Ukrayna “Rus evi” adı ilə fəaliyyət göstərən Rusiya mədəniyyət mərkəzlərinin olduğu bütün ölkələrin hökumətlərinə rəsmi müraciət edib.
Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibi1a açıqlayıb.
Ukrayna XİN rəhbəri bildirib ki, sözügedən mərkəzlərin milli təhlükəsizlik üçün yaratdığı təhlükə tanınmalı, onların fəaliyyətinin məhdudlaşdırılması və tamamilə bağlanması istiqamətində tədbirlər görülməlidir.
Sibiqa müasir müharibənin “koqnitiv ölçüsünü” lazımi qədər qiymətləndirməməyin mümkün olmadığını vurğulayıb.
“Rusiya insanların şüuruna təsir göstərmək uğrunda qlobal mübarizə aparır. Bu məqsədlə geniş alətlər və kanallar şəbəkəsindən, o cümlədən “Rossotrudniçestvo” və “Rus evi” adlandırılan mədəniyyət mərkəzlərindən istifadə edir. Əslində, bunlar dezinformasiya, sabitliyin pozulması və casusluq vasitələri kimi fəaliyyət göstərirlər”, – deyə nazir bildirib.
O, Avropa ölkələrinin bu şəbəkəyə qarşı gördüyü tədbirlərə də diqqət çəkib. Nazir Berlində uzun illər fəaliyyət göstərən “Rus evi”nin bağlanmasını nümunə göstərib.
Ukraynanın xarici işlər naziri bildirib ki, bir sıra ölkələrdə bu mərkəzlərin bağlanmasına baxmayaraq, dezinformasiya şəbəkəsinin ən azı yeddi Avropa ölkəsində fəaliyyəti davam edir.
Onun sözlərinə görə, bu şəbəkənin fəaliyyəti Afrika, Mərkəzi və Şərqi Asiya, Asiya-Sakit okean regionu və Cənubi Amerikada daha geniş miqyas alıb.
“Bir sıra ölkələrdə onun rəsmi infrastrukturu hələ də qorunub saxlanılır. Bəzi yerlərdə isə “Rus evi” Rusiyanın diplomatik infrastrukturuna inteqrasiya olunub. Ukrayna dünyanın müxtəlif ölkələrinin hökumətlərinə rəsmi müraciət edərək bu şəbəkənin yaratdığı təhlükələri tanımağa, onun fəaliyyətinin məhdudlaşdırılmasına və belə mərkəzlərin tamamilə bağlanmasına çağırıb”, – deyə Sibiga vurğulayıb.