İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei ilə son vaxtlar görüşən ölkə rəsmiləri onun fiziki vəziyyəti, idarəçilik bacarığı və ölkənin əsas problemlərinə münasibəti barədə açıqlamalar veriblər.
Modern.az xəbər verir ki, “Tasnim” agentliyinin yaydığı məlumata görə, son günlər parlament sədri Məhəmməd Baqir Qalibaf, məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei və Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzai ilə ali rəhbər arasında keçirilən görüşlər diqqət mərkəzində olub. Bundan əvvəl prezident Məsud Pezeşkian da ali rəhbərlə iki dəfə görüşüb.
Həmin görüşlərdən sonra dövlət rəsmiləri söhbətlərin məzmunu barədə danışaraq ölkənin idarə olunması, təhlükəsizlik, iqtisadiyyat, sosial vəziyyət və məhkəmə sistemi ilə bağlı mühüm məqamlara toxunublar.
Görüşlərdə səsləndirilən tövsiyələr İran rəhbərliyinin daxili və xarici çağırışlarla mübarizə strategiyasını, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini və əhalinin sosial vəziyyətinin qorunmasını əhatə edir.
Məhəmməd Baqir Qalibaf və Qulamhüseyn Möhsüni-Ejei ali rəhbərin səhhətinin yaxşı olduğunu, yüksək enerjiyə, qətiyyətə və ölkədəki vəziyyətlə bağlı geniş məlumata malik olduğunu bildiriblər.
Görüşlərdə əsasən aşağıdakı məsələlər müzakirə olunub:
Dövlət idarəçiliyi; milli təhlükəsizlik və xarici siyasət; iqtisadi vəziyyət; sosial sabitlik;
korrupsiya ilə mübarizə.
Ali rəhbərin tövsiyələri sırasında dövlət rəsmilərinin vahid mövqedən çıxış etməsi, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının nəzərə alınması və insanların gündəlik problemlərinin həlli ön planda olub.
“Ali rəhbərin səhhəti ilə bağlı dəfələrlə verilən suallara cavab olaraq qeyd edirəm ki, o, tam sağlamdır. Görüş zamanı ən çox diqqət çəkən və təsir bağışlayan məqam onun güclü ruh yüksəkliyi, enerjisi, nikbinliyi, qətiyyəti və daxili rahatlığı idi.
Bundan əlavə, ali rəhbərin məsələlərə həm ümumi, həm də detallı səviyyədə tam bələd olması və hərtərəfli məlumatlılığı xüsusilə diqqətçəkən idi.
Atasının vəfatı kimi böyük bir itkiyə baxmayaraq, onun möhkəm ruhunu, sakitliyini və nikbinliyini görmək həqiqətən ruhlandırıcı və təsirli idi”, - İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“O, tam sağlamdır, yüksək enerjiyə və ruh yüksəkliyinə malikdir, gündəlik məsələlərə və dövrün tələblərinə hərtərəfli bələddir. Bütün məhdudiyyətlərə baxmayaraq, onun müxtəlif mövzular üzrə məlumatları təkcə bir kanaldan deyil, müxtəlif informasiya mənbələri və yolları vasitəsilə əldə etdiyi, məsələlərə geniş şəkildə bələd olduğu açıq hiss edilirdi”, - İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei bildirib.