Modern.az

Avropa ölkələri 19 milyard avrodan çox zərərdə

Avropa ölkələri 19 milyard avrodan çox zərərdə

Dünya

7 Avqust 2026, 23:35

Bu il Avropada baş verən meşə yanğınlarının səbəb olduğu iqtisadi zərər və itkilərin 19 milyard avronu keçdiyi təxmin edilir.

Modern.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında yerləşən qlobal hava proqnozu xidməti olan “AccuWeather” tərəfindən aparılan hesablamalara görə, cari ildə Avropanın müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində 530 min hektardan çox meşə məhv olub. Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkələr arasında isə İspaniya və Fransa ön sıradadır.

İlkin hesablamalara əsasən, yanğınlar ümumilikdə 15,6-19,1 milyard avro arasında iqtisadi zərər və itkilərə səbəb olub.

İqtisadi itkilərə meşə yanğınlarının birbaşa və dolayı təsirləri, fövqəladə hallara müdaxilə xərcləri, qısamüddətli və uzunmüddətli sağlamlıq fəsadları, eləcə də gündəlik həyatda və iqtisadi fəaliyyətlərdə yaranan fasilələr daxildir.

“AccuWeather”in proqnozuna görə, həddindən artıq isti hava və quraqlıq Avropada meşə yanğınları riskini payız mövsümünə qədər yüksək səviyyədə saxlayacaq. Qərbi və Mərkəzi Avropanın böyük hissəsində meşə yanğınları təhlükəsi “son dərəcə yüksək” səviyyədə qiymətləndirilir. Fransanın bəzi bölgələri, İspaniyanın şimalı və Britaniya adalarının cənubu isə ən yüksək risk altında olan ərazilər hesab olunur. Bundan əlavə, Skandinaviyanın cənubu, İtaliya ilə Şərqi Avropanın bəzi hissələri və Balkanlarda da meşə yanğınları riski yüksək olaraq qalır.

Qeyd edək ki, 2025-ci ildə Avropada yanğınlar nəticəsində 1,08 milyon hektar meşə məhv olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Krımı BOMBALADI - Əhali təxliyə olunur!