Modern.az

İran nümayəndə heyəti məkanı tərk etdi - YENİLƏNİB1

İran nümayəndə heyəti məkanı tərk etdi - YENİLƏNİB1

Dünya

21 İyun 2026, 21:16

İranın danışıqlar aparan nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz əlaməti olaraq danışıqların keçirildiyi məkanı tərk edib.

Modern.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti Trampın son bəyanatlarından sonra bu qərarı qəbul edib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə "X" hesabında paylaşımı ilə diqqət çəkib.

Spiker ABŞ-nin təhdidlərini əhəmiyyətsiz saydıqlarını bildirib.

“Onlar özlərindən soruşmurlarmı ki, əgər təhdidlərinin nəticəsi olsaydı, bu gün düşdükləri çıxılmaz vəziyyətə gəlib çatardılarmı? Biz amerikalıların təhdidlərini ciddi hesab etmirik”, - deyə o yazıb.

Qalibaf əlavə edib ki, ABŞ rəsmiləri səsləndirdikləri bəyanatlara diqqət etməlidirlər.

“Yaxşı olar ki, açıqlamalarına nəzarət etsinlər. Silahlı qüvvələrimiz onlara başqa cür cavab verməyə hazırdır. Nə qədər danışsalar da, biz öz yolumuzla hərəkət edəcəyik”, - deyə İran parlamentinin sədri vurğulayıb.

***

19:29

ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu üzrə İsveçrədə keçirilən dördtərəfli danışıqlara fasilə verilib.

Modern.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələr 80 dəqiqədən sonra dayandırılıb.

Fasilənin nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparması ilə bağlı olduğu bildirilib.

***

16:10

Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

Modern.az xəbər verir ki, bu barədə Qətər XİN bəyanat yayıb.

"Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir", - deyə o əlavə edib.

Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi