İran ABŞ ilə müharibənin başa çatdırılması üçün üç şərt irəli sürüb.
Modern.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzainin açıqlamalarına istinad edib.
Rzainin sözlərinə görə, Tehranın əsas şərtləri bütün cəbhələrdə müharibənin dayandırılması, bloklanmış İran aktivlərinin azad edilməsi və dəniz blokadasının aradan qaldırılmasıdır.
“Əl-Cəzirə”nin məlumatına görə, İran rəsmisi Vaşinqton üçün Tehranın şərtlərini qəbul etməyin daha məqsədəuyğun olduğunu bildirib.
Rzai ABŞ prezidentinin İranla bağlı hesablamalarının və qiymətləndirmələrinin yanlış olduğunu deyib. Onun sözlərinə görə, müharibə İsrailin baş naziri Benyamin Netanyahunun addımı ilə başlayıb.
İranlı general ABŞ ordusunun zəif tərəflərini bildiklərini və ölkəsinin hava hücumlarına qarşı əvvəlkindən daha hazırlıqlı olduğunu vurğulayıb.
Rzai bildirib ki, Vaşinqtonun anlaşma memorandumundan çıxmasından sonra ABŞ-a münasibətdə strategiyalarını dəyişmək qərarına gəliblər.
O, həmçinin İranın yaxın vaxtlarda ABŞ aviadaşıyıcısının yaxınlığında gəmiəleyhinə raket sınağı keçirdiyini açıqlayıb.
İran rəsmisi ABŞ Prezidenti Donald Trampın təhdidlərinin nəticə verməyəcəyini və ölkəsinin “həlledici müharibəyə” hazır olduğunu bildirib.