Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində “Qərbdəki müsəlman icmaları və onların islamofobiyaya qarşı mübarizədəki rolu” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib.
Modern.az xəbər verir ki, Ərəb Dövlətləri Liqasının Mədəniyyət və Sivilizasiyalararası Dialoq Departamenti tərəfindən ICESCO-nun tərəfdaşlığı ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, din xadimləri, alimlər və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri islamofobiya, dini ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər. Konfransda Azərbaycanı Rəvan Həsənov təmsil edib. Konfransın “Müsəlmanlara nifrət nitqinə qarşı mübarizədə ən yaxşı milli, regional və beynəlxalq təcrübələr” mövzusuna həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Rəvan Həsənov bildirib ki, islamofobiya yalnız müsəlmanlara qarşı yönəlmiş ayrı-seçkilik deyil, eyni zamanda insan hüquqları, ictimai sabitlik və beynəlxalq təhlükəsizlik istiqamətində ciddi çağırışdır. Bu baxımdan islamofobiyaya qarşı mübarizə irqçilik, ksenofobiya və dini dözümsüzlüyün bütün formalarına qarşı qlobal mübarizənin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
O, Azərbaycanın bu sahədəki təcrübəsindən danışaraq vurğulayıb ki, ölkəmizdə multikulturalizm dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Konstitusiyası dinindən, etnik mənsubiyyətindən və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir, müxtəlif dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşaması üçün əlverişli mühit yaradılıb. O qeyd edib ki, Azərbaycanda multikulturalizm və dinlərarası dialoqun təşviqi, islamofobiya ilə mübarizə, gənclər arasında tolerantlıq dəyərlərinin aşılanması istiqamətində ardıcıl olaraq yerli və beynəlxalq layihələr həyata keçirilir. O, Bakıda 2023-cü ildən etibarən hər il keçirilən islamofobiyaya həsr olunmuş beynəlxalq konfransların bu sahədə qlobal dialoqun inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Çıxış zamanı Rəvan Həsənov islamofobiya ilə mübarizənin daha da gücləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb. O, nifrət nitqinin vahid beynəlxalq meyarlar əsasında müəyyənləşdirilməsinin, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsinin, təhsil sistemində dini savadlılığın və multikultural dəyərlərin təşviqinin, media və rəqəmsal platformaların məsuliyyətinin artırılmasının, həmçinin regional və beynəlxalq əməkdaşlığın institusional əsasda davam etdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, nifrətə qarşı mübarizə yalnız bir dinin və ya bir xalqın deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətidir. O, Azərbaycanın bu istiqamətdə Ərəb Dövlətləri Liqası, ICESCO, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə və islamofobiya ilə mübarizə sahəsində birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
Rəvan Həsənov konfrans çərçivəsində Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Əhməd Nəbəvi ilə görüşüb. Görüş zamanı islamofobiya, dini ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dinlərarası dialoqun təşviqi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonra Rəvan Həsənov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Xarici əlaqələr şöbəsinin əməkdaşları üçün “Azərbaycanın multikulturalizm modeli və dinlərarası dialoq təcrübəsi” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələri, dövlətin dini müxtəlifliyin qorunması və təşviqi sahəsində həyata keçirdiyi siyasət, eləcə də ölkəmizin islamofobiya ilə mübarizə və dinlərarası dialoqun inkişafı istiqamətində beynəlxalq təşəbbüsləri haqqında ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.