Səudiyyə Ərəbistanının Yəməndə sürətlə irəliləyən husilərə qarşı mübarizədə İsraildən kəşfiyyat məlumatları və digər formada yardım istədiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM vasitəsilə Təl-Əvivə müraciət edib. Sorğunun strateji Bab əl-Məndəb boğazında yaranan təhlükə ilə bağlı olduğu qeyd olunur.
İsrailə müraciət barədə Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri hələlik açıqlama verməyiblər. Bununla belə, digər mənbələr Məhəmməd bin Salmanın ABŞ-dən də husilərə qarşı hərbi yardım istədiyini, Vaşinqtonun isə birbaşa müdaxilədən imtina edərək kəşfiyyat və hədəflərin müəyyənləşdirilməsi sahəsində dəstək təklif etdiyini yazıb.
Ər-Riyad husilərin Bab əl-Məndəb boğazına yaxınlaşmasının Qırmızı dənizdə gəmiçiliyin tam dayanmasına səbəb ola biləcəyindən ehtiyatlanır. İranın dəstəklədiyi qruplaşma son günlər Yəmənin qərb sahillərində mühüm əraziləri ələ keçirərək strateji boğazdakı mövqelərini gücləndirib.
Gərginlik fonunda Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinin fəaliyyəti pilotsuz uçuş aparatları ilə hücumlardan sonra dayandırılıb. Bu kəmər Hörmüz boğazından yan keçməklə neftin ölkənin şərqindən Qırmızı dəniz sahilindəki Yanbu limanına çatdırılmasını təmin edir.
Husilər eyni zamanda Səudiyyə Ərəbistanının cənubundakı Şarura hərbi bazasına çoxsaylı ballistik raket və dronlarla zərbə endirdiklərini açıqlayıblar. Qruplaşmanın sözçüsü Yəhya Səri döyüşlər davam edərsə, krallığın daxilindəki digər obyektlərin də hədəfə alınacağını bildirib. Hücum barədə məlumat husilərin iddiasıdır; Səudiyyə tərəfi bazaya dəyən zərərin miqyasını açıqlamayıb.