ABŞ dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Donald Trampın administrasiyasından ayrıla biləcəyi barədə Qərb mediasında yayılan ehtimalları təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Rubio administrasiyadan ayrılmağı planlaşdırdığı barədə xəbərləri rədd edib və siyasi gələcəyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Dövlət katibi nəşrə açıqlamasında Trampın prezidentlik müddətinin sonuna qədər onunla işləməyi hər zaman planlaşdırdığını bildirib. O, əksini iddia edən xəbərlərin haradan qaynaqlandığını bilmədiyini vurğulayıb.
“Gördüyüm işi sevirəm”, - deyə Rubio qeyd edib.
O, 2028-ci il prezident seçkiləri barədə bundan sonra danışmaq niyyətində olmadığını da əlavə edib.
Bundan əvvəl, cümə axşamı “The Independent” qəzeti mənbələrinə istinadən Marko Rubionun 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyini yazıb.
Mənbələrdən biri bildirib ki, seçkilərdə iştirak etmək üçün dövlət katibi vəzifəsini tərk etməlidir.
“The Independent”ə danışan mənbənin sözlərinə görə, bu səbəbdən Rubionun ABŞ administrasiyasından ayrılması tamamilə məntiqli addım olardı.