Modern.az

Türkiyə və ABŞ S-400 məsələsi üzərində işləyir

Türkiyə və ABŞ S-400 məsələsi üzərində işləyir

Dünya

Bu gün, 02:10

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Vaşinqtonun Rusiyadan alınan S-400 zenit-raket komplekslərinə görə Türkiyəyə tətbiq edilən ABŞ sanksiyalarının aradan qaldırılmasına imkan verə biləcək “kreativ ideyalar” üzərində işlədiyini bildirib.

Modern.az xəbər verir ki, Fidan bu barədə “NTV” telekanalına müsahibəsində danışıb.

Nazir müzakirə olunan təkliflərin məzmununu açıqlamayıb, lakin məsələ ilə bağlı müsbət addımların atılacağına ümid etdiyini bildirib.

ABŞ 2020-ci ildə Türkiyənin Rusiyadan S-400 sistemlərini almasına görə CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Vaşinqton Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından çıxarıb.

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınması NATO müttəfiqi olan Türkiyə ilə ABŞ arasında ən ciddi fikir ayrılıqlarından birinə çevrilib. ABŞ S-400 sistemlərinin istismarının Türkiyənin F-35 proqramında iştirakı ilə uyğun olmadığını və NATO-nun təhlükəsizliyi üçün risk yaratdığını bildirib.

İyul ayında Türkiyə mediasında problemin mümkün həlli variantlarından birinin Ankaranın S-400 sistemlərini Fars körfəzi ölkələrindən birinə yenidən satması ola biləcəyi barədə məlumatlar yayılmışdı. Ehtimal edilirdi ki, belə bir addım Türkiyənin ABŞ istehsalı olan F-35 qırıcılarını əldə etməsinə yol aça bilər.

Rusiya həmin vaxt Türkiyə ilə bu məsələ üzrə təmasları dəstəklədiyini açıqlamışdı.

Fidan isə “NTV”yə müsahibəsində Ankara və Vaşinqton arasında hazırda müzakirə olunan “kreativ ideyaların” S-400 sistemlərinin mümkün yenidən satışı ilə bağlı olub-olmadığını dəqiqləşdirməyib.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı