Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət edib. O, səfər çərçivəsində sözügedən tarixi abidələrin Qafqaz Albaniyasının xristian irsindəki roluna diqqət çəkib və işğal illərində onların memarlıq autentikliyinə müdaxilə edildiyini bildirib.
Hikmət Hacıyev həmçinin Azərbaycan ərazisində yerləşən tarixi, mədəni və dini abidələrin, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin zəngin mədəni irsinin tərkib hissəsi olduğunu vurğulayıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu cür səfərlərin əhəmiyyəti, ilk növbədə, mübahisənin ekrandan və siyasi bəyanatlardan çıxarılıb abidənin özünə aparılmasındadır:
"Gəncəsər və Xudavəng kimi yüzillik tarixi olan abidələr haqqında kimin nə dediyindən daha təsirli olan onların öz divarları, kitabələri, daş işləmələri və memarlıq quruluşudur. Azərbaycan tərəfi son günlər Xudavəngdə işğal dövründə aparılmış bərpa işlərinin tarixi görünüşü dəyişdirmək məqsədi daşıdığını bildirir. Gəncəsərlə bağlı da analoji iddialar səsləndirilib. Bu iddialar artıq beynəlxalq informasiya məkanında ciddi mübahisənin predmetidir.
Ona görə də diplomatların həmin məkanlara aparılması sadəcə protokol xarakterli səfər deyil, əslində faktın yerində göstərilməsi cəhdidir. Xarici diplomat abidəni öz gözləri ilə görəndə, onun üzərindəki izləri, sonrakı müdaxilələri və qorunub qalan memarlıq elementlərini müşahidə etdikdə, məsələ artıq yalnız Azərbaycanın verdiyi açıqlamadan ibarət olmur. Bu, beynəlxalq nümayəndələrin öz müşahidələri ilə formalaşan təsəvvürə çevrilir. Əlbəttə, bir səfər bütün dünyanı avtomatik olaraq inandırmayacaq. Amma diplomatik nümayəndələrin, xarici medianın və müstəqil ekspertlərin həmin abidələrə çıxışının genişlənməsi Azərbaycanın irəli sürdüyü arqumentlərin beynəlxalq müstəvidə yoxlanılması üçün imkan yaradır".

Deputatın fikincə, burada ən vacib məsələ isə emosional ittihamlardan daha çox sənəd, kitabə, arxiv materialı və peşəkar ekspertizadır:
"Çünki mədəni irs məsələsində ən güclü cavab daşın özüdür. Əgər bir tərəf “reallıq budur” deyirsə, digər tərəf də həmin reallığın yerində görülməsindən çəkinməməlidir. Gəncəsər və Xudavəngə diplomatların səfəri məhz bu baxımdan əhəmiyyətlidir: tarixə dair mübahisənin qapalı siyasi diskursdan çıxaraq beynəlxalq ictimaiyyətin gözü qarşısında araşdırılan məsələyə çevrilməsinə şərait yaradır. Bu isə Azərbaycanın öz mövqeyini dünyaya çatdırması baxımından mühüm diplomatik imkan ola bilər".