Ermənistan parlamentində oktyabrın 29-da deputatlar arasında baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb. Parlament binasına təcili tibbi yardım maşını gəlib.
Modern.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorkyanın burnundan qan axıb, Ruben Mxitaryanın isə paltarı cırılıb.
İnsident hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. O, çıxışında “Güclü Ermənistan” blokunun rəhbəri Narek Karapetyana müraciətlə belə deyib:
“Cənab Karapetyan, bütün qohumlarınızın siyasətlə məşğul olmasında mənim günahım yoxdur. Əminiz, atanız, əmioğlunuz da siyasətlə məşğuldur. Sonuncu hətta ölkəmizdə nazirlik yaratmağa çalışıb. Mənim günahım deyil ki, o, bütün qadınların maraqlarını təmin edəcək bir nazirlik açmaq istəyib. Siz indiyədək buna görə üzr istəməmisiniz”.
Bundan sonra “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan yerindən deputata nəsə qışqırmağa başlayıb.
Çaxoyan isə ona belə cavab verib: “Başdan-ayağa özün “ara”san”.
Qarşıdurma “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyanın Taron Çaxoyanı itələməsindən sonra daha da gərginləşib. Çaxoyan buna cavab olaraq Davtyana zərbə endirib.
Bundan sonra deputatlar arasında əlbəyaxa dava başlayıb. Qarışıqlıq o həddə çatıb ki, kimin kimə zərbə endirdiyini müəyyənləşdirmək çətinləşib. Bir neçə deputat xəsarət alıb.
Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan isə müxalifət nümayəndələrinin olduğu tərəfə stul atıb.
Nəticədə parlamentin sədri Ruben Rubinyan iclasa fasilə verməyə məcbur olub. O, parlament binasının təhlükəsizlik əməkdaşlarını zala çağırıb.
Gərginlik parlamentin dəhlizində də davam edib. Tərəflər arasında nalayiq ifadələr səsləndirilib.