşot Yeğiazaryan barəsində seçkiqabağı rüşvət vermə və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, istintaq zamanı əldə edilən faktlar Aşot Yeğiazaryanın bir qrup şəxslə əvvəlcədən əlbir olaraq 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri zamanı "Güclü Ermənistan" blokunun xeyrinə səs vermələri şərti ilə Artaşat icmasında 100-dən çox seçiciyə 100 min dramdan 500 min drama qədər məbləğdə seçkiqabağı rüşvət verdiyini göstərir.
İstintaqın versiyasına əsasən, bəzi hallarda seçicilər də digər şəxslərlə birlikdə əvvəlcədən razılaşaraq müxtəlif məbləğlərdə pul vəsaiti alıblar.
Nəzarətedici prokurorun qərarı ilə Aşot Yeğiazaryan barəsində Ermənistan Cinayət Məcəlləsinin seçkiqabağı rüşvət vermə və xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri üzrə cinayət təqibi başlanıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq Komitəsi bildirib ki, daha əvvəl aparılan araşdırmalar nəticəsində 100-dən çox seçkiqabağı rüşvət vermə və alma faktı aşkar edilib.
Qurum vurğulayıb ki, təqsirləndirilən şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılana qədər o, qanun qarşısında təqsirsiz hesab olunur.